Emin Şəkinskinin övladları müxtəlif adamların uşaqları adı ilə Azərbaycandan çıxarılıb
Məhkəmədə bir sıra maraqlı faktlar açıqlandı...
Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş xanımı Gülnarə Şəkinskaya və dörd övladının - Nadiya, Həmidə, Məryəm və Cəvahirin ölkədən çıxarılması ilə bağlı məhkəmə prosesində təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi bu prosesdə 12 nəfər mühakimə olunur ki, onların da bir qismi qadınlardır. Təqsirləndirilən şəxslərin bir qismi həbsdədir, qalanının barəsində isə məhkəmənin yekun nəticəsi bəlli olana qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 320.1-ci (sənəd saxtakarlığı) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittihamlar irəli sürülüb.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı bu işdə keçir. Hazırda Almaniyada yaşayan Əlövsət Əliyevin barəsində axtarış elan olunub. Bu iş üzrə axtarışda olan digər şəxs isə Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusubovdur.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Gülnarə Şəkinskaya və uşaqlarına saxta sənədlər düzəldərək, onun ölkədən qaçmasına yardım etməkdə, eləcə də evdəki seyfdən Emin Şəkinskiyə məxsus 60 min pulu oğurlamaqda ittiham olunur. Lakin məhkəmədə dindirilən şəxslər oğurluq ittihamı üzrə özlərini qətiyyən təqsirli bilməyərək, ümumiyyətlə, belə bir cinayətin baş vermədiyini deyiblər.
Təqsirləndirilən şəxslərdən Namiq Camalov vaxtilə polis işçisi olub. O bildirib ki, Gülnarə Şəkinskayanı Əlövsət Əliyev vasitəsilə tanıyıb: “Əlövsət Əliyev onu mənə bacısı qızı kimi təqdim edib, adının Aysel olduğunu demişdi. Pul müqabilində ona sürücülük etməyi tapşırdı. Əvvəlcədən danışmışdıq ki, 600-700 manat pul alacam. Bildirildi ki, evi plana düşüb, ona görə rayona qeydiyyata düşmək istəyir. Bu səbəbdən də bir neçə dəfə sürücü kimi onu Bərdəyə aparıb-gətirmişəm. Hər dəfə gedəndə Şəfiqə də onun yanında olurdu.
Gülnarə və Şəfiqəni Bərdədə Pənah Dadaşovla Saçlı Həsənova qarşılayaraq polis şöbəsinə gediblər".
Namiq Camalov deyir ki, Bərdəyə bir neçə səfərdən sonra Gülnarə Şəkinskayanın aldığı pasportda da kimliyi “Əliyeva Aysel Müzəffər qızı” göstərilib. Onun sözlərinə görə, bir neçə dəfə Bərdəyə gedib-gəldiyi üçün 1500 manat pul alıb.
Namiq Camalov bildirib ki, Gülnarə Şəkinskaya sərhədi keçərkən indi məhkəmə qarşısına çıxarılan şəxslər də orada olub. Şəkinskayanın uşaqlarının hərəsi təqsirləndirilənlərdən birinin övladı kimi sənədləşdirilərək keçirilib. Gülnarənin evindən Emin Şəkinsiyə məxsus 60 min manatı oğurlayıb, onun 31 min manatını saxta sənəd düzəltmək üçün təqsirləndirilən şəxslərə paylaması ilə bağlı oğurluq ittihamına gəlincə, təqsirləndirilən bu haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: “Gülnarənin evi Bayraq Meydanının yaxınlığında yerləşib və boş olub. O evdə nəinki pul, heç uşaqların ayaqqabıları da olmayıb. Deyirdi ki, ”ev mənə atamdan qalıb". Heç bir oğurluq olmayıb. 1 il 3 aydır ki, həbsdəyəm. Mən o qadının gerçək kimliyini, yəni adının Aysel yox, Gülnarə olduğunu, Emin Şəkinskinin xanımı olduğunu “bandotdel”də bilmişəm. Özü mənə demişdi ki, həyat yoldaşı Rusiyadadır, oradan uşaqlara aliment göndərir. “Bandotdel”də müstəntiq dedi ki, sizə narkotik ittihamı da veriləcək. Sonradan oğurluq ortaya çıxdı. Istintaqa ifadəmə də təzyiq altında qol çəmişəm".
Təqsirləndirilən Şəfiqə Bağırova istintaqa ifadəsini təsdiqləyərək bildirib ki, əvvəllər pasport qeydiyyatçısı işləyib. Onun oğlu Emin Şəkinski ilə bir sinifdə oxuyub. Ondan xahiş olunub ki, bir nəfərə sənəd düzəltməyə yardım etsin. O da öz növbəsində bu barədə Pənah Dadaşovla danışıb. Şəfiqə Bağırova onu da qeyd edib ki, bu işdən ona cəmi 50 manat pul verilib.
Pənah Dadaşov özü də ifadə verərək bildirib ki, Şəfiqə Bağırovanın istəyi ilə Saçlı Həsənovaya sənəd üçün müraciət edib: “Şəfiqə Bağırova arayış almaq üçün mənə 300 manat verdi. Mən də Saçlı xanıma verdim”.
Ardınca Saçlı Həsənova özü də ifadə verərək, Pənah Dadaşovu günahlandırıb: “Düzünü danış, sən məni xəstəliyə salmısan...”
Saçlı Həsənova bildirib ki, ona arayış üçün müraciət olunub: “Pənah mənə dedi ki, bu qadının atası-anası yoxdur, uşağı da əlildir. Ona arayış lazımdır, sənədləri düzəltməlidir ki, uşağı Irana müalicəyə aparsın. Dedim ki, sənədsiz arayış almaq mümkün deyil. Uşağın əlilliyi məsələsinə görə deyilənləri səmimi qəbul elədim. Mən 30 ildi Bərdədə yaşayıram, hamı məni tanıyır. Pənah məni o adamların arasında biabır elədi. Indi özünü artistliyə qoyub. Mənə verdiyi 300 manat bir müddət əvvəl ona verdiyim 500 manatlıq borcun bir hissəsi idi”.
Ifadələrdən o da məlum olub ki, Saçlı Həsənova 1 yaşında dünyasını dəyişmiş uşağının doğum haqqında şəhadətnaməsini onlara verib və bu sənəd əsasında Gülnarə Şəkinskayanın qızlarından birinə pasport alınıb. Yəni, uşaqlardan biri Saçlı Həsənovanın qızı kimi sərhədi keçib.
Məhkəmə prosesi iyulun 10-da davam edəcək.
Onu da qeyd edək ki, Əlövsət Əliyev “Azadlıq”a açıqlamasında Gülnarə Şəkinskayaya hüquq müdafiəçisi kimi hüquqi yardım göstərdiyini bildirib: “Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə, onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə var. Bunlara əsaslanaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi. Mən qaçqın statusu almağa əsas olan hallar haqqında ona geniş məlumat vermişəm. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etmişəm. Həmin vaxt onun uşaqlarını xaricə aparmasına icazəsinin olub-olmadığı ilə də maraqlanmamışam və bu mənim fəaliyyətimə aid olan iş deyil”.