Dövlət rüsumu 63 manat olan qəbir yerləri niyə 500-1000 manata satılır?
Azərbaycan “həqiqətlər”ini yazıb qurtarmaq mümkün deyil. Bütün sahələrdə əndrabadi proseslər gedir. Hökumətimiz nəinki daşdan, ölüdən də pul çıxarır.
Bəli, Azərbaycan yeganə ölkədir ki, burada qəbiristanlıq korrupsiyası var. Doğmasını itirmiş adamlar 500-1000 manat, bəzən daha çox pul ödəməlidir ki, cəsəd yerdə qalmasın. Təbii ki, bu biabırçı mənzərədə Dini Qurumlar üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları Idarəsinin də məsuliyyəti var. Bu qurumlar həyəcan təbli çalıb insanların ölümünü alver predmetinə çevirənləri ifşa edə bilərlər. Amma Azərbaycanda heç bir orqan müstəqil deyil və bütün sahələr Prezident Aparatına zəncirlənib. Əgər hökumətin iradəsi olsa, bu məsələ dərhal həllini tapar. Amma “qəbiristanlıq biznesi” gəlirli sahədir və hər il milyonlarla vəsaitin ciblərə axmasını təmin edir. Azərbaycanda qəbir yerlərinin AZAL-ın biletləri kimi uçması heç kimə sirr deyil. Amma Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, qəbir yerləri üçün pul tələb olunmur: “63 manat dövlət rüsumu var. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, dövlət rüsumu 63, xarici vətəndaşdırsa 79 manatdır. Yəni hər kəs rüsumu ödəyərək ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. ”Yer pulu" deyəndə isə diqqətinizə çatdırım ki, torpaq pullu deyil"- deyə Sabir Həsənov bildirib.
Bu adamlara xatırlatmaq lazımdır ki, Azərbaycan vətəndaşları ölümsüz deyil. Yəni hamının yaxınları, qonşuları rəhmətə gedir və hamı da qəbiristanlıqlarla məcburi əlaqədə olur. Ölü yeyəsi deyir ki, 1000 manat ödəmişəm, rəsmi şəxslər deyir ki, 63 manatdır. Bu ölkədə dövlət rüsumları çoxdandır rəhmətə gedib. Ona görə əhalinin 90 faizi bu rüsumlar haqqında məlumatlı deyil. Indi dövlət rüsumlarını hökumət rüsumları əvəz edir. Bu ölkədə bütün xidmətlər dövlətin təyin etdiyi məbləğdən 10-15 dəfə baha başa gəlir. Sanki ölüdən də, ölmüş şəxsin ailəsindən də qisas alırlar. Axı qəbir yerlərinin 500-1000 manata satılması həm də əxlaq məsələsidir. Necə olur ki, hökumət özünə sərf edən məsələləri dərhal həll edə bilir, amma vətəndaşı təqib edən problemlərə göz yumur? Ağır vəziyətdə olan vətəndaşa kömək etmək əvəzinə, ikinci zərbəni vururlar. Bakıda bütün qəbiristanlıq ərazilərinin öz qiyməti var. Qəbiristanlığı “ölülər hoteli” kimi istifadə edirlər. Dünyasını dəyişənlər məcburi “putyovka” almalıdır.
Bir daha təsdiq olunur ki, bu ölkədə dirilərlə yanaşı ölülər də təhqir olunur. Öləndən sonra da insanları ağır xərclər dinc buraxmır. Qəbiristanlıq yerlərinin satılmasından milyonlarla pul qazananlar kimlərdi? Təbii ki, iri məmurlar. Həm də ölü biznesi heç vaxt ölməyən biznes növüdür.
Ölkə başçısı çıxışlarında deyir ki, mətbuatı izləyir. Yaxşı olar ki, bu məqaləni də oxusun və ölülərə qarşı qiyamdan xəbər tutsun. Vətəndaşa pul kimi baxmaq anti-insani xarakterdi. Heç olmasa ölülərdən qazanc ummayın.