Vəkil danışdı: "...Baş verənlərdən şoka düşmüşük"
Ötən həftənin ən səs-küylü olaylarından biri də iyulun 31-nə keçən gecə Nabrandakı "Bulaq" istirahət mərkəzində baş verən insident olub. Belə ki, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də "Bulaq" istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.
Bundan başqa, istirahət mərkəzinin Elşad Həsənov adlı inzibatçısını da özləri ilə aparıblar.
Daha sonra rəsmi xəbər yayılıb və bildirilib ki, "Bulaq" istirahət mərkəzi müvafiq icazəsi olmadan, lisensiyasız fəaliyyət göstərir və buranı əxlaqsızlıq yuvası kimi istifadə edirlər, bu səbəbdən obyektdə əməliyyat keçirilib. Orada fəaliyyət göstərən şəxslərin də əxlaqsız hərəkətlərlə məşğul olduqları aydın olub.
Dünən redaksiyamıza "Bulaq" istirahət mərkəzinin tabe olduğu "Azərtunel" MMC-nin hüquqşünası Vüqar Məmmədzadə müraciət edərək, mediada yayılanları təkzib edib. Eyni zamanda mərkəzə verilən lisenziyanın surətini də redaksiyaya təqdim edərək, qanunsuz fəaliyyət göstərdikləri ilə bağlı verilən açıqlamaların doğru olmadığını bildirib.
- Vüqar bəy, bu hadisə necə baş verib? Hekayəni danışa bilərsizmi?
- Bizim işçilərin dediyinə görə, o qızla oğlan sanki otaqda oturub onları gözləyirdilər. Geyimli formada. Gələn kimi də dərhal bunların otağına giriblər. Sonra da administratorun əl-qolunu bağlayıb, sürüyə-sürüyə aparıblar maşına.
- Hadisə bu cütlük istirahət mərkəzinə gələndən nə qədər müddət sonra baş verib?
- Təxminən 4-5 saat sonra.
- Bəs bu qızla oğlan ifadələrində nə deyiblər?
- Onlar heç indi ortalıqda deyillər. Nə oğlan, nə qız. Bilinmir ki, haradadırlar, kimdirlər, baş verənlərdən şoka düşmüşük. Bu istirahət mərkəzi "Azərtunel" MMC-nin balansındadır. Mən MMC-nin adından, rəsmi etibarnamə ilə getdim ora və bildirdim ki, siz nə ixtiyarla bizim işçini götürürsüz? Bundan başqa, otelin yaddaş kartını da heç bir səlahiyyətləri olmadığı halda çıxarıb götürüblər. Bilinmir, hansı haqla. Qətnamə yox, məhkəmə qərarı yox, amma yaddaş kartını müsadirə edib götürüblər. Üçüncüsü də, bunun sivil qaydası var. Rəsmi qaydada müraciət olunmalı, aparılırsa, akt tərtib olunmalı, səbəb göstərilməlidir. Amma bunların heç biri olmadığı halda gəlib obyektə müdaxilə ediblər.
- Özləri çəkiliş aparıblarmı?
- Xeyr. Heç bir çəkiliş olmayıb. Hədsiz dərəcədə kobudluqla nəticələnən bir əməliyyat qurublar.
- İstirahət mərkəzinə gələn cütlüklərdən nikah şəhadətnaməsi tələb olunurmu adətən?
- Qanunvericiliyin tələbində belə bir hal yoxdur ki, istirahətə gələn şəxslə bağlı axtarış edək, sorğu-suala tutaq. Müstəntiq deyilik və əlimizdə də hansısa əsas yoxdur bunun üçün. Sadəcə, baş verə biləcək hər hansı hadisəni nəzərə alaraq kitabda gələn vətəndaşların sənədlərinin qeydiyyatını aparırıq. Onlardan şəxsiyyət vəsiqəsi istəyirik. Amma biz gələnləri sorğu-suala tutub, onlardan nikah şəhadətnaməsi istəsək, konstitusion hüquqlarını pozuruq. Bu, gələcəkdə bizim biznes fəaliyyətimiz üçün də ciddi problem yarada bilər. İndi bizim nə qədər müştərilərimiz zəng edib soruşurlar ki, bu nə biabırçılıqdır... Özü də bu, təkcə bizim başımıza gələn hadisə deyil. Son dövrlər o həndəvərdəki 10-15 obyektdə buna bənzər hadisələr baş verib.
- Sizin təxmininiz budur ki, bu cütlük öyrədilmiş adamlar idi...
- Mən belə başa düşürəm ki, burada nəsə məqsəd var. Amma o məqsədi görə bilmirik. Qanunvericiliyin tələblərini kobud surətdə pozmaları qalsın bir kənara, məqsəd nədir, bilinmir.
- Xəbəri oxuyanda ağla gələn versiyalardan biri də o oldu ki, yəqin, o xanım ya hansısa vəzifəli məmurun qızı, ya da ailə üzvü olub. Hadisənin bu cür zorakılıq zəminində törədilməsini belə versiyalaşdıranlar oldu...
- Hətta belə olsa da, bunun "Bulaq" istirahət mərkəzinə heç bir aidiyyəti yoxdur. Amma o versiya barədə heç bir məlumat yoxdur. Biz də bununla bağlı heç nə eşitməmişik. Ortada belə bir qətnamə yoxdur ki, filankəs filankəsin qızıdır, ya hansısa cinayətdə adı hallanır deyə bu formada aparılıb. Bizim özümüz hansısa turist özünü burada apara bilməyəndə, narahatlıq yaradanda polisə müraciət edirik. Bu halda polis müdaxilə edir.
- Həmin cütlüyün yaşı nə qədər idi?
- Hər ikisinin 25-30 yaşı olardı. Ora gün ərzində 50 adam girib-çıxır. Haradan yadımızda saxlayaq ki, adları nədir...
- Administratorunuzu artıq azad ediblərmi? Nə deyir baş verənlər haqda?
- Dərhal azad edildi. Mən sənədlərlə, sübutlarla getdim ora. Mətbuata açıqlama verirlər ki, "Bulağ"ın əxlaqsızlıq yuvası olması sübuta yetirildi. Sübuta yetirilmə o deməkdir ki, məhkəmənin qətnaməsi var ortada. Administratordan ancaq izahat alıblar. O da bildirib ki, bura ailəvi yerdir, hətta rəhbərlik öz ailəsini bura istirahətə gətirir.
- Mərkəzə gələn qadının əxlaqsız olub-olmadığını, cütlüyün münasibətinin formasını ilk baxışda necə müəyyənləşdirirsiz? Yəni sonradan başınız bu cür ağrımasın deyə hansısa həll mexanizmi varmı?
- Əxlaqsızlıq yuvası o anlama gəlir ki, orada konkret 10-15 nəfər qadın əyləşir və gələn kişi müştərilərə onları təklif edirlər. Bunun təyinatı bu cürdür. Kimsə sevgilisi ilə ora gəlirsə, ona necə etiraz edə bilərik? Ödənişini edir, sənədlərini təqdim edir, biz də onun konstitusion hüququnu pozmadan istirahətinə mane olmuruq. Əgər gələn insanlar özlərini əxlaq normalarından kənar apararaq başqa turistlərin istirahətinə mane olmurlarsa, bizim onlara etiraz etməyimiz mümkün deyil. Həm də bizim mərkəzin kamerası var axı. Arxayınıq ki, orada bütün çəkilişlər var.
Читать полностью: http://news.day.az/society/601986.html