BMT-nin xüsusi məruzəçisi Maina Kiai iddia edir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü onu hədələyib.
BMT-nin Insan Haqları Şurasının sərbəst toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçisi olan Maina Kiai iyunun 16-da AzadlıqRadiosuna müsahibəsində bu haqda deyir:
“Azərbaycanın BMT-dəki daimi nümayəndə heyətinin iki üzvü dünən mənə yaxınlaşıb dedi ki, əgər bu günkü tədbirdə (iyunun 16-da Cenevrədə BMT-nin İnsan Haqları Şurasının qərargahında,29-cu sessiya çərçivəsində “Avropa Oyunlarının repressiv üzü” mövzusunda keçirilən tədbir nəzərdə tutulur - red.) onlarla müzakirə olunmamış məsələləri qaldırsam, mənim mandatım altında əməkdaşlığı bir daha nəzərdən keçirəcəklər.
Soruşdum ki, mənim nəyi deməyimi və nəyi deməməyimi istəyirlər, cavab vermədilər. Onlara bildirdim ki, bu cür davranışı hədə kimi qəbul edirəm və əməkdaşlıq belə şeylərdən asılı olmamalıdır.
Hərçənd görüş təyin etmədən gəldiklərinə baxmayaraq, mən əməkdaşlıq edərək, onlarla görüşmüşdüm”.
Maina Kiai deyir ki, nümayəndə heyətinin ondan özünüsenzura tələb etməsi yanlış və qeyri-peşəkar hərəkətdir və dövlət başa düşməlidir ki, BMT-nin müstəqilliyi alidir.
Xüsusi məruzəçi BMT İnsan Haqları Şurasının dövlətlə əməkdaşlıq etdiyini, ona hörmət etdiyini bildirib: “Əməkdaşlıq ikitərəfli olmalıdır. Amma hədədən istifadə etmək yanlışdır”.
Maina Kiai iddia edir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri daha sonra bu davranışa görə üzrxahlıq ediblər: “Mən istəyirəm onlar başa düşsünlər ki, BMT çərçivəsində bu işlər belə görülmür”.
Kiai deyib ki, Azərbaycanı BMT-də təmsil edən nümayəndə heyəti onları Avropa Oyunları ərəfəsində insan haqları məsələsini qaldırmaqla məsələni siyasiləşdirməkdə ittiham edir, o isə bununla razılaşmır:
“İnsan haqlarının müdafiəsi Avropa Oyunlarına görə dayanmamalıdır, bu müdafiə aramsız olmalıdır. İnsan haqları siyasi məsələ deyil. Bizim siyasi mövqeyimiz yoxdur. Bizim üçün önəmli olan yeganə məsələ insan haqlarının qorunmasıdır.
Amma əlbəttə ki, biz strateji davranırıq və əgər qlobal bir hadisə varsa, ondan istifadə etməyə çalışırıq, amma bu, qətiyyən siyasi deyil və tamamilə insan haqları üçündür”, - deyə Maina Kiai bildirib.
AzadlıqRadiosunun əməkdaşının “Azərbaycan beynəlxalq təşkilatların ölkədəki ofislərini bağlayır, Qərb dövlətləri və təşkilatları dövlət mediasında ciddi tənqid olunur, əgər hökumət özünütəcrid yolunu seçərsə, bu, insan haqları məsələsini nə dərəcədə çətinləşdirə bilər?” sualına cavabında deyib:
“Ölkə özünü izolyasiya edəndə insan haqları məsələsi hər kəs üçün çətinləşir. Eritreya, Şimalı Koreya, keçmiş Myanmar təcrübəsinə baxanda bunu görmək olar. Təcrid nə Azərbaycan hökuməti, nə də xalqı üçün faydalıdır.
Dünyanın qloballaşdığı və Azərbaycanın sərmayə cəlb etmək istədiyi, beynəlxalq ictimaiyyətin həlledici üzvü olmaq istədiyi dövrdə, deyərdim ki, açıq olmaq – özü də hər kəslə - Rusiya, Skandinaviya, İsveçrə ilə açıq olmaq Azərbaycanın marağındadır.
BMT-nin əsas ideyası da ideayaların, dəyərlərin, sistemlərin mübadiləsidir. Biz bir-birimizdən öyrənə bilərik, Əgər Azərbaycan qapanmağa və özünü daha çox izolə etməyə qərar versə, bu, məyusedici olacaq və nəticədə zərbəsi Azərbaycan xalqına dəyəcək. Biz İranda, keçmiş kommunist rejimlərində bunun şahidi olmuşuq.
Bu günlərdə Şərqi Berlində oldum, Şərqi Almaniya və Şərqi Berlin izolyasiyadan fayda götürməyib. O cümlədən, insan haqları kontekstində. Bəlkə də qısa müddət üçün izolyasiya faydalı ola bilər, amma uzun müddət üçün olmayacaq. Uzun müddətli perspektivdə biz bir-birimizə lazımıq, biz biznes qurumlarını, insanları, insan haqları anlayışını Yer üzünə yayılmağa həvəsləndiririk. Dünya belə yaxşılaşır”.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması iddiasını qəbul etmir, bildirir ki, Qərbin təzyiqi Azərbaycanı gözdən salmaq məqsədi daşıyır.
AzadlıqRadiosu gün ərzində hakimiyyət nümayəndələrini məsələ ilə bağlı danışdırmağa müvəffəq olmayıb.
Azərbaycanın BMT ilə münasibətləri indiyə qədər yaxşı olub: 2012-ci ilin yanvarından 2013-cü ilin dekabrına qədər Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv kimi fəaliyyət göstərib, 2012-ci ilin mayında isə Azərbaycan BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrlik edib.