1 saylı Psixonevroloji müəssisədə nələr baş verir?

24-07-2015, 08:05   
1 saylı Psixonevroloji müəssisədə nələr baş verir?Nazirlik bu faktların böhtan xarakterli olduğunu iddia edir


Xəzər rayonu 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində yeni rəhbərliyin zorakı idarəçiliyi sayəsində həmin müəssisədə çalışan 20 nəfərə qədər işçinin işsiz qalmasından bəhs edən Mətləb Balakişiyev həmin müəssisədə aldadılaraq və məcburi qaydada işdən çıxarılan şikayətçi xanımların problemini işıqlandırıb. Bəlli olub ki, müəssisəyə rəhbərlik edən Ədilə Əliyeva 25 may 2015-ci il tarixdə yaş həddiylə əlaqədar təqaüdə çıxıb. Həmin vaxt Rəhmumə Cəfərova müəssisəyə yeni rəhbər təyin olunub və o, vəzifəsinin icrasına başladığı gündən müəssisədaxili problemləri həll etmək əvəzinə, illər uzunu əmək fəaliyyətilə məşğul olan və bu sahədə kifayət qədər təcrübə toplayan işçiləri müxtəlif yollarla işdən azad etməyə başlayıb:
“Rəhmumə xanım bizi işdən çıxarır və yerimizə yeni işçilər götürür. Tələbimiz yalnız işimizə qayıtmaq, daşıdığımız vəzifəmizə bərpa olunmaqdır. Hazırda müəssisədə təqribən 255 nəfər xəstə var ki, onların da 200 nəfərindən çoxunun bankomat kartı Rəhmumə Cəfərovanın cibindədir. Hər xəstə orta hesabla ayda 50-270 manat təqaüd alır. Adicə statistik hesablama aparsaq, yəni 250 nəfər xəstənin hər biri ayda orta hesabla 150 manat təqaüd alırsa, Rəhmumə xanımın təkcə bu yolla gəliri hər ay təqribən 25-30 min manat olur. Elə ki, bankomat kartı müzakirə mövzusuna çevrilir, dərhal rəhbərlikdən açıqlama gəlir ki, əldə olunan gəlirlə həyətdə fontan tikdirəcəyəm, müəyyən təmir-bərpa işləri apartdıracağam. O bütün bunların cənab nazirin xüsusi tapşırıqları olduğunu deyir.
Müəssisədə Vəliyev Vəli adlı xəstə olub ki, onun da səhhəti bir müddət əvvəl pisləşir. Xəstənin qardaşı Rasim Vəliyevin qardaşını evə aparmaqda məqsədi ona ev şəraitində baxıb vəziyyətini qaydaya salmaq olub. Xəstənin vəziyyəti yaxşılaşandan sonra onu qaldığı müəssisəyə qaytaranda üzləşdiyi mənzərə Rasim Vəliyevi dəhşətə gətirir. Rəhbərlikdən bildirilir ki, müəssisədə yer yoxdur, amma nazirliklə danışıb yer tapmaq olar. Bunun da xərci 500 manatdır.
Müəssisənin problemli məsələlərindən biri də müxtəlif yollarla işdən çıxarılan işçilərin əmək kitabçaları ilə bağlıdır. Belə ki, rəhbərlik işçilərdən bəzilərini ərizə yazıb işdən çıxması, sonra işə bərpa etmək adıyla aldada bilib. Bir hissəsini isə xəbəri olmadan işdən çıxarıb. Işdən çıxmaq istəməyən işçinin əmək kitabçasını korlamaqla hədələyiblər.
Rəhmumə xanım özü ilə gətirdiyi “medbrat cəllad” ləqəbilə tanınan Rəsulun vasitəsilə xəstələrdən bəzilərini döydürür, bəzilərinəsə iynə vurdurmaqla işdən çıxmaq istəməyənlərin əleyhinə onlardan izahat aldırır. Xəstələr bankomat kartlarını vermək istəməyəndə, onlar da oxşar aqibətlə üz-üzə qalırlar.
Müəssisəyə verilən ərzaq tenderdə “qalib” çıxan firmalara köçürülür və rəhbərlik də firmalarla əlbir olduğundan, hər ay onlardan faizini alır. 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsində analoqu olmayan haqsızlıqların baş alıb getməsinə səbəb Rəhmumə Cəfərovanın ixtisasca müəllimə olmasıdır. O, rəhbərlik etdiyi sahənin mütəxəssisi olmadığından idarəetməni, kollektivlə, xəstələrlə işləməyin qaydalarını bilmir. Ən azından o, tibbi sahəyə bağlı kadr olmalıdır".
Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev münasibət bildirib. Onun sözlərinə görə, nazirliyin Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi barədə dərc olunan yazı bəzən subyektiv maraqlar, şəxsi ambisiyalar mövqeyindən yanaşılaraq, görülən bu işləri gözdən salmaq, ləkələmək marağında olanların mövcudluğunu göstərir. Şöbə müdiri qeyd edib ki, sosial xidmət müəssisəsinə bu vaxta qədər sosial xidmət sahəsində uğurlu iş təcrübəsi ilə seçilən yeni rəhbər təyin olunub. Müəssisədə mövcud olan nöqsanların aradan qaldırılması, bu qapalı tipli müəssisədə yaşayanların təminatının gücləndirilməsi, ciddi nizam-intizam prinsipinin yaradılması barədə ona müvafiq göstərişlər verilib. Hazırda 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeyd olunan istiqamətlərdə məqsədyönlü işlər aparılır: “Ilk növbədə burada sakinlərin rahatlığı, müvafiq xidmətlərlə təmin olunmaları, onların asudə vaxtının maraqlı keçməsi, mənalı istirahətinin təşkili üçün lazımi işlər aparılır. Müəssisənin əvvəlki rəhbərliyinin diktəsi ilə yazıldığı və dərc etdirildiyi aydın hiss olunan yazıda isə bu işlər görməməzliyə vurularaq, hazırda müəssisədə yeni direktor tərəfindən guya ”sakinlərin müavinət kartlarının əllərindən alındığı", “müavinətlərinin mənimsənildiyi”, “bu müavinətlər hesabına burada fontanın inşa ediləcəyi”, “işçilərə qarşı qanunsuz hərəkətlərin baş verdiyi”, “xəstələrin ac saxlanıldığı” və s. kimi heç bir əsası olmayan, böhtan xarakterliÿfikirlər yayımlanır".
E.Babayev bildirib ki, 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində mövcud olmuş yuxarıda sadalanan nöqsanlar əvvəlki direktorun fəaliyyəti dövründən qalıb və bu gün həmin nöqsanların aradan qaldırılması istiqamətində mühüm işlər aparılır: “Müəssisəyə yeni direktor iki ay öncə təyin olunub ki, ötən iki ay ərzində bu nöqsanların tam aradan qaldırılması fiziki baxımdan mümkün olmasa da, artıq müsbət nəticələr var və onların davam edəcəyi şübhəsizdir”.

Sosial şöbə azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar