Sürünən terror” Azərbaycan sərhədləri yaxınlığında

25-07-2015, 07:37   

Türkiyə ilə ABŞ arasında tarixi anlaşma - İncirlik və Diyarbəkir bazaları İŞİD-ə qarşı ortaq hava zərbələrinin məkanına çevrildi; Əhməd Davudoğlu: “Türkiyə hədəfə götürülüb”, demək, Azərbaycan da hədəfdə ola bilər...
Türkiyənin Şanlıurfa vilayətində 32 dinc sakinin ölümü ilə nəticələnən terror hücumundan sonra Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları iri miqyaslı kontur-tədbirlər həyata keçirir. Belə ki, ölkənin 13 əyalətində polis tərəfindən aparılan xüsusi əməliyyat və axtarışlar nəticəsində müxtəlif terror təşkilatlarına, o cümlədən İŞİD, PKK üzvü olan və ifrat solçu cərəyanlara aid 250 nəfərədək adam saxlanılıb.

Bu barədə Türkiyə baş nazirinin dəftərxanasından bildirilib. Məlumatlara görə, saxlanılanlar təhlükəsizlik qüvvələri və mülki vətəndaşlara qarşı aksiya və hücumlar hazırlığı içində imişlər. Ötən gecə isə 5 min polis əməkdaşı İstanbulda yaşayan terrorçuların saxlanması üzrə iri əməliyyata cəlb olunub. Analoji əməliyyat İzmirdə aparılıb.

Qeyd edək ki, saxlanmalar haqda qərar Kilis əyalətində İŞİD-çilərin Suriya ərazisindən Türkiyə hərbçilərinin mövqeyini atəşə tutduqdan sonra verilib. Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 4 F-16 qırıcısı Suriya sərhədi boyunca İŞİD mövqelərini bombalayıb. Əməliyyat nəticəsində İŞİD-in 2 qərargahı və 1 düşərgəsi məhv edilib.

***
“İŞİD-ə qarşı əməliyyatlar davamlı olacaq”. Bunu baş nazir Əhməd Davudoğlu bildirib. Onun sözlərinə görə, həyata keçirilən əməliyyat məqsədinə çatıb: “Bu, birdəfəlik əməliyyat deyil, davamı gələcək. Sərhəd bütövlüyümüzə təhlükə yaranan anda tədbir görüləcək. Türkiyə Silahlı Qüvvələri aldığı təlimata əsasən, İŞİD-in mövqelərinə zərbələr endirib. Əməliyyatlar barədə rəsmi Dəməşqə məlumat vermək məcburiyyətində deyilik. Qərar Ankarada qəbul edilib və icra olunub. Türkiyə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir”. Davudoğlu İŞİD və PKK terror təşkilatlarının Türkiyədə eyni zamanda terror hadisələri törətməsinin təsadüfi olmadığını da bildirib: “Türkiyə hədəfə götürülüb”.

Bu arada ABŞ rəsmiləri İncirlik və Diyarbəkir bazalarından İŞİD-ə qarşı hava hücumlarının təşkil olunması üçün Türkiyə ilə razılığa gəldiklərini açıqlayıblar. “New-York Times” xəbər verir ki, ABŞ rəsmiləri razılaşmanın oyunun qaydalarını dəyişdirəcək səviyyədə olduğunu söyləyib. Ağ Ev qaynaqlarından alınan məlumatlarda bildirilir ki, İŞİD-ə qarşı təşkil edilən hər bir hücum indi İncirlik və Diyarbəkir bazalarından daha asan şəkildə həyata keçiriləcək. Amerikan qırıcı təyyarələri daha çox Suriyaya hücum etməyi planlaşdırır.



***
Türkiyənin ardınca İsrailin də Suriyaya doğru irəlilədiyi barədə xəbərlər yayılıb. Belə iddialar bir çox türk mətbu orqanlarında yer alıb. Bildirilir ki, Türkiyə Əlibəylidən, İsrail isə Kuneytra bölgəsindən qoşun yeritməyə başlayıb. Lakin hələlik Türkiyənin İŞİD-ə qarşı quru əməliyyatlarına başladığı barədə rəsmi məlumat yoxdur.

Böyük ehtimalla, Ankara terrorçu hörgütə qarşı daha çox hava hücumlarından istifadə edəcək. Çünki İŞİD-in indiki göstəriciləri fonunda quru əməliyyatları riskli olmaqla yanaşı, ölkə daxilində mülki əhalinin daha böyük terror təhlükəsi ilə üzləşməsi demək olardı.
Bununla belə, qardaş ölkənin ABŞ-a İncirlik bazasından İŞİD-ə qarşı hava hücumu üçün istifadə etməyə, nəhayət, razılıq verməsi çox mühüm hadisədir. 1. Bu, Türkiyə-ABŞ hərbi əməkdaşlığının həqiqətən strateji önəm daşıdığını təsdiqləyir; 2. Həm də NATO üzrə müttəfiq olan iki böyük dövlətin region üçün nə dərəcədə önəm kəsb etdiyini ortaya qoyur; 3. Ankaranın bölgədə artan rolunu təsdiqləyir; 4. Guya Türkiyənin İŞİD əleyhinə həvəssiz mübarizə apardığı haqda dolaşan rəyləri gündəmdən çıxarır.



Şübhə yox ki, buna ən əvvəl İŞİD terrorçularının Şanlıurfada törətdikləri canlı bomba terroru stimul verib. Başqa sözlə, Türkiyənin səbir kasası artıq dolub və real addımlar atmaq zərurəti yaranıb.

***
İŞİD terroruna qarşı region ölkələri və aparıcı güclərin daha effektli və birgə addımlar atmasını, geniş miqyaslı əməliyyatlar həyata keçirməsini artıq mövcud şərtlər diktə edir. Aydın görünən budur ki, qruplaşma həmsərhəd və ya yaxın ölkələrdə seriya terror aksiyalarına qərar verib.



Tacikistanda bu cür terror aktlarının planlanması isə belə qənaətə gəlməyə əsas verir ki, İŞİD artıq postsovet məkanı ölkələrini də hədəfə alıb və onların arasında Azərbaycan, Orta Asiyanın müsəlman ölkələri öndə gəlir.

Həmin məlumata görə, Tacikistanın hüquq-mühafizə orqanları İŞİD-in Ramazan ayı boyunca ölkədə silsilə terror aktları törətmək cəhdinin qarşısını alıb. Bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb: “Tacikistan DİN-in mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə idarəsinin əməkdaşları silsilə terror aktlarının hazırlanmasında şübhəli bilinən 25 yaşlı, Düşənbədə yaşayan Kulyab şəhər sakini Bobodjon Radjabalini saxlayıblar. Saxlanılan sorğu-sual zamanı etiraf edib ki, Ramazan ayının son dövründə 10-dan çox milis bölməsini partlatmaq niyyətində olub. Onun sözlərinə görə, bir gün Kulyabda 3, Düşənbədə 3, Fayzabadda 3 və Qarmedə 3 milis bölməsi partladacaqmış. Daxili İşlər Nazirliyi Radjabaliyə yardımçı olan 39 yaşlı Sadriddin Racabovu da yaxalayıb”.



Məlumatda daha sonra qeyd edilir ki, cinayətkarlar ölkənin 4 regionunda güc strukturlarının və əhalinin kütləvi toplaşdığı yerlərdə bir neçə partlayış törətməyi planlaşdırıblar. Digər məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları hazırda daha 3 ehtimal edilən terrorçunun izinə düşüblər.

***
Göründüyü kimi, İŞİD terror təhlükəsi yavaş-yavaş bizə yaxın coğrafiyaya ayaq açıb. Bu mənada qruplaşma əleyhinə ABŞ-Türkiyə tarixi anlaşması şübhəsiz, həm də Azərbaycan adınadır. Yaddan çıxarmaq olmaz ki, bu gün İŞİD sıralarında yüzlərlə azərbaycanlı da döyüşür və onların burada təəssübkeşləri yox deyil. Üstəgəl, İŞİD Azərbaycanı da virtual “xilafət”in tərkib hissəsi elan edib. Nəhayət, baş nazir Davudoğlu deyirsə ki, Türkiyə hədəfə götürülüb, demək, Azərbaycan da hədəfdədir.

Təcrübə isə göstərir ki, terrorun kökünü kəsmək üçün onun yuvasına gedib çıxmaq lazımdır. Yuva məlumdur...

Siyasət şöbəsi //musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar