Real vəziyyətlə 90 faizlik nəticə ziddiyyətlidir
Ötən gün hökumət saytlarının birində oxudum ki, şəhid ailəsi tövlədə yaşayır
Bəli, bir oğlunu Qarabağ müharibəsində itirmiş, o biri oğlu isə Qarabağ veteranı olan qadın villaların Bakının mərkəzində yerləşən tövlədə yaşayır. Amma bu tövlənin ətrafında bahalı villalalar yerləşir. Məlum olur ki, şəhid ailəsi kimsəsiz halda küçələrdə yaşama təhlükəsi ilə üz-üzədir. Bu ailənin vaxtilə yaşadığı vaqona və torpağına isə ətrafda bir neçə dəbdəbəli villası olan şəxslər göz dikib. Onların məmurlarla razılaşması isə şəhid anasını küçələrə salıb. Bəli, Bakının mərkəzində şəhid ailəsi tövlədə yaşayır, məmurlar isə bu ailənin mülkiyyətini ələ keçirirlər.
Bu xəbər o zaman yayıldı ki, hökumətimiz hərbi ritorikanı gücləndirməyə start vermişdi. Son günlər yenə də torpaqların geri alınacağı, müharibəyə start veriləcəyi bildirilir və cəbhə bölgəsində müəyyən canlanma hiss olunur. Hakimiyyət növbəti dəfə gündəmi müharibə mövzusuna kökləmək istəyir. Həmişəki kimi ziddiyyətlərlə dolu addımlar atılır. Bir tərəfdən Qarabağ qazisi şərlənərək həbs olunur, bir tərəfdən Qarabağ əlili intihar həddinə çatdırılır, bir tərəfdən Qarabağ veteranı zorla dəlixanaya salınır, o biri tərəfdən də şəhid ailəsi tövlədə yaşamağa məhkum edilir. Bütün bunlar isə 13500 şəhid ailəsinin sığorta pulunun verilmədiyi ölkədə baş verir.
Görəsən, müharibə iştirakçılarına qarşı belə ögey münasibət sərgiləyə-sərgiləyə, necə müharibə etmək olar? Vətəni sevənləri vətəndə qərib vəziyyətinə salıb, vətənpərvərlik ruhunu necə yüksəltmək olar?
Bugünlərdə “Rəy” Monitorinq Mərkəzi ard-arda sorğu keçirdi. Birinci sorğunun nəticəsinə görə Ilham Əliyev 87 faiz, ikinci sorğunun nəticəsinə görə isə 90 faiz səs toplamışdı. Yəni seçicilərin mütləq əksəriyyətinin Ilham Əliyevi dəstəklədiyini “müəyyən” etmişdi. Ötən yazılarımızda da qeyd etmişdik ki, indiki ağır sosial-iqtisadi durumda vətəndaşın hakimiyyətdən razılığı absurddur və bu sorğular saxtadır.
Hər gün bir daha sübut olunur ki, vətəndaşın Əliyev hakimiyyətinə simpatiya bəsləməsi üçün əsas yoxdur. Bu ölkədə şəhid ailəsi tövlədə yaşayırsa, bu ailənin mülkiyyətini məmurlar ələ keçirirsə və prezidentə müraciət də effektsizdirsə, vətəndaş Ilham Əliyevə niyə səs verməlidir?
Şəhid ailəsinin evlə təmin olunması demokratiya məsələsi deyil ki, hakimiyyət şəxsi maraqlara görə imtina etsin. Yaxud siyasi məhbusların azadlığı tələb edilmir ki, prinsip aparsınlar. Söhbət 2 övladını vətənə qurban vermiş ananın fəryadından gedir. Neftin pulunu oğurlayanlar şəhid ailəsinin mülkiyyətin də oğurlayırlar.
Göründüyü kimi, naqislik hakimiyyətin mahiyyətindədir. Bütün məsələlərdə sadə vətəndaşın haqqı tapdanır və rejimin acgözlüyü üzə çıxır. Hamı süründürülür, prezidentə 1000-lərlə şikayət məktubu göndərilir və cavabsız qalır. Belə olan halda seçicinin 10 faizi də bu hakimiyyəti seçməz. Yəni bütün xırda və böyük faktlar onu göstərir ki, mövcud hakimiyyət vətəndaşa qarşıdır.
Akif