Cahangir Hacıyev çeçen şərikinə 319 milyonu necə "atıb"? - özəl

20-06-2015, 08:03   

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı "kredit qalmaqalı"na görə həbs edilənlərdən biri də sözügedən bankın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) nümayəndəliyinin rəhbəri Adil Hüseynovdur. Adil Hüseynov mayın 13-də həbs olunub.

Vəkili Kamandar Həsibov mətbuata açıqlamasında bildirib ki, Adil Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham irəli sürülüb. O, 319 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur. Vəkil əlavə edib ki, Adil Hüseynov özü bu ittihamları qəbul etmir. Ondan tələb olunan məbləğ isə kredit şəklində ABB-dən götürülərək BƏƏ-nin Fuceyrə əmirliyində tekstil fabrikinin və poladatökmə zavodunun tikintisinə sərf olunub. Krediti götürən də Adil Hüseynov olmayıb. O, yalnız fabriklə zavodun tikintisinə nəzarət edib.

Kamandar Həsibov bildirib ki, fabriklə zavodun sahibi "İntermet" şirkətidir. Bu şirkətin də 50 faizi çeçen əsilli Hüseyn Marayev adlı bir şəxsin 100 faizli sahibi olduğu "Golden Bat" şirkətinə, digər 50 faizi isə Fransa vətəndaşı Xəqani Bəşirovun 100 faiz sahibi olduğu Böyük Britaniyada qeydiyyatdan keçmiş "Camelot Oil and Gaz" şirkətinə məxsusdur.

Maliyyə sektorundakın mənbələrdən istiqlal.az-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən zavod və fabrikin tikintisi üçün 319 milyon manat kredit götürülməyib. Məlumatlarda bildirilir ki, həm tekstil fabrikinin, həm də poladtökmə zavodunun tikintisi təsisçilərinin maliyyəsi hesabına tikilməyə başlayıb. Hüseyn Marayev heç bir halda kredit götürülməsinə razı olmayıb. Hətta kredit məsələsinə görə Hüseyn Marayevlə ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev arasında hətta mübahisə də baş verib. Yeri gəlmişkən, nə Adil Hüseynov, nə də Xəqani Bəşirov bu məsələdə açar fiqur deyil. Hər iki şəxs sadəcə icraçıdır. Zavod və fabrikin sahibi olan "İntermet" şirkətinin 50 faizinin faktiki sahibi Cahangir Hacıyev olub. Hüseyn Marayev də kredit məsələsinə görə məhz ona iradını bildirib.
Məlumatlarda həmçinin qeyd edilir ki, zavod və fabrikin direktoru əvvəlcə Çingiz Salamov olub. Lakin sonradan Çingiz Salamov saxta yolla vəzifədən uzaqlaşdırılıb. Bu baxımdan da Hüseyn Marayevlə Cahangir Hüseynovun nümayəndəsi Adil Hüseynov arasında məhkəmə çəkişməsi başlayır. 2012-ci ildə başlayan məhkəmə çəkişməsi 3 il davam edir. Həhayət, 2015-ci ildə Çingiz Salamov vəzifəsinə bərpa edilir.

Məlumatlarda həmçinin bildirilir ki, Adil Hüseynovun həbsindən sonra fabrik və zavodun fəaliyyətinin yoxlanılması üçün müstəqil audit təşkil olunacaq.

İstiqlal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar