Nəqliyyat nazirinin karyerası bitir?
Beynəlxlaq reytinq agentliyi “Standard & Poors”, “Azərbaycan Dəmir Yolları”QSC-nin “BB +” olan uzunmüddətli korporativ kredit reytinqinin müşahidəsini dayandırıb. Fins.az-ın məlumatına görə, reytinqin müşahidəsi, QSC-nin maliyyə göstəriciləri, əməliyyat fəaliyyəti, daşımaların həcmi, investisiya layihələri və inkişaf perspektivləri haqqında lazımi informasiyların olmamasına görə dayandırılıb.
“Standard & Poors” bəyan edib ki, lazımi məlumatlar təqdim olunarsa reytinq bərpa oluna bilər. “Əgər məlumatlar 90 gün ərzində verilməyəcəksə, biz reytinqin geri çağırılması imkanlarını nəzərdən keçirəcəyik”,- deyə agentlik bildirib.
“Standart & Poors”un bu addımı “Azərbaycan Dəmir Yolları” QSC-nin kredit götürməsi üçün ciddi problem yarada bilər. Cavid Qurbanovun bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qatarların və xətlərin yenilənməsi gündəmə gəlib. Bunun üçün xeyli maliyyə vəsaiti lazımdır. Qurum bu layihələri kredit götürmədən həyata keçirməsi o qədər də asan deyil.
Baş verənlərə görə təbii ki, ilk növbədə nəqliyyat naziri Ziya Məmmədov hədəfə gələ bilər. Son dövrlər onsuz da onun başı üzərində qara buludlar əsir. Avropa Oyunları ərəfəsində “Olimpiya Kəndi”ndə baş verən qəza ilə hədəfə gələn Ziya Məmmədov, bu problemi həll etməmiş qardaşı ilə bağlı qalmaqal baş verdi. Söhbət nazirin qardaşının qudasının güllələnməsindən gedir. Həmin vaxt yayılan məlumatlarda deyilir ki, əslində qatil Ziya Məmmədovun qardaşını öldürmək istəyib. Lakin qudası özünü önə verdiyi üçün güllə ona dəyib. Bu hadisənin kökündə namus məsələsinin dayandığı bildirilirdi. Bundan sonra Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-da hakimiyyətin lehinə apardığı işlərin iflasa uğradığı barədə xəbərlər yayıldı. Daha sonra isə məlum oldu ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvandakı idarəsini yoxlatdırıb. Həmin idarənin rəhbəri Ziya Məmmədovun yeznəsidir. Bu yoxlama da Ziya Məmmədov üçün ciddi zərbə sayıla bilər. Çünki yoxlamadan sonra idarənin müsahibi intihar edib. Bəzi məlumatlara görə, Ziya Məmmədovun ətrafında baş verən bu olaylar artıq onun “vurulmasını” zərurətə çevirib. Ehtimal olunur ki, yaxın vaxtlarda nazirlə bağlı daha bir neçə qalmaqallı olay ictimaləşdiriləcək.