“Mən necə dolanım, cənab prezident?”

4-08-2015, 07:25   


İsmayıllıdan olan tarix müəllimi Ilham Əliyevdən yardım istəyir


«Dəfələrlə Bakıda və Ismayıllıda «qul bazarı»na çıxıb iş axtarmışam, amma tapmayıb peşman halda qayıtmışam...»
Ismayıllı rayonunun Qubaxəlilli kənd sakini, tarix müəllimi Vüqar Vaqif oğlu Hüseynov dövlət başçısı da daxil olmaqla, bir sıra dövlət strukturlarına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Müəllim həmin məktubda özünün və ailəsinin acınacaqlı vəziyyətindən bəhs edir. Məlum olur ki, Vüqar müəllim deputat Hadı Rəcəblinin tövsiyəsinə uyğun olaraq, məktəbdən sonra qalan vaxtlarında fəhləlik eləməyə də razıdır. Hətta bu məqsədlə yay tətilində paytaxtda rayondakı “qul bazarına” da gedib, amma orada da iş tapa bilmir.
Vüqar Hüseynov məktubunda yazır:
“2014-2015-ci tədris ilində həftəlik dərs saatım 15 saat, aylıq maaşım gəlir vergisi və s. vergilər tutulandan sonra 218 manat olub. Ailəliyəm və üç məktəbli övladım var. Həyat yoldaşımın səhhətində problemlər var və işləmir. Mən hökumətin verdiyi 218 manatla dolana bilmirəm. Zəhmət olmasa, nümayəndə göndərin və yaşadığım evə, həyat tərzimə baxın. Ailəmiz yoxsulluq həddində yaşayır. Ərzaq mağazalarına, aptekə və ”Unibank"a borcu olan yoxsul bir müəlliməm.
2015-ci il iyulun əvvəllərində tətilə buraxılanda 435 manat məzuniyyət pulu aldım. Hamısı da borclara xərcləndi. Bununla belə 674 manat 85 qəpik borcum qalıb. Bəs mən nə edim? Axı biz müəllimlər oktyabr ayından maaş alacağıq. Doğrudur, əlim-ayağım salamatdır, sağlamam. Yay tətilində fəhlə işləyib pul qazana bilərəm. Lakin iş yoxdur. Dəfələrlə Bakıda və Ismayıllıda “qul bazarı”na çıxıb iş axtarmışam. Amma iş tapa bilməyib, peşman halda geri qayıtmışam.
Cənab prezident! Siz 2003-cü il seçkilərindən sonra demişdiniz ki, hər bir Azərbaycan vətəndaşının prezidenti olacaqsınız. Odur ki, 60-cı illərdə tikilən və son zəlzələdən sonra yararsız hala düşən evimizi təmir etdirmək, müəllim işimlə əlaqədar noutbuk almaq, pay əkin torpağımı əkib-becərmək üçün gübrə almaq, kitablarımın çap olunması üçün mənə ehtiyat fondunuzdan 5 min manat vəsait verməyinizi xahiş edirəm.
Bir də arzum budur ki, uşaq pullarının verilməsini bərpa edəsiniz. Çoxuşaqlı ailələrə deyil, bir-iki uşağı olanlara da hər ay uşaqpulu versəydilər, yaxşı olardı. Həmçinin bankların kredit faizini 8-9 faizə endirməyinizi xahiş edirəm. Müəllimlərin əməkhaqqısı artırılandan sonra onlardan ayda tutulan 20 faizlik gəlir vergisi üç dəfə artırılıb. Bu məsələyə də diqqət ayırmağınızı və imkansız ailələrin xeyrinə qərar verməyinizi istəyirəm".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar