Azərbaycandan keçirildiyi iddia olunan 333 kilo heroinlə bağlı rəsmi açıqlama... - YENİLƏNİB

30-07-2015, 14:23   
Azərbaycandan keçirildiyi iddia olunan 333 kilo heroinlə bağlı rəsmi açıqlama... - YENİLƏNİB

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) Rumıniyanın hüquq-mühafizə orqanlarının Azərbaycandan keçdiyi deyilən 333 kiloqram heroinin müsadirə olunması haqda yayılan xəbərlərə aydınlıq gətirib.

DGK-nin mətbuat xidmətindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan tərəfi qanunsuz narkotik qaçaqmalçılığının qarşısını həmişə alıb.

“Rumıniyaya Azərbaycandan keçməklə getdiyi deyilən 333 kiloqram heroinə gəlincə isə bildiririk ki, kütləvi informasiya vasitələri bu xəbərdə Azərbaycanın adını yanlışlıq ucbatından hallandırıblar. Rumıniyanın Mütəşəkkil Cinayətkarlıqla və Terrorizmlə Mübarizə İdarəsinin rəsmi saytında (http://www.diicot.ro/index.php/arhiva/1533-comunicat-de-presa-29-07-2015) yerləşdirilmiş məlumatda Azərbaycan haqda heç bir söz yoxdur” - deyə DGK-dan bildirdilər.

*****
13:04

Rumıniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları rekord miqdarda heroini müsadirə edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Mütəşəkkil Cinayətkarlığa və Terrorizmə Qarşı Mübarizə İdarəsi (DİİCOT) və rumın polisi məlumat yayıb.

“Bu, Rumıniyada 1990-cı ildən bəri müsadirə edilmiş ən böyük heroin partiyasıdır” - deyə DİİCOT-un böyük prokuroru Konstantin Xorodniçanu bildirib.

Prokuror əlavə edib ki, müsadirə edilmiş heroinin çəkisi 333 kiloqram, onun bazar dəyəri isə təxminən 40 milyon avrodur.

Rumıniya polisinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi, baş komissar Klaudiu Kukunun sözlərindən belə məlum olub ki, 333 kiloqramlıq heroin yükü Rumıniyaya Azərbaycandan, daha sonra Ermənistan, Gürcüstan və Ukraynadan keçirilməklə çatdırılıb.

Polisin məlumatında deyilir ki, heroin iki yük maşının benzin bakında gizlədilibmiş. Həmin maşınlar iki gün əvvəl Rumıniyanın şimalındakı Satu-Mare və Bistritse məntəqələrində Rumıniya-Macarıstan sərhədini keçməyə hazırlaşarkən saxlanılıb.

“Ağ toz” doldurulmuş yüzlərlə paket qəsdən istiot və ədviyyat bağlamaları ilə bir yerə yığılıbmış ki, xüsusi təlim keçmiş itlər də onu hiss etməsin. Daha sonra həmin paketlər benzin bakının alt tərəfində xüsusi hazırlanmış yerə qoyulubmuş.

Heroinin daşınmasını rumın-türk cinayətkar qruplaşması həyata keçirib. Bu qrup 2011-ci ildən etibarən polisin nəzarətindədir. Bu cinayətlə bağlı 2 Rumıniya, 3 Türkiyə vətəndaşı həbs olunub. Daha 7 nəfər isə sorğu-sual edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar