Mərhumun ailə üzvlərinin Milli.Az-a verdikləri məlumata görə, Natavan Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 34 yaşlı Samir Əliyev artıq tutulub. İlkin məlumata görə, o, Natavanı Xətaidə evində öldürüb, sonra isə aparıb yandırıb.
Mərhumun qohumları Milli.Az-a bildirdilər ki, N.Əliyeva peşəkar həkim, əxlaqlı xanım olub. Hətta S.Əliyevin valideynləri də həmişə N.Əliyeva haqqında müsbət fikirdə olublar.
S.Əliyevlə Natavan iki il əvvəl boşanıblar. Samir artıq evlənib və başqa qadından da bir uşağı var. Onun qətli hansı səbəbdən törətməsi isə hələ də qaranlıqdır.
---------
12:24
Milli.Az-a daxil olan məlumata görə, qətlə yetirilmiş Natavan Əliyevanın iyulun 12-si doğum günü olasıydı.
Oxucularımız bildirirlər ki, onu əri Xətai rayonunda öldürüb, sonra Xızıya apararaq üzərinə avtomobil təkərinin şinini qoyaraq yandırıb.
----------
11:34
Yandırılaraq yol kənarına atılan həkimlə bağlı qaranlıq məqamlar ortaya çıxıb. Milli.Az xəbər verir ki, iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən 34 yaşlı Natəvan Əliyevanın qətlində keçmiş əri şübhəli bilinir.
Milli.Az-a daxil olan məlumata görə, onu əri Xətai rayonundakı evində öldürərək Bakı-Quba yoluna gətirirb və orada meyidə od vurub.
Xızı Rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, N.Əliyeva Bakıda 2 saylı Doğum Evində həkim-ginekoloq işləyib. Öz bibisi oğlu olan əri keçmiş polis işçisi olub. Onlar 2013-cü ilə boşanıblar və evlilikdən 3 uşaqları olub.
Meyidin aşkarlanmasına gəlincə, onun yanmış cəsədi təsadüf nəticəsində tapılıb. Yoldan keçən maşınlardan biri xarab olub. Sürücü qardaşına zəng edib məlumat verib və maşını yolda ataraq gedib. Sürücünün qardaşı isə həmin əraziyə gəlib. Maşında qardaşını görməyib, sonra isə maşının yaxınlığında yanmış meyit görüb. Xarici əlamətlərinə görə kişi cəsədini xayırladan meyidin qardaşı olduğunu zənn edib. Sonradan isə onun Xətai polisi tərəfindən itkin kimi axtarışda olan N.Əliyeva olduğu üzə çıxıb.
Hələlik saxlanılan yoxdur. İstintaq qrupu yaradılıb. Qatilin tapılması istiqamətində istintaq əməliyyat tədbirləri görülür.
Anar Məmmədov
Milli.Az