QÜDRƏT ŞÜKÜROVUN SİDİK QOXULU LİFTLƏRDƏN QAZANDIĞI MİLYONLAR… – ŞOK FAKTLAR

9-07-2015, 20:36   


şəhəri günü-gündən inkişaf edir, yeni yüksək mərtəbəli binalar tikilir. Amma təəssüflər olsun ki, əhalinin rahatlığı və təhlükəsizliyi bir o qədər də nəzərə alınmır. Köhnə binalarda olan liftləri bir kənara qoyaq, üstəlik təzə tikilən binalarda belə liftlər normal işləmir. Yuxarı mərtəbədə yaşayanların ömürləri liftlə mübarizədə bitir. Halbuki 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.



Prezidentin sərəncamı və havaya sovrulan 10 milyon manat



Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Lakin ayrılmış vəsaitin hansı şəkildə xərclənməsi bir qədər qaranlıq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır. Köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır. Təəssüf ki, “Lift-Təmir” İstehsalat Birliyinin rəhbərliyi bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir. Texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır. İstismar müddətini başa vurmuş liftlərdən istifadə edərkən onun “tros”unun qırılması və alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olur. Liftlərdə baş verən faciələr bu sahəyə diqqətsizliyin, məsuliyyətsizliyin və keyfiyyətsizliyin göstəricisidir. Lift elə-belə xidmət növü deyil. Bu, çox böyük məsuliyyət və ehtiyatlılıq tələb edir. Liftin yoxlanma qaydası belədir: lift hansı ağırlığa hesablanıbsa, 3 qat həmin ağırlıqda yüklə yoxlanır. Liftin “tros”ları da dartılıb yoxlanır. Bu, “tros”dur, kəndir deyil ki, ağırlıq çox olsa qırılsın. Onun da öz yoxlanma mexanizmi var. Digər tərəfdən, liftlərin avtomatik əyləc və paraşüt sistemi olur. Lift xarab olursa, o, uzaqbaşı yarım metr sürüşüb dayanmalıdır. Biz isə çox zaman eşidirik ki, lift şaxtaya düşüb. Lift şaxtaya düşməməlidir. Normal liftlər “pereqruzka” olanda, ümumiyyətlə, hərəkət etmir, dayanır”. Araşdırmalar göstərir ki, son illər lift xidmətlərinə görə ödənişlərin faizi xeyli artıb. Yəni əvvəlki illərlə müqayisədə vətəndaşlar liftdən istifadəyə görə dövlətə daha çox pul keçirirlər: “Bu vəsait ona görə ödənilir ki, sabah liftlərdə hansısa texniki problem meydana çıxsa, “Lift-Təmir” İstehsalat Birliyinin əməkdaşları dərhal gəlib yaranan qəzalı vəziyyəti aradan qaldırsınlar”. Bizə çatan məlumatlarda isə bildirilir ki, vətəndaşlardan yığılan vəsaitin çox cüzi hissəsi liftlərin təmirinə, motorlarının dəyişdirilməsinə sərf edilir. Yerdə qalan məbləğin hansı işlərə xərcləndiyi isə dəqiq məlum deyil: “Qüdrət Şükürov birliyə baş direktor təyin olunandan sonra “Bakı Lift-Təmir” İstehsalat Birliyi böhran dövrünə qədəm qoyub. Şəhər meri Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır. Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar”.

O da qeyd olunur ki, son illər ərzində Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişdirilib: “Yeni liftlər Amerikanın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınıb. Yeni liftlərin içərisindəki elektron tabloda mərtəbə sayları göstərilir. Bu liftlərin alınması dövlətimizə elə də asan başa gəlməyib. Belə ki, xaricdən ucuz qiymətə alınan liftlərin qiyməti rəsmi sənədləşmədə bir neçə dəfə şişirdilib. Bununla da dövlətin büdcəsinə külli miqdarda ziyan vurulub”.

