Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanla sərhədin Naxçıvan istiqamətində iyunun 25-dən 26-na keçən gecə baş vermiş atışmada iki erməni hərbçisi yaralanıb.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovannisyan bildirib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bəyan etmişdi ki, Azərbaycan tərəfinin erməni mövqelərini atəşə tutması nəticəsində müqavilə əsasında xidmət keçən bir hərbçi öldürülüb. Lakin yaralıların da olduğu haqda ancaq bu gün məlumat verilir.
A.Ovannisyan deyib ki, yaralılar Sisyan hospitalına aparılıb və onların üzərində cərrahiyə əməliyyatı keçirilib. Onun sözlərinə görə, Azərbaycan təmas xəttinin bu hissəsində bir ilə yaxın idi ki, erməni mövqelərini atəşə tutmurdu.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanla sərhəddə baş vermiş insidentdə ordumuzun iştirakının olmadığını, erməni əsgərlərinin bir-birlərinə atəş açdığını bildirib. Habelə ordumuzun təmas xəttinin həmin hissəsində itki vermədiyi bildirilir.