Türk həkimdən dəhşətli ittihamlar:”Azərbaycanda ehtiyac olmadan xəstələri əməliyyat edirlər”

5-08-2015, 08:53   
Türk həkimdən dəhşətli ittihamlar:”Azərbaycanda ehtiyac olmadan xəstələri əməliyyat edirlər”

Hamdi Koçer:«Ölkənizdə əməliyyat olunmalı xəstələri yox, əməliyyat olunmaması gərəkən xəstələri əməliyat edirlər»

«2000-dək qadına əməliyyat olunmağı vacib bilmişdilər, ancaq onların cəmi 50 nəfəri əməliyyat olunmalı xəstə idi»

Cərrah Hamdi Koçer. Bu ad hər kəsə tanış olmasa da, ən azından süd vəzi xərçəngi xəstəliyindən əziyyət çəkən qadınlara və onların yaxınlarına tanış gələcək. O iki il Bakıda süd vəzisində xəstəlik olan xanımları müayinə və müalicə edib. Bu müddət ərzində bir neçə dəfə televiziya verilişlərində işirak edən Hamdi Koçər media vasitəsi ilə də həmvətənlərimizi maarifləndirməyə çalışıb. Ancaq bir il olar ki, o artıq Bakıda deyil. Onun gözlənilmədən Bakını tərk etməsini çoxları sadəcə burada həkim kimi fəaliyyət müddətinin bitməsi ilə əlaqələndirirdi. Bu günlərdə Hamdi bəyin heç də bu səbəbdən Azərbaycanı tərk etmədiyini eşitdik. Bunu dəqiqləşdirmək üçün onunla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş etdik.
Onu da qeyd edək ki, Hamdi Koçər Ümumi Cərrahiyyə üzrə mütəxəssisdir. Türkiyədə, Fransada, Almaniyada cərrah kimi fəaliyyət göstərib. Avropa yırtıq dərnəyi və Amerika süd vəzi cərrahları birliyinin üzvüdür. Hazırda Istanbulda özəl xəstəxanaların birində süd vəzi xərçəngi əməliyyatlarını həyata keçirən cərrah kimi fəaliyyət göstərir.

Xərçəng əməliyyatı da monopoliyaya alınıb

— Hamdi bəy, Azərbaycana gəlişiniz necə baş tutmuşdu?
— Istanbulda işlədiyim xəstəxanada azərbaycanlı göz həkimi dostum məni Bakıya gəlməyə təşviq edib. Burada mənim kimi həkimə ehtiyac olduğunu dəfələrlə demişdi. Bakıdakı həmkarlarla əlaqə yaradıb dostumun dediklərinin həqiqətə uyğun olduğunu biləndə gəlməyə qərar verdim.

— Gəlməkdə çətinliklərlə üzləşdiniz?
— Bakıya ilk dəfə gələndə elə bir çətinliklə qarşılaşmadım. Fəaliyyətimə Modern Hospitalda süd vəzi xəstəlikləri üzrə mütəxəssis kimi başladım. Xəstələrimin sayı hər gün çoxalırdı. Ayda iki dəfə 4-5 günlük Bakıya gəlməli olurdum. Süd vəzi xərçəngindən əziyyət çəkən xəstələri Bakıda əməliyyat edirdim. Çünki bu xəstələrin Türkiyəyə gəlib orada əməliyyat olunmağa maddi gücü çatmırdı.
Ancaq sonra mənə dedilər ki, Azərbaycanda xərçəng xəstələrini artıq müəyyənləşmiş cərrahlar əməliyyat edir, yəni bu sahədə xüsusi bir monopoliya yaranıb. Bunun bir dövlət qanunu, yoxsa Milli Onkologiya Mərkəzinin öz qanunu olduğunu tam bilmirdim. Mənim əməliyyat etdiyim xəstələri Milli Onkologiya Mərkəzində kimyaterapiyaya və şüaterapiyaya qəbul etmirdilər. Belə olan zaman mənimlə aralarında problem yarandığından şübhələndim.

Mənim qarşıma şərt qoydular

Bəs bu məsələni araşdırmadınız?
— Xəstələrimin incidildiyini görüb Bakıda ən böyük xəstəxanalardan olan Mərkəzi Klinikaya müraciət etdim. Orada da ilk əvvəl hər şey yaxşı başladı. Xəstəxananın idarəçisi Məlikşah bəy mənim Milli Onkologiya Mərkəzi ilə aramda olan bu problemi həll edə biləcəyini dedi. Müəyyən vaxt əməliyyatlarıma davam etdim amma sonra yenə də eyni problemlərlə üzləşdim. Məlikşah bəy mənə özümü tanıdan, etdiyim əməliyyatlar haqqında bir təqdimat hazırlayıb Mərkəzin rəhbərliyinə təqdim etməyi məsləhət gördü.
Bunu da etdim. Amma faydasız oldu.

— Təqdimatınız cavabsız qaldı?
— Xeyr. Mənə “Ya əməliyyatlarını gəlib bizim xəstəxanada et, ya da xəstələrini Türkiyəyə apar orada əməliyyat et, biz burada müalicəni davam edərik.” dedilər. Buna da razı oldum. Ancaq qısa zamanda Məlikşah bəy məni xəstəxanadan uzaqlaşdırdı.