Sidik qoxulu liftlər

Bakı liftləri o qədər köhnəlib ki, bəzən qorxu filmlərinin epizodlarını xatırladır – sakinlər itlərini liftlə aparıb gətirdiyindən, balaca uşaqların tərbiyəsizliyi üzündən əksər liftlərdə içəridən sidik iyi gəlir, tərbiyəsiz gənclər düymələri siqaretlə yandırıblar və mərtəbə işarələri yoxdur, lampalar isə sınıq olduğundan adamlar, xüsusilə də qadınlar liftə tək minməyə üstünlük verirlər. Lift xarab olduqda isə müracət etməyə heç bir ünvan, telefon nömrəsi, çağırış düyməsi yoxdur, ümid yalnız pilləkənlə enib-qalxan adamların içəridən gələn haraylara göstərdiyi reaksiyaya qalıb. İndi adətən belə vəziyyətdə köməyə mobil telefon gəlir, adamlar qohum-əqrabalarına zəng edib yardım istəyirlər.

Bakı liftlərində hər cür “divar ədəbiyyatına”, cürbəcür “elan”lara çox rast gəlindiyindən liftdə qalanın hansısa nömrəyə zəng edib yardım ala biləcəyinə də ümid azdır. Buna görə də sakinlərin çoxu, xüsusilə də 4, 5 və 6-cı mərtəbələrdə yaşayanlar liftdən birdəfəlik imtina ediblər.





Qüdrət Şükürovun üç ildə dağıtdığı milyonlar…



Bu sahədə hökm sürən problemlərin bir çoxu “Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun adı ilə əlaqələndirilir. Məlumat üçün bildirək ki, sözügedən şəxs bu vəzifəyə 2012-ci Hacıbala Abutalıbovun əmri ilə təyin olunub. İddialara görə, vəzifədə olduğu 3 il ərzində elə də müsbət addımları ilə yadda qalmayıb.



Yayılan məlumatlarda deyilir ki, bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! İzahat üçün dərhal deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.

Müdirindən maksimum 1000 manat məvacib alan sürücünün adına olan həmin əmlakın əsl sahibinin kimliyi haqda uzun-uzadı araşdırma aparmağa gərək olmayıb. Qüdrət Şükürovun iqtidardakı adamlarının əlaqələrini işə salması da nəticə verməyib. Ona yoxlamanın “yuxarıdan” və heç kimə fərq qoyulmadan aparmaq göstərişinin verildiyini deyiblər.





8 milyonluq vergi borcu

Yayılan rəsmi məlumatda paytaxtın Xətai, Yasamal, Nəsimi, Suraxanı, Sabunçu və Səbayel rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin vergi borcunu ödəmədiyi qeyd olunurdu. Xüsusi olaraq borclu vergi ödəyiciləri sırasında Qaradağ rayon kanalizasiya İdarəsi və “Bakılift-təmir”ə tabe olan “Baklift-1″, ”Bakılift-2″ ixtisaslaşdırılmış istehsalat idarələrinin adları qeyd olunurdu. Maraqlıdır ki, adları çəkilən bütün idarələr Bakı meri Hacıbala Abutalıbova tabedir. Vergilər Nazirliyinin məlumatında dövlət qurumlarının vergi borclarının miqdarı haqda qeyd yox idi. Aldığımız məlumata görə, yoxlamalar zamanı “Bakılift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxıb. Maraqlı rəqəmdir deyilmi?

Belə bir vəziyyətdə baş direktorun sürücüsünün adına 5 milyon manatlıq mənzil alınması böyük qalmaqal yaradıb. Büdcə pullarının yeyintisinin hansı səviyyədə olması aranı qatıb. Məsələnin ölkə rəhbərliyinin diqqətində olduğu barədə də artıq məlumatlar var.

H.Abutalıbovun kadr seçiminin “özəlliyi” haqda məlumatı olanlar bilir ki, Bakı meri ən əhəmiyyətsiz posta belə təyinat zamanı əmrləri imzalamaqdan yayınır. Namizədin kimliyini müxtəlif yollarla araşdırır. Bu baxımdan Q.Şükürovun da təsadüfən baş direktor vəzifəsinə təyinat almasını söyləmək olmaz. Onu da demək olmaz ki, Q.Şükürov hansısa addımı Bakı merinin xəbəri olmadan atıb. Ola bilər ki, o, özünə əmlak alanda H.Abutalıbovla məsləhətləşməyib, amma indi Bakı meri də əməllicə cəncələ düşüb…

Q.Şükürovun bu təyinata qədər hansı vəzifəni tutduğu haqda məlumat yoxdur. Bilinən odur ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Sonradan polis oğruları tutub. Onun deputatlardan biri ilə qohumluq əlaqələrinin olduğu da bildirilir./Azerinfo.org/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar