Mütəşəkkil dəstə İlham Kazımovun evini necə əlindən alıb?
Bakının Xəzər rayonu, Şağan qəsəbə sakini Ilham Kazımov ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq” qəzetinin redaksiyasına ünvanlayıb. Ilham Kazımovun müraciətini olduğu kimi təqdim edirik:
“Artıq 5 ildir ki, hüquq-mühafizə orqanlarına etdiyim müraciətlərin heç bir nəticəsi yoxdur. Dəfələrlə dövlət başçısı Ilham Əliyevə, Bakı şəhər Baş Polis Idarəsinə, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinə, MTN-ə, Milli Məclisə və digər qurumlara müraciət etsəm də onlar şikayətimi Xəzər rayon polis idarəsinə göndəriblər. Orada isə yüksək vəzifəli məmurların tapşırığıyla şikayətimə baxılmayıb. Prezidentin son çıxışından sonra onun internet və email səhifəsinə məktubla siqnal göndərmişəm. Bu barədə internetlə bütün hüquq-mühafizə orqanlarına müraciət etsəm də hələ ki bir nəticə yoxdur. Dövlət başçısına ünvanladığım məktubu olduğu kimi sizə təqdim edirəm.
Cənab prezident! Bu gün bir çox məmurlar tutduğu vəzifədən istifadə edərək qanunlara məhəl qoymur. Onlar hüquqları pozulan vətəndaşların şikayətinə gəlir mənbəyi kimi baxaraq haqsızdan rüşvət alıb haqlını haqsız edirlər. Haqqına sahib çıxan insanları illərlə get-gələ salaraq məhkəmələrdə süründürürlər. Şərəf-ləyaqətini itirmiş belə məmurların cəzasız qalması vətəndaşların müstəqil dövlətimizə olan inamını sarsıdır. Belə kiçik məsələlər həllini tapmadıqda insanlar Avropa məhkəməsinə üz tuturlar. Belə hallar dövlətimizin beynəlxalq aləmdəki imicinə zərər vurmaqla yanaşı, dövlətçiliyimizin inkişafına və gələcəyinə təhlükədir.
Mən Şağan qəsəbəsində yaşayıram. Maddi imkanlarım zəiflədiyi üçün şəxsi evimi satmalı oldum. Əslən naxçıvanlı olan Qəmbər Hacıyev evimi almaq üçün 15 may 2010-cu ildə mənimlə sövdələşdi və 90.000 dollar müqabilində evi almağa razı oldu. Evin “kupçası” olmadığı üçün razılaşmaya görə 30.000 dollar nağd şəkildə, 40.000 dollar dəyərində “Prado-Ceep” markalı avtomobili aramızda vasitəçi olan tanışıgildə qalmaq şərtilə qalan 20.000 dollarla birlikdə sənədlər tam hazır olandan sonra mənə verilməliydi.
Şərtlə razılaşıb 30.000 dolları nağd aldım, sənədləri hazırlanan maşına isə 2 ay vaxt istədim. Sənədlər vaxtında hazır olmadı. Bundan sonra Qəmbər kriminal aləmdə Yapon kimi tanınan 9 nəfərlik dəstəsilə evimə hücum etdi. Məndən kağız aldılar ki, heç yerə şikayət etməyim, yoxsa uşaqlarımı öldürəcəklərini və Şağanda daşı-daş üstə qoymayacaqlarını bildirdilər. Beləliklə də evimə sahib çıxdılar.
Sonradan əlaqədar hüquq-mühafizə orqanlarına etdiyim şikayətlərə baxan olmadı. Yalnız MTN-ə müraciət edəndən sonra Qəmbər mənə 20.000 dollar dəyərində Mersedes markalı avtomobil və 10.000 dollar verərək şikayət etməməyi söylədi. Qalan 30.000 dolları tezliklə düzəldib verəcəyini dediyi üçün şikayətçi olmadım. Lakin həmin pulu indiyədək ala bilməmişəm.
Başıma gələn hadisəni yazmaqda məqsədim budur ki, haqqı pozulan vətəndaşların taleyinə biganə qalmayasınız, onlara kömək edəsiniz".
Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.