"Nur" ailəvi istirahət mərkəzində nələr yaşanır?

29-06-2015, 09:14   
"Nur" ailəvi istirahət mərkəzində nələr yaşanır?
Nəvahidə avtomobil yolunun təhkim zolağında tikilən obyekt cinayət hadisələrinin məskəninə çevrilib
Müşfiq adlı iş adamı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq şəxsi maraqlarını təmin edir
Ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Bu müddəalar qanunda aydın şəkildə öz əksini tapıb. Qeyd edək ki, avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma, yəni mühafizə zolaqları təşkil edir.
Məlumatı olmayanlar üçün deyək ki, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Həmçinin ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və ya vəsaiti hesabına sökməlidir. Ölkə ərazisində ümumi istifadədə olan yolların mühafizə zolağında tikilmiş yüzlərlə, hətta minlərlə ticarət obyekti var. Onların fəaliyyəti qeyri-qanuni hesab edilsə də, əlaqədar dövlət qurumları nədənsə bu məsələyə ciddi diqqət ayırmırlar. Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" ailəvi istirahət mərkəzi də ümumi istifadədə olan yolun təhkim zolağında tikilib. Bu barədə bildiyi məlumatı bizimlə bölüşən şəxsin sözlərinə görə, obyektin fəaliyyəti tam olaraq qanunsuzdur: "Qanuna əsasən, avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin texniki planı təqdim olunmalıdır. "Nur" istirahət mərkəzinin Müşfiq adlı sahibi isə buranı tikərkən qanunda nəzərdə tutulan tələblərin heç birinə əməl etməyib. Obyekt tikilərkən müvafiq icra orqanının razılığı alınmayıb. Dəfələrlə istirahət mərkəzinin sahibinə buranı sökməsi barədə xəbərdarlıq edilib. O isə bundan imtina edib. Avtomobil yolunun təhkim zolağında yerləşən restoranda "ailəvi istirahət mərkəzi" adı altında müxtəlif iyrənc işlərə imza atılır. Bura ailəsi ilə gələn adamlar barmaqla sayılası qədərdir. Həmin adamlar "Nur"un fəaliyyətinə yaxından bələd olmayanlardır. Ətraf rayon və qəsəbələrdə yaşayan insanlar restoranı daha çox "rahatxana" kimi tanıyırlar. Digər tərəfdən, "Nur" ailəvi istirahət mərkəzi son vaxtlar kriminal aləmlə bağlılığı olan şəxslərin məskəninə çevrilib. Bəzi şəxslər həftənin müəyyən günlərində obyektə yığışıb kriminal "razborka" aparır və qumar oynayırlar. Ərazidə xidmət aparan polis əməkdaşları mərkəzdə cərəyan edən qanunsuzluqlara müdaxilə edə bilmir. Ona görə ki, istirahət mərkəzinin Müşfiq adlı sahibi aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər işçiləri ilə "anlaşma" əldə edib. Bu səbəbdən polis əməkdaşları istirahət mərkəzinin qapısından içəri ayaqlarını basa bilmirlər". Verilən məlumata əsasən, "Nur"un mətbəxində ürəkbulandıran mənzərə hökm sürür. Günlərlə qeyri-normal şəraitdə saxlanılan ət məhsulları yeni adı altında müştərilərə verilir: "Mətbəxdə antisanitariya baş alıb getsə də, müvafiq qurumların nümayəndələri özlərini görməzliyə vururlar. Gəlib beş-on manat alıb gedirlər". Araşdırmalar zamanı məlum oldu ki, ötən ilin may ayında gecə saat 03:15 radələrində Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" ailəvi istirahət mərkəzinin nəzdindəki marketdə silahlı insident baş verib. Belə ki, İxtiyar Soltanov ov tüfəngindən iki dəfə atəş açaraq Mikayıl Əzizovun qoluna və kürək nahiyəsinə ağır xəsarət yetirib. Sonuncu ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxs isə saxlanılıb. Bizə çatan informasiyaya görə, adıçəkilən istirahət mərkəzində buna oxşar hadisələr tez-tez qeydə alınır, amma obyektin sahibi problemin böyüməsinin qarşısını dərhal alır. Gələn saylarımızda narkotacirlərin "Nur"dakı sərgüzəştləri barədə danışacağıq.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq. /xalqxeber.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar