Uzun müddətdir ki, Azərbaycan mətbuatı Şirvan şəhər icra başcısı Mərdan Camalov başda olmaqla məmur özbaşnalığından, sakinlərin haqlı narazılığından yazır. Daimi mətbuatın gündəmində olan Şirvan şəhərinin icra başcısı isə bütün bu təpkilərə, narazılıqlara baxmayaraq, öz sükutunu qoruyub saxlayır.
Hətta Xalqxeber.Az saytının baş redaktoru Peyman Sadıqovla aralarında olan məhkəmə çəkişməsinə baxmayaraq, icra başcısından səs-soraq gəlmir. Xatırladaq ki, Şirvan şəhər icra hakimiyyəti Xalqxeber.Az saytını məhkəməyə verib. Peyman Sadıqovu cəzalandırmaq üçün hakim Ziya Əliyev Şirvan şəhər İcra Hakimiyyətinin rəhbərliyinin konkret olaraq icra başçısının xeyir-duasını alıb. İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, müavini Elmira Ağayeva məhkəmə çəkişməsinə baxmayaraq, bütün vasitələrlə jurnalistə qarşı özbaşınalıq ediblər". Peyman Sadıqovun ölkə başçısı İlham Əliyevə çoxsaylı müraciətlərindən və ona qarşı edilən özbaşınalıqlardan sonra yuxarı dairələr Şirvan şəhər İcra başcısı Mərdan Camalovun etdiyi əməllərə daha göz yummaq fikrində deyil. O cümlədən şəhər sakinlərinin də vəziyyəti olduqca acınacaqlı olduğundan daim Bakıya Prezident Administrasiyasına şikayətlər edir hətta paytaxta yürüş edəcəklərini bildiriblər. Verilən məlumata görə, yürüş məsələsi ortaya çıxan andan yuxarı instansiyalar icra başçısı barədə lazımi addımların atılması qərarına gəliblər. Bu barədə əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, ölkənin hüquq-mühafizə orqanları, eləcə də digər yetkili qurumlar Şirvanda olub-bitənləri araşdırmaq, şəhər sakinlərinin hüquqlarını pozan, onları dövlətdən narazı salan və paytaxt istiqamətində yürüş keçirməyə vadar edən şəxslərə qarşı konkret tədbir görmək barədə yekdil fikridədirlər. Bu isə o deməkdir ki, artıq Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun, həmçinin onun müavini Elmira Ağayevanın vəziyyəti bir xeyli ağırlaşıb. Çünki məhz onlar Şirvanda məmur özbaşınalığının günü-gündən artmasına, əhalinin yoxsulluq içində yaşamasına şərait yaradırlar. Aldığımız məlumata görə, artıq yuxarılarda Mərdan Camalovun məsələsi ciddi şəkildə müzakirə olunur: "İcra başçısının özünün də bundan xəbəri var. Elə buna görə də o, məzuniyyətə çıxmadan öncə təcili surətdə Bakıya gəlməli olub. İcra başçısı və müavini Prezident Administrasiyasında onların məsələsini yoluna qoya biləcək şəxsin yalnız Müdafiə Sənayesi Naziri Yavər Camalovun olduğunu bildiriblər və nazirə minnətçi düşüblər. Lakin Mərdan Camalov və Elmira Ağayeva istəklərinə nail ola bilməyiblər. Çünki nazir onlara arxa duracağına dair vəd verməyib". Bakıda ümidlərini itirən Mərdan Camalov məsələni öz bildiyi kimi həll etmək qərarına gəlib. O bunun üçün məzuniyyətə çıxmadan bir gün öncə öz əsabələri ilə birgə təcili toplantı çağırıb. Toplantıda əsas müzakirə olunan mövzu son günlər Şirvan şəhərində baş verən neqativ hallarla bağlı mətbuatda gedən materiallar və buna görə də yuxarıların başcıya qarşı tutduğu mənfi münasibət olub. Yazdığımız kimi, uzun müddətdir ki, Azərbaycan Kütləvi İnformasiya Vasitələrində Şirvan şəhərinin başcısı Mərdan Camalov və digər vəzifəli şəxslər barəsində silsilə tənqidi materiallar gedir. Bu isə yuxarı dairələrdə Mərdan Camalova qarşı ciddi narazılıqlar yaradıb. İdarə müdirlərinin iştirakı ilə keçirilən toplantıda Şirvanın İcra başcısı onlara bildirib ki, mətbuatda gedən məqalələrlə əlaqədar artıq yuxarı dairələrdə ona qarşı təzyiqlər başlayıb. Belə gedərsə, onun işdən azad edilməsi yaxın günlərdə reallığa çevrilə bilər. Amma nəyin bahasına olursa-olsun, bu problem tezliklə həll edilsin. Aldığımız məlumata görə, Mərdan Camalov mətbuatla məsələni tezliklə həll etməsə, onun doğrudan da, icra başcısı postunda qalmaq ehtimalı sıfıra bərabər olacaq. Odur ki, indi vəziyyət Mərdan Camalovun əleyhinə formalaşıb və Şirvan camaatı səbirsizliklə onun işdən azad olunacağı, eyni zamanda əməllərinə görə cəzalandırılacağı günü gözləyirlər.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.