İslamdan imtinaya görə hamilə qadın asılacaq

16-05-2014, 15:00   
İslamdan imtinaya görə hamilə qadın asılacaq
Əhalinin tam əksəriyyəti müsəlman olan Sudanda İslamdan imtina edərək xristianlığı qəbul etdiyinə görə hamilə qadın edam cəzasına layiq bilinib.
İkinci övladına hamilə olan Məryəm Əhya İbrahim İşaq asılacaq.

Şəriət məhkəməsinin hakimi proses zamanı İşaqa deyib: "Günah və haram əməlinizin etirafına, tövbəinizə üç gün vaxt verdim. Lakin siz bu imkandan yararlanmadınız. Bu səbəbdən də edam ediləcək, asılacaqsınız".
Xartumun hakimiyyət dairələri bildiriblər ki, Məryəm Əhya İbrahim İşaqın edamı təxirə salınıb. Qadın hamilə olduğu övladını dünyaya gətirəndən və bu uşağın 2 yaşı tamam olandan sonra asılacaq.

27 yaşlı qadın edam olunandan sonra onun uşağı atasına veriləcək.
Şəriət məhkəməsinin qərarına görə, bu qadın zinaya görə 100 şallaq zərbəsi də alacaq. Məhkəmə qadının xristian kişi ilə nikahını qanunsuz sayıb.
Hakim məhkəmədə bildirib ki, bu qadının əsl ad və soyadı Ədraf Hadi Məhəmməd Abdulladır.

Hamiləliyin 9-cu ayında olan qadın isə deyib: "Mən xristianam və heç vaxt müsəlman olmamışam. Axı niyə məni İslamdan imtinada suçlayırsınız?! Müsəlman olmaya-olmaya İslamdan necə imtina edə bilərəm ki?!"

Məryəm daha sonra söyləyib ki, xristian Daniel Vani ilə nikahı tam qanunidir.
Beynəlxalq "Amnesty International" təşkilatının bəyanatına görə, bu qadının atası müsəlman, anası xristian olub: "Məryəm uşaq olanda atası onları atıb gedib və o, xristian qaydaları ilə, xristian adət-ənələri ilə böyüyüb".

2013-cü ilin avqustunda zinakarlıqda suçlanaraq həbs olunmuş Məryəm müsəlman yox, xristian olduğunu deyəndə İslamdan imtina etməkdə də suçlanmışdı.
Məhkəmə binasının qarşısında isə aksiyalar keçirilib. Təxminən 50 nəfər əllərində "Din və vicdan azadlığı tələb edirik" yazılmış şüarlar tutmuşdularsa, təxminən 200 nəfər "Allahu Əkbər!" qışqırıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar