İlqar Hüseynov: «Oğlum Razi Hüseynov erməni gülləsindən həlak olsa da, onun Hüseyn Paşayev tərəfindən qətlə yetirdiyini deyərək, həbsə atıblar»
«Oğlu Razi Hüseynov 01 mart 2015-ci ildə həqiqi hərbi xidmət keçən zaman düşmən erməni gülləsindən şəhid olsa da, ona şəhid statusu verilmir». Bunu JAM.AZ-a Ucar sakini İlqar Hüseynov bildirib.
Onun sözlərinə görə, oğlunun erməni gülləsindən şəhid düşməsini təsdiqləyən konkret sübutlar var. «Ancaq oğlumun ölümünü öz əsgər yoldaşının üstünə qoyub, onu 12 il müddətinə azadlıqdan məhrum ediblər».
İlqar Hüseynov qeyd edir ki, oğlu şəhid olan gün döyüş növbəsini əsgərlər Emil Bağırov, Cəfər Tağıyev və Hüseyn Paşayevin oğlu ilə dəyişdirib. «Bu dəyişiklikdən bir neçə dəqiqə sonra isə oğlum Razi Hüseynov sifət nahiyəsindən aldığı güllə yarasından şəhid olub. Oğlumun ölümünü isə belə izah etdilər ki, guya, postu təhvil verdikdən sonra Razi Hüseynov həmin posta yaxınlaşıb və postda olan əsgər Hüseyn Paşayev onu naməlum şəxs bilərək, atəş açıb. Əslində isə oğlumu ermənilər vurub».
Ucar sakini qeyd edir ki, hərbi qanunlara əsasən döyüş postunu dəyişmiş əsgərlər həmin əraziyə özbaşına gələ bilməzlər. «Həmçinin naməlum şəxslərin posta yaxınlaşması halı baş verdikdə postda olan hərbiçi bir neçə dəfə xəbərdarlıq etməli, zərurət olduğu təqdirdə göyə atəş açmalı və hücum ediləcəyi təqdirdə naməlum şəxsə atəş açmalıdır. Günün-günorta vaxtı postda olanın öz əsgər yoldaşını tanımaması yalandır. Üstəlik, ölümə səbəb olmuş güllə gilizinin hadisə yerindən tapılmayıb. Bütün hallarda oğlumun ölümünə səbəb olmuş güllənin gilizi postun içərisində düşüb qalmalı idi. Həmin gilizin yoxa çıxması, həmin yerdən tapılmaması tam əsassızdır, yalandır. Burada məqsəd ancaq hərbi hissə rəhbərliyinin özbaşınalığının, qanunsuzluğunun üstünü ört-basdır etməkdir».
İlqar Şüseynov deyir ki, oğlunun ölümünə görə həbs edilmiş Hüseyn Paşayevin heç bir günahı yoxdur. «Əgər təqsirləndirilən şəxs əsgər Hüseyn Paşayevin dediyi kimi, 6 metrlik məsafədən AK-74 markalı avtomat silahından açılan güllə oğluma dəysəydi, güllənin çıxdığı yer çox dağıdıcı olardı. Bu cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqları qondarma, yalan, saxta ekspert rəyləri, yalan ifadələrlə aparılıb. Əsgər Hüseyn Paşayevi isə yalan ifadə verməyə işgəncə ilə məcbur ediblər».
JAM.AZ-a danışan şəhid atası vurğulayır ki, oğlu düşmən snayperinin açdığı atəşdən dünyasını dəyilib və buna görə də, ona şəhid statusu verilməlidir. «O, ailənin yeganə oğlu idi. İndi bizi iki şey sarsıdıb, oğlumuzun həlak olması və saxtakarlıqla onun şəhid adının batırılması. Ona görə də, dövlət qurumlarından və ölkə rəhbərliyindən xahiş edirəm ki, oğlumun şəhid statusu verilməsinə yardımçı olsunlar».