Mərkəzi Bank Bərdə rayonunda baş vermiş intihar hadisəsinin mərhumun kredit borcu ilə əlaqəli olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, son günlər bir sıra mətbuat orqanlarında iyulun 8-də Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı dərc olunan yazılarda qeyd olunub ki, guya, həmin hadisədə həyatına sui-qəsd edən Elşad Vaqif oğlu Dadaşov kredit borcu olduğuna görə intihar edib.
Qeyd olunur ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və ümumiyyətlə, baş verən hadisənin bununla əlaqəsi yoxdur.
Mərkəzi Bank belə məlumatları yayanlara tövsiyə edir ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər.