ATV-nin binasının altındakı torpağı satan bələdiyyə sədrinin də istintaqa cəlb ediləcəyi gözlənilir
Səbail rayonu ərazisindəki “Dostluq parkı”nın satılmasında adı keçən bir neçə şəxs həbs olunub. Həbs olunanlar Səbail bələdiyyəsinin keçmiş üzvləridir. Report.az xəbər verir ki, Bakı Şəhər Baş Polis Idarəsi (BŞBPI) əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı 7 saylı Mənzil Kommunal Istismar Sahəsinin (MKIS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı qəbul edilib. E.Məmmədov və F.Quliyev istintaq təcridxanasına göndərilib.
“Yeni Müsavat”a daxil olan məlumata görə tutulanlar vaxtilə ATV-nin binasının yerini satmış Səbail bələdiyyəsinin sədri Əhməd Hüseynovla işləyiblər, onun komandasının üzvləri olublar. Ə.Hüseynovun da istintaqa cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, BŞBPI əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu da tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPI-nin Istintaq Idarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır. T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etsələr də, dünən keçirilən prosesdə onun həbsdə saxlanılması barədə qərar çıxarılıb.
“Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident Ilham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan şəxslərdən biri T.Hüseynov tanınmış rejissor xalq artisti Tofiq Ismayılovun kürəkənidir.