Saatlı təhsilində saxta ezamiyyə ilə büdcə talanır - Təəssüf ki, Maliyyə Nazirliyinin yoxlaması bu fırıldaları “görməyib”

19-06-2015, 10:20   
Saatlı təhsilində saxta ezamiyyə ilə büdcə talanır - Təəssüf ki, Maliyyə Nazirliyinin yoxlaması bu fırıldaları “görməyib”
anaxeber.info - Dövlət büdcəsindən müəyyən məqsədlər üçün atyrılmış vəsaitin təyinatı üzrə xərclənməməsi maliyyə fırıldağı hesab olunur. Artıq bəzi idarə müdirləri buna bir növ vərdiş ediblər.. Təəccüblüsü də odur ki, dövlət büdcəsinin fırıldaq yolu ilə talan edilməsinin qarşısını almağa məsul olan vəzifə sahibləri buna hələ də göz yumurlar. Görünür maliyyə fırıldaqlarına əl atan idarə müdirləri dövlət büdcəsindən oğurladıqları vəsaitləri tək mənimsəmirlər. Belə möhtəkirlər bu sahəyə nəzarət edən şəxslərlə əlbirdirlər.

Belə olmasaydı, Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin saxta ezamiyyə və bəzi müəllimlərə həddindən artıq dərs yükü yazılmasına şərait yaratması, qeyri-pedaqoji təhsillilərin məktəblərdə müəllim kimi fəaliyyət göstərmələrinə icazə verməsinin və bu yolla dövlət büdcəsindən ayrılmış vəsaitin külli miqdarda mənimsənilməsinin qarşısı alınardı. Təəccüblüdür ki, yaxın zamanlarda Maliyyə Nazirliyinin Saatlıda yoxlama aparan büdcəyə nəzarət üzrə yoxlama briqadası bu mənimsəmələri nədənsə “görməyib”. Belə maliyyə fırıldaqlarını görməmək isə məyyən şübhələrə gətirib çıxarır.

anaxeber.info-a daxil olan məlumatda deyilir ki, rayonun Əlisoltanlı tam orta məktəbinin müəllimi Fərhad Muradovun adına 750 mant ezamiyyə pulu yazılıb. Halbu ki, Fərhad müəllim heç bir yerə ezam olunmayıb. Əgər ezam olunsa da, 750 manat pul hansı əsaslarla hesablanıb? Belə saxta ezamiyyələr Saatlı Təhsil Şöbəsində baş alıb gedir. Bəzən elə olub ki, bir müəllim ildə iki-üç dəfə “ezamiyyətə göndərilib”. Rayonun Məmmədabad tam orta məktəbinin ixtisasca rus dili müəlliminin adına 72 saat ingilis dili dərsi yazıması isə daha gülüncdür.. Dünyanın heç bir ölkəsində bir müəllimin adına 36 saatdan artıq dərs yükü yazılması halına rast gəlinməyib. Ancaq, göründüyü kimi, Saatlı Təhsil Şöbəsinin adı Ginnesin rekordlar kitabına yazılmalıdır. İxtisasca rus dili müəlliminə 72 saat ingilis dili dərsi vermək qeyri-adi “rekordur”.

anaxeber.info xəbər verir ki, bir neçə ay əvvəl təhsil şöbəsinin müdiri Şamil Nurəliyevlə baş mühasib İlqar arasında əlbəyaxa dava olub. Sən demə, adına 750 manat ezamiyyə pulu yazılan Əlisoltanlı tam orta məktəbinin müəllimi Fərhad Muradov baş mühasib İlqarın qaynı imiş. Ona görə də İlqar bu puldan yalnız 40 faizini Şamil Nurəliyevə verir. Şamil müəllim isə təkid edir ki, bütün saxta ezamiyyələrin 80 faizi mənə çatmalıdır. Çünki Təhsil Nazirliyindən və Maliyyə Nazirliyindən gələn qonaqları mən yola salıram. Baş mühasib də onun məsuliyyət daşıdığını və gələn yoxlamaların yola salınmasında onun da xərcinin çıxıdığını deyib. Müdirlə baş mühasibin saxta ezamiyyələrdən gələn pullar üstündəki dava–dalaşları onların yollarını ayırıb. Baş mühasib əlinə keçəni götürüb, bir müddət yoxa çıxıb. Rayona qayıtdıqdan sonra işə gəlməkdən imtina edib. Deyib ki, axır bir gün bu saxta ezamiyyələrin üstü açılacaq. Çünki bu yolla dövlət büdcəsi talan edilir.

Məmmədabad tam orta məktəbinin rus dili müəlliminə 72 saat ingilis dili dərsi yazılmasından əldə olunan gəlirə gəlincə isə, Şamil Nurəliyev qəti olaraq bildirib ki, bunun hamısı ona çatmalıdır. Çünki həmin müəlliməyə Universitetlərin birindən Yenidənhazırlanma və İxtisasartırma kursundan ingilis dili ixtisası diplomunu şəxsən Şamil müəllim özü alıb. Özü də həmin müəllimə kənd otra məktəbində əvvəlki ixtisası üzrə işləyə-işləyə. Şamil müəllimin deməsinə görə bu diplomun alınmasında 2 min manat xərci çıxıb. Yəni, rus dili müəllimi heç bir kursa getmədən dönüb olub ingilis dili müəllimi. Onun ingilis dilini bilib-bilməməsi isə vacib deyilmiş. Bu məməliyyatda da saxta ezamiyyədən külli miqdarda qazanc əldə olunub.

Saatlı Təhsil Şöbəsində dövlət büdcəsinin müxtəlif yollarla talan edilməsi faktları çoxdur. Nədənsə əlaqədar təşkilatlar bütün maliyyə fırıldaqlarına göz yumurlar. Bu da təhsil şöbəsinin müdiri üçün daha iri maliyyə fırıldaqlarına şərait yaradır. Görəsən bu özbaşınalıq, saxta ezamiyyə fırıldaqları nə vaxta qədər davam edəcək?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar