Neftdən gələn milyardlar necə «silinir?»

7-07-2015, 10:12   


İri layihələrin biri də satınalmalar reyestrində əksini tapmayıb Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsinin icrası təsdiq edilib.
Sərəncamda Neft Fondunun 2014-cü il büdcəsinin gəlirləri 12731016,7 min manat, xərcləri isə10117207,4 min manat göstərilib. 2015-ci il aprelin 1-nə olan məlumata görə, Fondun aktivləri 34930,5 mln. ABŞ dollarıdır. Həmin tarixə qədər neft gəlirləri 11 istiqamət üzrə xərclənib. Ayrılmış vəsaitlərin 297,9 mln. manatı Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi, 1805,7 mln. manat qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli, 779,6mln. manat Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi, 1174,7 mln. manat Samur-Abşeron kanalının rekonstruksiya edilməsi, 57713,7 mln. manat dövlət büdcəsinə transfertlər, 90 mln. manat dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi (2006-cı ildə başa çatıb), 428,1 mln. manat "Bakı-Tiflis-Qars yeni dəmiryolu" layihəsi, 124 mln. manat "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının" maliyyələşdirilməsi, 87,6 mln. manat Azəri Çıraq Günəşli (AÇG) üzrə layihədə ARDNŞ-in iştirak payının maliyyələşdirilməsi, 596,1 mln.manat, "STAR" neft emalı kompleksinin tikintisi, 347,4 mln. manat da "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə sərf olunub. Ondan 57713,7mln. manatın dövlət büdcəsinə transfertləri, 90 mln. manat Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi, eləcə də 124 mln. manat təhsil proqramının maliyyələşdirilməsinə ayrılan vəsaiti çıxsaq SOFAZ-ın web-saytındakı məlumatlardan bəlli olur ki, göstərilən tarixə Fonddan 9 layihə üzrə 5 milyard 517 milyon 109 min manat xərclənib. Və təbii ki, o layihələrdə işlər görülüb, xidmətlər satın alınıb.
Satınalmalar üzrə Dövlət Agentliyi (SDA) Prezidentin 1997-ci il 16 may tarixli, 583 nömrəli Fərmanına əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılıb və onun vəzifələri "Dövlət satınalmaları haqqında" Qanunun 4-cü maddəsinin tələblərinə uyğun dövlət başçısının 20 fevral 2003-cü il tarixli, 855 saylı Fərmanı ilə təsdiq olunmuş Əsasnamə ilə müəyyənləşdirilib. Əsasnamədə Satınalmalar üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi, dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin müsabiqəəsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarətin təmin edilməsi, satınalan təşkilatların mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrini artırmaq məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlərin həyata keçirilməsi, dövlət satınalmaları sahəsində məlumat bazasının yaradılması məsələləri həvalə edilib. "Dövlət satınalmaları haqqında" Qanun layihəsi Milli Məclis tərəfindən 27 dekabr 2001-ci il tarixdə qəbul olunaraq, "Dövlət satınalmaları haqqında" Qanunun tətbiq edilməsi barədə Prezidentin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minib. Fərmana əsasən 250 milyon manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları açıq tender vasitəsi ilə həyata keçirilir, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 250 (iki yüz əlli) milyon manatdan aşağı olduqda satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir (söhbət hazırkı pulla 50 min manatdan gedir.

Göründüyü kimi, fondun maliyyələşdirdiyi layihələrin dəyəri 50 min manatdan başlamır, ən "ucuz" layihənin qiyməti 87,6 milyon manatdır. Onlardan Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi 2007-ci ildə başa çatıb. Oğuz-Qəbələ üzrə də maliyyələşmə 2011-ci ildə sonlanıb. Digərlərində isə davam edir. Əsas layihələri həyata keçirən dövlət qurumları Nəqliyyat Nazirliyi, ARDNŞ, "Azərsu" ASC, Dövlət "Qaçqınkom"dur. "Bizim Yol" qəzeti Agentliyin 2012-2015-ci illər üzrə müsabiqə əsasında keçirilmiş satınalmalara dair reyestr məlumatlarına nəzər salıb.
2012-ci ildə "Azərsu" ASC müxtəlif layihələrin satın alınmasına 326.3 milyon manat vəsait xərcləyib. Aralarında NF-dən maliyyələşməyən yetərli qədər iri layihələr və böyük məbləğlər var. Ümumiyyətlə "Azərsu" qəpik-quruş xərcləməyi sevmir. Təkcə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına ASC 3.7 milyon manat pul sərf edib. Amma digər dövlət qurumlarından fərqli görülən işləri satın alır.

NN-in bir ildə cari satınalma xərcləri 580.3 milyon manat olub, aralarında NF-dən maliyyələşməyən bir yerli layihə var. Yeni Bakı Beynəlxalq Limanı kompleksinin tikinti-quraşdırma işləri "Azərkörpü"dən 578550880 manata satın alınıb. Nazirlik guya mətbuatla sıx işləyən bir qurum kimi mətbuat, televiziya üzrə monitorinq xidmətlərinin satın alınmasına ("Bernays" MMC) 16310 manat xərcləyib. NN-də yuvarlaq rəqəmlərə alışqanlıq var.

Dövlət Neft Şirkətinin fonddan maliyyələşdirilməyən cəmi iki layihəsi - Gündəlik istehsal gücü 2000 ton olan təbii qaz əsaslı azot gübrəsi-karbamid istehsalı zavodunun tikinti işləri ("Samsung Engineering Co." LTD, məbləğ 497715283) və şirkətin "Azəriqaz" İstehsalat Birliyinin "Global Services" MMC-dən 1071063101 manata satın aldığı qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlər var. Növbəti illərdə ARDNŞ-in hər hansı işi satın aldığı barədə bazada məlumatlar yoxdur.

Dövlət Neft Fondunun internet resurslarındakı məlumatlara görə, məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) çıxış edir, təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini təmin edir. MKSİF-in 81554 manatlıq sifarişlərindən yalnız biri köçkünlərə aid olub - Qaradağ rayonu ərazisində tikilən 1410 ailəlik məhəllə, Şəki rayonu ərazisində 423 məcburi köçkün ailəsi üçün tikilən qəsəbə, Masazır qəsəbəsi ərazisində tikilən 210 ailəlik məcburi köçkün qəsəbəsi qarşısında məlumat lövhələrinin hazırlanıb quraşdırılması işlərinin satın alınmasına 36816 manat sərf edib. Lazımsız işə bir köçkün ailəsinə yetəcək bir mənzil və ya evin pulu xərclənib! Qalanlar kartriclər, tonerlər, avtomobil yağı, sığortası, dəftərxana ləvazimatları, təsərrüfat mallarının alınmasına yönəlib. "Qaçqınkom" da bəzi cari işlərini tenderlə görüb, 125741 manatlıq xidmət satın alıb.

2013-cü ildə "Azərsu" ASC müxtəlif iş və layihələrin satın alınmasına 52577415 manat sərf edib. Təkcə Hacıqabul rayonunda yerləşən Kür Su Təmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı rayonları üçün magistral içməli su xəttinin tikinti işlərinin satın alınmasına "Azərsutəchizattikinti ASC və T.T.Ş. İnşaat MMC konsorsiumu (Azərbaycan)"na 46551822 manat verib. Şəki rayonunda istirahət mərkəzinin su və kanalizasiya xətlərinin çəkilişi işlərinin satın alınması 686000 manat, büdcələşdirmə və proqnozlaşdırma proseslərinin, avtomobil təsərrüfatı uçotu və anbar təsərrüfatı uçotunun avtomatlaşdırılması sisteminin hazırlanması və tətbiq edilməsi işlərinin satın alınması ("1C Group.Az" MMC) 2295100 manat, təlim xidmətləri ("İnfosystem-Link" MMC) 370520 manat, maliyyə hesabatlarının audit olunması xidmətlərinin satın alınması ("Ernst & Young (CIS) B.V.Azərbaycan Respublikasındakı filialı-Azərbaycan") 353430 manat, məsləhət xidmətlərinin satın alınması ("Nexia-EA Consulting" MMC) 1687400 manat tutub. Həmin il NN və strukturları 1 milyon manatdan artıq xidməti satın alıb, heç biri layihə olmayıb. Avadanlığa, dəftərxana ləvazimatına nə qədər pul xərcləmək olar?

MKSİF öz işlərinə 976802 manatı tenderlə xəclədiyini yazır. Fond cari təmir işlərinin satın alınmasını həyata keçirir, tozsoranları tenderlə alır, amma iri tikinti layihələrinin satınalma məlumatları bazada əksini tapmayıb. Fikir vermişəm, əksər nazirlik və komitələr hər il mebel və avadanlıq alır. Bu qədəri hara yığırlar, ya da "silirlər" deyə soruşsam, daha düzgün olar. Bu xərc maddələrinin özləri də çox şübhəlidir. Yazılanlar həqiqətən alınırmı, Maliyyə Nazirliyinin bunları yoxlaması lazımdır. "Qaçqınkom" yenə məcburi köçkünlər üçün Gəncə, Bərdə, Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilmiş məktəb binaları üçün təbliğat xarakterli stendlərin hazırlanması işlərinin satın alınmasına bilirsiz nə qədər pul sərf edib? 32096 manat. Mənə görə təbliğat üçün bu çox puldur. Həm də bu nəyin təbliğatıdır, o da maraqlıdır. Cari işlərə tenderdə ümumilikdə 144300 manat xərcləyən Komitə "Nurgün Avto" MMC-dən 34200 manatlıq avtomobil satın alıb. İndi məlum deyil, bu, bir avtomobildir, ya iki. Yoxsul təbəqəyə kuratorluq edən təşkilat belə qiymətlə avtomobil almamalıdır. Dağa dırmaşacaqlarsa, 20 min manata da universal avtomobillər var.
2014-cü ildə "Azərsu" və SOCAR layihələrindən xəbər yoxdur. NN və strukturları xeyli pul xərcləyib - 1626272 manat, layihələrdən isə məlumat yoxdur. MKSİF yalnız ofisin təmiri və avadanlıqların satın alınması, fonda aid avtomobillərin sığortasını tenderlə aparıb və bu işlərə ümumilikdə 88640 manat xərcləyib, milyonluq layihələrdən xəbər verilmir. Qaçqınkom da daxili məsələləri və qaçqın vəsiqələrinə 166 min manat vəsait sərf edib. Məcburi köçkün vəsiqələri, ərizə forması və qeydiyyat vərəqələrinə də xeyli pul gedirmiş - 129480 manat.

2015-ci ildə də "Qaçqınkom" 13937 manatlıq dəftərxana ləvazimatı və təsərrüfat malları satın alıb. Builki məlumat bazasında MKSİF-in heç öz ofisinə də satın aldığı nəsə yoxdur. NN-in "cibxərcliyi" hissolunacaq dərəcədə artıb, özü və strukturları bu il 703102 manat xərcləyib, layihələrlə bağlı isə bilgi verilmir. Nazirlikdə 45 min rəqəmini xoşlayırlar, bir çox xərclər bu qədər tutub. ARDNŞ-nin həmişəki kimi, "Azərsu"nun isə bu il üçün tender məlumatı reyestrdə yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar