Özbəkistan saytları: "Ermənilər Qarabağa 2 əsr əvvəl köçürülüblər"

10-07-2015, 20:37   
Özbəkistan saytları: "Ermənilər Qarabağa 2 əsr əvvəl köçürülüblər"
Özbəkistanın aparıcı analitik-siyasi xəbər portalı “sharh.uz”, habelə elmi-publisist “uchildiz.uz” saytı “Tarix susanda abidələr danışır” adlı məqalə yayıb.

Məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin tarixi reallıq olduğu bildirilir və qeyd edilir ki, 1978-ci ildə Azərbaycanın ovaxtkı Ağdərə rayonunun Marağa kəndində (indiki Tərtər rayonunda) ermənilərin Azərbaycanın Qarabağ ərazisinə köçürülməsinin 150 illiyinə həsr olunan “Marağa-150” abidəsi ucaldılıb.

Diqqətə çatdırılır ki, ermənilər 1978-ci ildə özlərinin ucaltdıqları həmin abidəni 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra onların İrandan və digər ölkələrdən Qarabağa köçürülməsinin 150 illiyinə həsr ediblər.

1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayan zaman onlar bu abidəni tamamilə dağıtmağa cəhd edib, məlum həqiqətləri tarixdən silmək istəyib, lakin buna nail ola bilməyiblər.

Bu abidə bir daha sübut edir ki, ermənilər Azərbaycanın Qarabağ bölgəsinə iki əsr bundan əvvəl köçürülüblər. Üzərində erməni dilində “Marağa-150” yazılmış abidənin qalıqlarının hazırda Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşdiyi məqalədə qeyd olunur.

Məqalədə Qarabağ torpağının bu həqiqəti öz sinəsində saxladığı və həmin ərazidə erməni köklü, erməni mənşəli bircə toponimin belə aşkar edilməsinin qeyri-mümkün olduğu vurğulanır.

Qeyd edilir ki, hətta bir abidə belə tarixin ən dərin və silinmiş yaddaşına işıq salır və onu saxtalaşdırmağa imkan vermir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar