Terror Azərbaycanı da təhdid edir

5-08-2015, 07:49   
Terror Azərbaycanı da təhdid edir

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində terror aktı PKK-nın Azərbaycana mesajıdırmı?
Dünən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Sarıkamış (Türkiyə) ərazisindən keçən hissəsində partlayış baş verib. Kəmər ilə qaz nəqli dayandırılıb. Artıq Türkiyə rəsmiləri terror aktının məhz PKK-nın törətdiyi ilə bağlı konkret faktlara sahib olduqlarını bəyan ediblər. PKK eyni zamanda Bakı-Ceyhan neft kəməri ilə bağlı təhdidləri də gizlətmir.
Taner Yıldız: “PKK-nın hücumlarına lazımi cavabı verəcəyik”

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız törədilən partlayış barədə açıqlama verib. “Hürriyət”in məlumatına görə, nazir PKK-nın bu hadisəni törətdiyini deyib və əməlinə görə tənqid edib: "Bunlar, əllərindən gəlsə, sadəcə Çukurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz, təbii qazsız qoymaq dərdindədirlər".
Yıldız qeyd edib ki, terror təşkilatları bu günə qədər Silopi elektrik xətti, Iran-Türkiyə təbii qaz borusu, Kərkük-Yumurtalık neft borusu, Mardindəki transfarmator və Çukurca elektrik xəttinə etdikləri hücumlarla adıçəkilən bölgədə yaşayan vətəndaşların ən ilkin təlabatlarını qarşılamalarına maneə yaratamaq istəyir. "Bu mənfur hücumlardan ən çox ərazidə yaşayan qardaşlarımız ziyan çəkir. O bölgədən gələn reaksiyalar, şikayət məktubları, vətəndaşlarımızın terror təşkilatından son dərəcə narahat olduğunu göstərir. Son hücumda Ərzurumdan ölkəmizin qərbinə təbii qaz nəql edən Bakı-Tiflis-Ərzurum xətti hədəfə alınmışdı".
Nazir, terror təşkilatının bu hücumlarına dövlətin lazımi cavab verəcəyini deyib.
Nizaməddin Quliyev: “Azərbaycana ziyan dəyməyib”

Azərbaycan Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevÿdə insidentlə bağlı açıqlama verib. N.Quliyev bildirib ki, baş vermiş partlayış Azərbaycan tərəfinə heç bir zərər vurmayıb. “Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizəsini Türkiyənin ”Botaş" şirkəti həyata keçirir. Bizim bu şirkətlə daimi əlaqələrimiz var. Hazırda qaz xəttində təmir işləri gedir. Buna görə partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.ÿ
İlham İsmayıl: “Qazın nəqlində maraqlı olan tərəflər kəmərin mühafizəsini gücləndirməlidir”

Baş verən insident PKK-nın birbaşa Azərbaycanın maraqlarına endirdiyi növbəti zərbədir. Bundan əvvəl də PKK-nın fəaliyyəti Azərbaycan vətəndaşlarının girov götürülməsi, Azərbaycana məxsus maşınların yandırılması ilə nəticələnmişdi.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl hesab edir ki, baş verən olaylar, o cümlədən qaz kəmərinin partladılması Azərbaycandan daha çox Türkiyəyə yönələn addımdır. PKK-nın xüsusi olaraq həmin bölgədə fəallaşdığını deyən I.Ismayıl vurğuladı ki, terrorçular kəmərin mühafizəsində boşluq aşkarlayıb, ondan istifadə edirlər: “Terrorçular kəmərin müdafiəsində zəif nöqtə aşkarlayıblar və həmin nöqtədən hücuma keçirlər. Amma bu kəmər Azərbaycanın da malı olduğuna görə baş verənlərdən ölkəmiz də zərər çəkir. Bu cür insidentlər davamlı olacaq. Türkiyənin apardığı davamlı antiterror əməliyyatları belə nəticələr doğuracaq. Ona görə qazın nəqlində maraqlı olan tərəflər kəmərin mühafizəsini gücləndirməlidir”.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar