Novruz Məmmədovdan isterik münasibət

29-06-2015, 07:49   
Novruz Məmmədovdan isterik münasibət
«Belə vəziyyət Azərbaycanı xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər»


Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyətinin hazırda yürütdüyü siyasət Şimali Koreya ritorikasına bənzəyir»

Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təzyiqlər artdıqca iqtidar nümayəndələrinin cavab arsenalı da bir o qədər tükənir və təkrarlanan olur. Beynəlxalq aləmdə Azərbaycan məsələsinin gündəmə gəlməsinin səbəblərinə cavab olaraq hakimiyyət təmsilçiləri reallıqdan uzaq, bəzən isə absurd cavablar verirlər. Prezident Administrasiyasının rəhbər müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Twitter hesabında yazdıqlarını da bu qəbildən saymaq olar.
“Avropa Ittifaqının (AI) bəzi strukturlarıyla birlikdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir, ”biz nə istəyirik, o da olmalıdır" prinsipi əsasdır". N.Məmmədovun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir.
“Ikili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər”, deyə o qeyd edib.
N.Məmmədovun qənaətincə, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur. “Avropa Ittifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur. Belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər”, deyə Prezident Administrasiyasının rəhbər müvini bildirib.
Nədənsə N.Məmmədov AŞ PA-nın son qətnaməsində Qarabağla bağlı Azərbaycanın mövqeyinə uyğun olan məqamları, Avropa Parlamentinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsiylə bağlı bəyanatlarını xatırlamır.
Bəs, Azərbaycan rəhbərliyinin beynəlxalq təpkilərə bu cür isterik reaksiyası nədən qaynaqlanır? Həqiqətənmi Azərbaycan bu cür mötəbər təşkilatlarda fəaliyyətinə son qoya bilərmi?



AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, baş verənlər onu göstərir ki, Azərbaycan hakimiyyəti ölkə ətrafında baş verən proseslərə rasional yanaşma imkanını itirib. Bunun çox təhlükəli tendensiya olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, bu ilk növbədə hakimiyyətin özü üçün təhlükə yaradır: “Bu gün Avropaya yönəlik təhdid mesajları, təhdid dolu çıxışlar ilk növbədə Azərbaycanın təcrid olunmasına gətirib çıxara bilər. Qərbə inteqrasiyaya daha çox Azərbaycanın ehtiyacı var. Azərbaycan dövlət maraqlarını ciddi zərbə altına qoyur. Eyni zamanda bu siyasət hakim elitanın özünün gələcəyini ciddi şəkildə təhdid edir. Bu reaksiyalar əslində problemi həll etmir. Hakimiyyətin verdiyi reaksiyalar problemi daha da şiddətləndirir, qarşıdurmanı, gərginliyi daha da artırır. Qərb tərəfindən insan haqları, demokratiya ilə bağlı Azərbaycandakı problemlər səsləndiriləndə, münasibətlər belə gərgin fazaya daxil olmamışdı. Azərbaycan hakimiyyəti o zaman çox sərt reaksiyalar taktikasını seçdi. Bununla isə hakimiyyət ona ümid edirdi ki, Qərbdə o fikri formalaşdıracaq ki, Azərbaycan hakimiyyətinə qarşı bu cür rəftarın heç bir mənası yoxdur, yəni Qərb hakimiyyətin yürütdüyü siyasətlə barışacaq. Amma aydın olur ki, bu cür siyasət səhv imiş. Bu cür siyasət hər dəfə Qərbdən daha sərt reaksiyaların səslənməsinə gətirib çıxarır”.
F.Qəhrəmanlının sözlərinə görə, əgər yürüdülən siyasət dəyişməzsə, bu Azərbaycandakı demokratik proseslərə Qərbin daha ciddi müdaxiləsini zəruri edəcəkdir. Eyni zamanda hakimiyyətin yürütdüyü siyasətin hakim elitaya daxil olan şəxslərə qarşı sanksiyaların da qoyulmasını qaçılmaz etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, siyasi-diplomatik, iqtisadi baxımdan da Azərbaycana qarşı təzyiq mexanizmləri işə düşəcəkdir: “Azərbaycan hakimiyyətinin hazırda yürütdüyü siyasət Şimali Koreya ritorikasına bənzəyir. Bu hakimiyyəti arzuolunmaz situasiyalara sürükləyir. Cəmiyyətdə Azərbaycan hakimiyyətinə qarşı getdikcə güclənən ciddi narazılıq var. Bir tərəfdən ölkə daxilində narazılıq, digər bir tərəfdən isə Qərblə qarşıdurmanın olması hakimiyyətin uzun müddət tarazlığı qoruyub saxlamaq imkanları tükənir. Hakimiyyət proseslərə rasional yanaşmağı bacarmalıdır. Gəlib çıxdıqları nöqtə kifayət qədər təhlükəlidir. Bir çox məsələlər var ki, oradan əvvəlki kimi geriyə dönüş yoxdur”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar