“Texniki şərt” əməliyyatı"nda qurumun hansı yüksək rütbəli əməkdaşlarının adı keçir?
“Azərsu” ASC-nin Hüquq Departamentinin benyləxlaq layihələrin və daxili sənədlərin hüquqi təminat şöbəsinin rəisi müavini Babək Həsənovun həbsilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Qeyd edək ki, Babək Həsənov 2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsi tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrilə ittiham irəli sürülüb. 2015-ci ilin aprel ayında isə Babək Həsənova Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələrilə yeni ittiham elan edilib.
“Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Babək Həsənov özü Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət edərək cinayət törətdiyini bildirib. Əvvəlcə idarə onun dediklərini ciddiyə almayıb. Lakin Babək Həsənovun israrı nəticəsində idarə onun dediyi faktları araşdırmağa başlayıb. Babək Həsənov dediyi faktlar təsdiqini tapıb. Bəlli olub ki, o, “Azərsu”nun səlahiyyətli şəxslərilə birgə vətəndaşlara “Texniki şərt” sənədlər toplusu satıb. Babək Həsənovun çalışdığı Hüquq Departamentinin “Texniki şərt” sənədlər toplusunu hazırlamaqda hökmlü olmasa da, “Azərsu” ASC-də birinci müavin vəzifəsində çalışan Teyyub Cabbarovun onunla qohumluğu bu işləri görməsini şərtləndirib. Qeyd edək ki, Teyyub Cabbarov Babək Həsənovun xanımının əmisidir. Bildirilir ki, Babək Həsənov həbsinə qədər bütün yaşayış və qeyri-yaşayış obyektlərinin su və kanalzasiya sisteminə qoşulmağa rəsmi razılıq sənədi sayılan “Texniki şərt”i də, məhz, onun müəyyən etdiyi məbləğ hesabına hazırlanıb. Bu isə bəzi obyektlər üzrə bəzən 150 min manatı aşıb. Bir sıra yaşayış binalarına texniki şərt deyilən sənəd verilsə də, oradan alınan pullar ASC-nın rəsmi hesabına ödənilməyib. Yəqin ki, istintaq bunu da aydınlaşdırıb. Məlumatlara görə, bu işlər nəticəsində təkcə Teyyub Cabbarov 650 min manat gəlir götürüb. Istintaq isə Babək Həsənovun 380 min manat mənimsədiyini üzə çıxarıb. Babək Həsənov istintaqa Teyyub Cabbarov və digərləri ilə bağlı etiraflar etsə də, nədənsə onlar məsuliyyətdən kənarda saxlınılıb. Halbuki Babək Həsənovun həbsinə qədər “Texniki şərt”lər birbaşa Teyyub Cabbarovun razılığı ilə verilib. Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta “Sukanal” Elmi-Tədqiqat Institutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əəslində isə “Texniki şərt”i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi.
Bildirilir ki, bu məsələdə Teyyub Cabbarovla yanaşı “Azərsu” sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədovun da böyük rolu olub. Həmçinin məlumatalara görə, Teyyub Cabbarov Babək Həsənova yardım edəcəyi barədə söz verib. Lakin sonradan hansısa səbəbdənsə sözünə əməl etməyib. Məlumatlarda deyilir ki, Babək Həsənov 380 min manatın müəyyən hissəsini ödəyib. Bu pulu əslində Teyyub Cabbarov ödəməli imiş.
Artıq Babək Həsənovun işilə bağlı istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müstəntiq Tural Aslanov Teyyub Cabbarovu, Mahir Məmmədovu məsuliyyətdən kənarda saxlamaq üçün istintaq tələsik yekunlaşdırmağı məqsədəuyğun sayıb.