Müzəffər Baxışov: «Bu, Cəzaların Icrası Məcəlləsinə ziddir»
Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş şəxslər Qobustandakı qapalı həbsxanada saxlanılır. Amma bu kateqoriyadan olan bir məhkum var ki, nədənsə o, istisna təşkil edir. Bu da Daxili Işlər Nazirliyinin keçmiş polkovniki, çoxsaylı qətllər, adam oğurluqları və digər ağır cinayətlər törətmiş dəstəyə başçılıq edən Hacı Məmmədovdur. O, 2005-ci il martın 10-da həbs olunsa da, bu günə qədər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılır.
MTN-də monitorinqlər çərçivəsində Hacı Məmmədovla görüşən Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov “modern.az”a açıqlamasında deyib ki, orada qalmaq onun öz istəyidir: “O, ərizə ilə MTN-nin rəhbərliyinə müraciət edib, orada qalmaq istədiyini bildirib. Özü bunu belə əsaslandırır ki, əgər Qobustan qapalı həbsxanasına köçürülərsə, ola bilsin kimlərinsə əli ora çatar, həyatı təhlükə ilə üzləşər. Hacı Məmmədovu bu müraciətinə görə, orada saxlayırlar. Qanunla ömürlük məhkuma nə tətbiq olunursa, Hacı Məmmədov da ondan yararlana bilir”.
Qeyd edək ki, Hacı Məmmədov işi üzrə bir xeyli adam ömürlük həbs cəzası aldı ki, onların arasında Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin rəisi, general Zakir Nəsirov da vardı. Hətta o da məhkəmənin hökmü qüvvəyə minəndən sonra Qobustan həbsxanasına köçürüldü.
Maraqlıdır, məhkumların harada saxlanılması məgər onların öz istəyilə tənzimlənir? Və yaxud da Qobustan həbsxanasında məhkumların təhlükəsizliyinə ciddi yanaşılmır?
Bu yerdə həm də siyasi məhbuslar və onların yaxınlarının müraciətləri yada düşür. Siyasi məhbusların bir çoxu Penitensiar Xidmət rəhbərliyinə evlərinə yaxın cəzaçəkmə müəssisələrinə köçürülməsi üçün müraciət etsə də, buna əhəmiyyət verilməyib. Müsavat başqanının müavini, narkotiklə şərlənərək həbs olunmuş Fərəc Kərimli və qardaşı Sirac Kərimli bugünlərdə ayrı-ayrı cəzaçəkmə müəssisələrinə göndərildi. Halbuki, onların atası Penitensiar Xidmət rəhbərliyinə müraciət edərək, ailənin maddi durumunu nəzərə alıb oğurllarının hər ikisinin eyni müəssisəyə göndərilməsini xahiş etmişdi. Hətta bu məsələdə də siyasi məhbusların atasının xahişi nəzərə alınmadı. Amma Hacı Məmmədov 10 ildir ki, indiyədək heç bir ömürlük məhbusa şamil olunmayan güzəştdən yararlanır.
Məsələnin başqa bir tərəfi də var: ömürlük azadlıqdan məhrum edilmiş şəxsin istintaq təcridxanasında saxlanılması nə dərəcədə qanunidir?
Tanınmış hüquqşünas Müzəffər Baxışov deyir ki, Cəzaların Icrası Məcəlləsində müəyyən kateqoriyadan olan məhkumların cəzalarını istintaq təcridxanasında çəkməsi barədə məqamlar var. Xüsusilə ağır cinayətlərə görə məhkum olunan Hacı Məmmədov isə bu kateqoriyaya aid deyil. Hüquqşünasın sözlərinə görə, onun MTN-nin istintaq təcridxanasında saxlanılması Cəzaların Icrası Məcəlləsinə ziddir: “Yəni bu, qanunsuzdur. Lakin ola bilsin ki, onun təhlükəsizliyi, həyatının qorunması məqsədilə müstəsna qərar qəbul ediblər. Qanunsuz da olsa, buna görə onu istintaq təcridxanasında saxlayırlar. Yəni insan həyatı hər şeydən qiymətli olduğuna görə qanunlar çərçivəsinə sığmasa da, onu orada saxlayırlar. Bu, qanuni deyil və qanunun tələblərindən kənara çıxmadır. Bu qərarın kim kim tərəfindən qəbul olunduğunu, onun həyatına təhlükə yarana biləcəyi ehtimalını kimin müəyyənləşdiyini isə deyə bilmərəm”.
Bir sıra ekspertlər isə hesab edir ki, Hacı Məmmədov uzun illər himayə olunaraq, səs-küylü qətllər, adam oğurluqları törətmiş bir dəstənin başçısı kimi, kifayət qədər məlumatlı birisidir. Onun MTN-dən buraxılmaması həm də həmin gizli məlumatların kənara çıxmasının qarşısını almaq məqsədi daşıyır. Yəni, Hacı Məmmədov MTN-də təkadamlıq kamerada saxlanılmaqla, onun kənar adamlarla təmasına imkan verilmir.