Göyçay Mərkəzi Rayon Xəstəxanasının həyətindəki hovuzda boğularaq ölən həkim Mehman Məmmədov sərxoş vəziyyətdə olub. Axar.az yerli mənbələrə istinadla xəbər verir ki, Mehman Məmmədovun boğulduğu xəstəxana həyətindəki hovuzun kənarında araq şüşəsi də tapılıb. Qardaşı isə istintaqa ilkin ifadəsində M.Məmmədovun içki aludəçisi olduğunu bildirib. Göyçay Rayon Prokurorluğunun müstəntiqi Nurlan Məmmədov da 1961-ci il təvəllüdlü həkim Məmmədov Mehman Arif oğlunun ölüm səbəbi ilə bağlı ilkin ehtimal kimi sərxoş olma versiyasını istintaqın diqqətdə saxladığını bildirib. O qeyd edib ki, Göyçay MRX-da və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim-rentgenoloq işləyən Mehman Məmmədovun içkili olduğu ekspertiza zamanı təsdiqlənib: “Faktla bağlı artıq araşdırma başlanıb. Mərhumun boğulduğu hovuz düşünüldüyü qədər dayaz olmayıb, amma adam batıracaq qədər dərin də deyil. Qardaşının onun spirtli içki aludəçisi olduğunu bildirməsi barədə xəbər doğrudur. Bütün hallarda, ölümün əsl səbəbi araşdırmalar yekunlaşandan sonra aydınlaşacaq”. Qeyd edək ki, Göyçay şəhəri Sabir küçəsi 16 saylı ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məmmədov Mehman Arif oğlu gecə saatlarında xəstəxananın həyətindəki su hovuzuna düşərək köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb. Göyçay MRX-da və Bioloji Təbabət Klinikasının Göyçay filialında həkim-rentgenoloq işləyən Mehman Məmmədovun meyiti bu gün səhər saat 9:00-da sudan çıxarılıb.