Siyavuş Novruzov Emin Hüseynovun gizli yolla ölkədən çıxarıldığını iddia edir
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) rəhbəri, uzun müddət Isveçrənin Azərbaycandakı səfirliyində saxlanılan Emin Hüseynovun ölkədən çıxarılmasına münasibət bildirib.
S.Novruzov “Report”a açıqlamasında deyib ki, Emin Hüseynovu Azərbaycandan gizli yolla aparıblar və onun ölkədən bu cür çıxarılması qanunsuzluqdur.
YAP icra katibinin müavini qeyd edib ki, RATI rəhbəri Azərbaycandakı fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməlidir: “Isveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatını vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi ixtişaşlara insanların cəlb edilməsinə xərclənib. Bu şəxsin izini itirməkdən ötrü neytral bir ölkənin-Isveçrənin səfirliyində saxladılar, sonra gizli yolla ölkədən apardılar. Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, Isveçrə ona siyasi sığınacaq verə bilərdi. Amma iqtisadi cinayət törədən şəxs səfirliyin binasında saxlanılırdısa, deməli, burada maraq başqa idi”.
Qeyd edək ki, yayılan məlumatlara görə, RATI rəhbəri Emin Hüseynov bir neçə gün öncə saxlanıldığı Isveçrənin Azərbaycandakı səfirliyinin binasından çıxarılıb və o, Isveçrə xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə ölkədən aparılıb. Azərbaycanın Xarici Işlər Nazirliyi bu məlumatı təkzib etməyib. Bu da Siyavuş Novruzovun iddialarının əsassız olması ehtimallarını artırır. Bundan başqa Siyavuş Novruzovun iddiası doğrudursa, bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının səriştəsizliyini ortaya qoyur.