Meksika hakimiyyəti dünyanın bir nömrəli narkobaronu hesab edilən Hoakin Qusmanın (“El Çapo” və ya “Gödəkboy”) ölkənin ən qəddar rejimli həbsxanasından qaçmasına görə 49 həbsxana əməkdaşını həbs edib.
Virtualaz.org saytı beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, saxlanılanlar arasında “El Çapo”nun saxlanıldığı həbsxananın rəisi Valentin Kardenas Lerma, mühafizəçilər və inzibati personal da var. Onları narkobaronun qaçmasına yardım etməkdə şübhəli bilirlər.
Təhqiqata başçılıq etmək üçün ölkənin daxili işlər naziri Migel Anhel Osorio Çonq prezidentlə Fransaya səfərini təxirə salıb.
Siyasətçilər ehtimal edilir ki, “El Çapo” nun həbsxanadan qaçırılması üçün narkomafiya həbsxana personalını həm ələ alıb, həm də ola bilsin onların ailə üzvlərini təhdid edib.
“El Çapo” ötən ilin əvvəllərində ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Meksika dəniz piyadaları tərəfindən ölkənin kurort bölgələrinin birində həbs olunmuşdu.
Bu, onun həbsxanadan ikinci qaçışıdır. “Sinaloa” kartelinin lideri olan “El Çapo” ilk dəfə 2001-ci ildə Meksikanın sərt rejimli həbsxanasından qaçıb və 13 il azadlıqda gəzib. “Sinaloa” karteli ilə müharibədə on minlərlə insan həlak olub.
“El Çapo” iyulun 12-də axşam saatlarında sərt rejimli Altiplano həbsxanasından qaçıb. Məlum olub ki, narkobaron qaçmaq üçün saxlanıldığı kameranın duş kabinəsinin altından qazılmış və 19 metr dərinlikdən keçən yeraltı tuneldən istifadə edib. Uzunluğu 1,5 kilometr olam tunel həbsxanadan aralıdakı tikinti meydançasına çıxır.
Dünyanın ən qorxulu və ən güclü narkobaronu, milyarder, ABŞ-da Al Kaponedən sonra ikinci ən güclü mafioz hesab edilən, şöhrəti Pablo Eskobarı da keçən Hoakin Qusman “Sinaloa” kartelinə 90-cı illərdən başçılıq edir. Bu kartel ABŞ-ın narkotik bazarının üçdə ikisini əlində saxlayır.
“Assoşiayted Press” agentliyi xəbər verir ki, H.Qusmanın həbsxanadan qaçırılması üçün tunelin ən azı 1 il əvvəldən planlaşdırıldığı ehtimal edilir.
Meksika hakimiyyəti bildirir ki, ölkənin ən sərt rejimli həbsxanasından (bu həbsxanaya “cəhənnəm” adı verilib) qaçmaq üçün Hoakin Qusmana böyük miqyasda kömək lazım idi.
Daxili işlər nazirinin bildirdiyinə görə, Qusmanın saxlanıldığı həbsxana təhlükəsizlik qaydalarına görə ABŞ və Kanadanın eyni rejimli həbsxanalarından geri qalmayıb.
Üstəlik Qusmana əlavə nəzarət təhkim edilib, o cümlədən qoluna elektron qolbaq taxılıb. Doğrudur, elektron qolbaq ancaq həbsxana ərazisində siqnal verə bilirdi.
750 izləmə kamerası və 26 təhlükəsizlik filtri ilə təchiz edilmiş həbsxanadan qaçmaq üçün “El Çapo”nun istifadə etdiyi tunel olduqca mürəkkəb olub. Ventilyasiya sistemi, işıqlandırma, dəmir yolu ilə hərəkət edən fərdi motosikllə təchiz edilmiş belə tuneli inşa etmək üçün 18 aydan 2 ilə qədər vaxt tələb olunur.
ABŞ-ın immiqrasiya və gömrük nəzarəti üzrə Milli mərkəzinin keçmiş rəhbəri Cim Dinkins deyir ki, görünür, bu tunel boss üçün nəzərdə tutulduğundan daha yüksək sürətlə işləyiblər.
Bu şücaəti isə Qusmandan başqa heç kim göstərə bilməzdi. O, 25 ilə yaxındır Amerika-Meksika sərhədindən narkotik keçirmək üçün mürəkkəb yeraltı tunellərin tikintisi ilə məşğul olub.
Onun karteli həmçinin məmurları ələ almaqda da ən uğurludur. “Sinaloa” karteli Meksika hakimiyyətinin içərilərinə nüfuz edib.
Eksertlər hesab edir ki, bir ildən çoxdur “El Çapo”nun kamerasına doğru tunelin qazılmasından hakimiyyət nümayəndələri xəbərsiz olmaya bilməzdi.
Cim Dinkins hesab edir ki, görünür, mafiya hələ “El Çapo” həbs olunmazdan əvvəl bu həbsxananın bütün təhlükəsizlik sisteminə bələd idi və çertjoylarını əldə etmişdi.
Tuneli dizayn edənlər və fəhlələrin həbsxananın planı, siqnalizasiya və kamera sistemi haqda məlumatlı olduğu şübhə doğurmur. Çünki tuneli qazanlar Qusmanın kamerasının altına çatanda və 10 metr dərinlikdə işləməyə başlayanda diqqəti cəlb edə bilərdilər.
“Bu, sizin üçün təkcə bir-iki alət, bel, külüng götürüb yeri qazmaq deyil, mürəkkəb əməliyyatdır”- deyə ABŞ-ın immiqrasiya və gömrük nəzarəti üzrə keçmiş yüksək rütbəli rəsmisi Alonso Pena bildirir.
“Necə ola bilər ki, onlar həbsxananın altında tikinti getdiyini eşitməyiblər? Bu, mümkün deyil” - A.Pena sual edir.
Həbsxananın ətrafı tikinti meydançası, nəhəng su kəmərləri, xəndəklər və katlavanlarla əhatələnib. Bu isə tunel qazanların diqqəti cəlb etməməsi üçün yaxşı imkandır.
“Lakin tuneldən palçığın və zibilin daşınması diqqəti cəlb etməyə bilməzdi”- C.Dinkins deyir.
Tunelin qazıldığı yerdə doğrudan da torpaq qatının başqa ərazilərə nisbətən 3-4 metr hündür olduğu görünür.
Daxili işlər naziri isə deyir ki, tuneli qazan fəhlələr torpağı daşıyıb ətrafa ata, yaxud onu içəridə bərkidə bilərdilər. Nazir tunelin qazıldığı yerdə torpaq qatının narın və yumşaq olduğunu da deyib.
F.Məmmədov
Virtualaz.org