WikiLeaks saytı bir-birinin ardınca dünyanın iri dövlətlərinin sirlərini açıb tökməkdə davam edir.
Xəbər verildiyi kimi, sayt artıq ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin Almaniya kansleri Angela Merkelin və digər dövlət rəsmilərinin şəxsi telefonlarını dinlədiyinə dair faylları yayıb.
Həmçinin ABŞ kəşfiyyatının Braziliya prezidenti Dilma Rusefin və digər bəzi xarici ölkə liderlərinin telefon danışıqlarını dinlədiyi də WikiLeaks saytının sayəsində dünyaya məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, WikiLeaks saytı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dünyanın hər yerindəki Səudiyyə səfirlikləri və xarici ölkələrlə məxfi diplomatik yazışmalarını da ələ keçirib.
Sayt Səudiyyə Ərəbistanı XİN-in 1,5 milyona yaxın məxfi sənədini iyun ayında yayıb. Bu sənədlər arasında Səudiyyə Ərəbistanının digər dövlət institutlarına, o cümlədən Daxili İşlər Nazirliyinə və Baş Kəşfiyyat Xidmətinə göndərilən məxfi sənədlər də var.
Məlum olub ki, WikiLeaks saytının “The Saudi cables” adı altında yaydığı sənədlərin arasında Azərbaycan Xarici İşlər Nazirliyinin və Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin, habelə Azərbaycanın bu ölkədəki səfirliyinin sənədləri, o cümlədən Səudiyyənin BMT yanındakı daimi nümayəndəliyi ilə Azərbaycan arasında bəzi yazışmalar yer alır.
Doğrudur, Azərbaycana aid “The Saudi cables”də yer alan sənədlər məzmun baxımından hansısa mühüm sirri özündə əks etdirmir. Bunlar beynəlxalq tədbirlərdə iştiraka dəvət, cari diplomatik yazışmalar və digər məzmunlu sənədlərdir. Bir çox sənədlər isə ərəb dilindədir.