Bakı sakinindən dövlət başçısı Ilham Əliyevə açıq məktub...
Paytaxt sakini Sevda Süleymanova dövlət strukturlarının onun başına açdığı oyunlar barədə dövlət başçısını məlumatlandırmaq üçün dəfələrlə ona məktublar, teleqramlar ünvanlayıb. Amma heç bir nəticəsi olmayıb. Ona görə də Sevda xanım bu dəfə müraciətini ictimailəşdirərək, dərdini media vasitəsilə dövlət başçısına çatdırmaq qərarına gəlib. Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küç. 69, mən. 15 ünvanında yaşayan Sevda Süleymanova məktubunda yazır:
“Mənim və ailəmin başına gətirilən oyunlarda ”Afina" MMC və “OMAKS 3" tikinti şirkətlərinin təsisçiləri, həmin şirkətlərlə əlaqəli işləyən ”Yunayted Kredit Bank" ASC və “Deka Bank” kimi bankların əlbir olduğunu düşünürəm. Bir sıra hüquq-mühafizə orqanlarında çalışanlarÿda onlara himayədarlıq edir. Onlar bütövlükdə qrup şəklində fəaliyyət göstərirlər. Bu qrupa həmçinin “Olimp”, “OMAKS 3", ”Afina" kimi tikinti şirkətlərinin bəzi əməkdaşları da daxildir.
Mən hüquq-mühafizə orqanlarına disk təqdim etmişəm. Orada Şahin Nəcəfovun danışıqları öz əksini tapıb. Həmin diskə qulaq asanda bu oyunların başımıza necə açıldığı aydın görünür. Amma bütün bunlar heç yerdə araşdırılmır, hüquq mühafizə orqanları bizə heç bir fakta söykənməyən, əsassız cavablar göndərir.
Məsələnin mahiyyətinə gəlincə, 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində həyat yoldaşım Qüvvətəli Süleymanov “Afina” MMC və “OMAKS 3" MTK-dan qoyduğu sərmayələri geri tələb etdi. O, 25 noyabr 2012-ci ildə ”Afina" MMC-dən iş icraçısı vəzifəsindən çıxdı. Bütün başımıza gələnlər də bundan sonra başladı. 19 yanvar 2013-cü ildə işdən evə gələrkən Zeynal Xəlilov küçəsi 593-cü məhəllə, bina 69 ünvanında yerləşən, bizə məxsus qeyri-yaşayış sahəsinin qapısının Yasamal Rayon Polis Idarəsinin 29-cu polis bölməsinin Ilyas adlı işçisinin iştirakı ilə Cabbarov Yasin Məhərrəm oğlu və bir neçə nəfər şəxs tərəfindən sındırıldığının şahidi oldum. Cabbarov Yasindən soruşdum ki, hansı əsasla bizə məxsus mülkü xəbərdarlıq etmədən, qeyri-qanuni yolla zəbt edirsiz? O, təhqiramiz ifadələr səsləndirərək, “ərinin mənə borcu var” dedi və məni əli ilə itələdi. Eyni zamanda, yanında gətirdiyi adamlara məni oradan kənarlaşdırmaq göstərişi verdi və əmlakımı qeyri-qanuni olaraq zəbt etdilər. Mən məsələ ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə müraciət etmək istədim. Həmin vaxt “Afina” MMC, “OMAKS 3" MTK-nın təsisçiləri, payçıları və arxalarında duran başqa qüvvələr yoldaşımı şərləyib həbsə atdırdılar. Yoldaşımı tutdurandan sonra yuxarıda adlarını qeyd etdiyim şəxslər məni və uşaqlarımı hədələməyə başladılar.
“OMAKS 3" MTK-nın sahibi Tapdıq Namazov həbsdə olarkən şirkətə rəhbərliyi onun oğlu Emil Namazov edirdi. Onu da həyat yoldaşımla Cəlal Bağırov tanış etmişdi. Emil Namazov atasını həbsdən buraxdırmaq üçün pula ehtiyacı olduğunu bildirdi ki, Z.Xəlilov küçəsi ev 69, mənzil 1 ünvanındakı evimizi banka girov qoyub, onlara kömək etməyimizi xahiş etdi. Təbii ki, krediti özü ödəyəcəkdi. Biz də kömək etməyə razılaşdıq və evimizi girov qoyub 105ÿmin manat götürərək ona verdik. Emil Namazov evimizi məhz onlar üçün girov qoyub, bankdan götürdüyümüz pulu da onlara verdiyimizi yazılı şəkildə, öz imzası ilə təsdiqləyib. Ötən il noyabrın 3-də ”Deka Bank"ın tələbilə, Yasamal Rayon Polis Idarəsinin əməkdaşları məni evimdən çıxarıb çölə atdılar. Baxmayaraq ki, əllərində heç bir məhkəmə qərarı və ya başqa rəsmi sənəd yox idi. Bununla əlaqədar müvafiq qurumlara şikayət etdiyimdən Tapdıq Namazov və oğlu Emil məni, övladlarımı hədələməyə başladılar. Maraqlıdır ki, dövlət strukturları da sanki bu adamlardan çəkinimiş kimi, müraciətlərimizə baxmır.
Bu il martın 14-də Daxili işlər naziri Ramil Usubov, iyunun 10-da Baş prokuror Zakir Qaralovla görüşmüşəm. Hər ikisi bu işin obyektiv araşdırılması barədə göstəriş versələr də, hələ ki, heç bir nəticə yoxdur.
Bizə məxsus mənzillə bağlı daha bir araşdırma Yasamal Rayon Məhkəməsində hakim Aytən Mirzəzadənin sədrliyilə aparılır. Bu işdə iddiaçı “Yunayted Kredit Bank” ASC-dir və həyat yoldaşımın mənzilləri ələ keçirmək istəyir. Qeyd edim ki, həyat yoldaşımın adına olan iki mənzil “Yunayted Kredit Bank”a elə bu qurumun əməkdaşı Nail Şahverdiyev tərəfindən girov qoyulub. Bu girovun əvəzində mənzillərin real dəyərindən qat-qat artıq - 420 min manat kredit götürülüb. Həmin pula da “Afina” MMC üçün yardımçı sahələr alınıb. Girovların real dəyərindən qat-qat yuxarı qiymətləndirilməsi həm bankda işləyən, həm də tikinti şirkətlərilə əlaqədə olan Nail Şahverdiyevin əməlinin nəticəsi idi. Bu işi birgə düzüb-qoşanlar indi həmin mənzilləri əlimizdən almağa çalışırlar. Məhkəmənin də bu barədə qərar verməsi üçün müxtəlif vasitələrə əl atırlar.
Əgər hüquq-mühafizə orqanlarına təqdim etdiyim disk araşdırılsa, bütün bu maxinasiyaları həyata keçirən qrup tam ifşa olunar. Amma təəssüf ki, bunu eləmək istəmirlər. Ona görə də xahiş edirəm, iş materialları obyektiv araşdırılması üçün Bakı şəhər Baş Polis Idarəsindən alınıb, başqa quruma verilsin. Bundan başqa, heç bir günahı olmadığı halda, həyat yoldaşımın həbsinə sifariş verən və bunu həyata keçirən şəxslər cəzalandırılsın. Əgər bütün bu baş verənlərlə bağlı tədbir görmək mümkün deyilsə, xahiş edirəm, mənim və ailəmin Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmasına qərar verəsiniz. Çünki haqsızlıq, ədalətsizlik olan yerdə yaşamaq mümkün deyil..."