— Səbəb göstərdilər sizə?
— Səbəbi Milli Onkologiya Mərkəzi rəhbərliyinin məni burada istəməməsi kimi açıqladı. Buna baxmayaraq xəstələrimin müraciətləri günü-gündən çoxalırdı. Gözləmədiyim halda Bakıda yeni açılan Baku Medikal Plaza klinikasından mənə iş təklifi gəldi və qəbul etdim.
Orada 1 il işləyə bildim və bu zaman kəsiyində heç bir xəstəmi əməliyyat edə bilmədim. Çünki Milli Onkologiya rəhbərliyi mənim qarşıma şərt qoymuşdu. Özümlə birgə gətirdiyim radioloq, USM həkimləri də xəstədə xərçəngi təsdiq etdiyi zaman onları Türkiyəyə əməliyyata dəvət edirdim. Buna əksəriyyətinin maddi imkanı yol vermədiyi üçün onlari Milli Onkologiya Mərkəzinə yönləndirirdim.

Xəstə cavabları biləndə üsyan etdi

— Əgər siz onların şərtini yerinə yetirirdinizsə yenidən nə baş verdi?
— Eşitdim ki, xarici ölkələrdən gələn həkimlər işləmək üçün icazə sənədi almalıdır. Bunun üçün mən də sənədlərimi lazımi dövlət qurumuna verdim. Nəticəni gözlədiyim zaman tibb bacısı olan bir xəstəyə süd vəzi xərçəngi diaqnozu qoydum. Sən demə bu xəstə bir il imiş ki, Milli Onkologiya Mərkəzində mastitdən müalicə olunurmuş. Xəstə Türkiyədən gətirdiyim analiz cavabları ilə Mərkəzdə onu müalicə edən həkimləri bir-birinə qatdı, üsyan etdi. Elə səhəri gün Baku Medikal Plaza rəhbərliyi məni işdən azad etdi.

Bu dəfə üstümə Səhiyyə Nazirliyi gəldi

— Yəqin ki, səbəb eyni oldu.
— Bəli. Səbəbini soruşanda Milli Onkologiya Mərkəzinin rəhbərinin klinikanın rəhbərinə zəng edib məni qovmasını əmr etdiyini dedilər. Necə deyərlər, tarix təkrarlandı.
Sonra mənə facebookdakı məktub ünvanıma təhdid dolu məktublar gəlməyə başladı. Bunları kimlərin yazdığını bilmirdim. Axı xəstələrim məndən çox razı idi. Ailəm də bu səbəbdən daha Bakıya gəlməyimi istəmirdi. Ancaq müraciətlərin ardı-arası kəsilmirdi. Bu dəfə cəhd edib Gənclikdə yerləşən Medikal Plaza klinikasına müraciət etdim. Müsbət cavab aldıqdan sonra xəstələrimə fb və digər sosial şəbəkələr vasitəsi ilə bildiriş göndərdik. Qısa zamanda onlarla xəstə növbəyə yazıldı.
Ertəsi gün bu klinikadan da mənə razılaşmanın gücdən düşdüyünü bildirən zəng gəldi. Bu dəfə tək Milli Onkologiya rəhbərliyi tərəfindən deyil həmçinin Səhiyyə Nazirliyindən də klinikaya məni uzaqlaşdırmaq əmri verildiyini öyrəndim.

Dəqiq diaqnoz qoya bilməyən dəqiq müalicə edə bilməz

— Hamdi bəy, siz Milli Onkologiya Mərkəzinin rəhbərliyinə necə mane olurdunuz axı? Hansı hərəkətiniz və ya sözünüz işdən çıxarılmanıza səbəb olurdu, onların xoşuna gəlmirdi?

— Bilirsiz, onkologiya sahəsi dəqiq fakta əsaslanan bir sahədir. Siz kiməsə “sən xərçəng xəstəsisən” deyib onu əməliyyat edə bilməzsiz. Bunun üçün əsaslarınız olmalıdır. Bu xəstəliyin varlığını sübut etmək üçün dəqiq diaqnoz potoloji analizin nəicəsində qoyulmalıdır. Təəssüf ki, Azərbaycanda patologiya üzrə bir mütəxəssis var. O da Türkiyədəndir və Milli Onkologiyada çalışır. Əlbəttə ki, bir həkim bu qədər xəstəyə xidmət edə bilməz. Bakıda USM həkimi mamoqrafiya edə bilmir, mamoqrafiya edən USM edə bilmir. Halbuki bu sahə üzrə çalışan həkim həm USM, mamoqrafiya, həm də iynə biopsiyası etməyi bilməlidir.
Dəqiq diaqnoz qoya bilməyən həkim dəqiq müalicə də edə bilməz. Mən bunları deyirdim. Burada süd vəzi xərçəngi diqnozu qoyulan xəstələrin əksəriyyətinin süd vəzisi tamam götürülür. Ancaq Türkiyədə 90% xəstələrdə yalnız şiş əməliyyatla alınır. Patologiya üzrə 1 mütəxəssisi olan, əməliyyatdan sonra şüaterapiyası vacib olduğu halda bu cihazların yoxluğu və ya onları işlədə bilən mütəxəssis qıtlığı olan Azərbaycanda süd vəzisinin bütöv alınması daha rahat bir yol kimi görünür. Mən azərbaycanlı həkimləri başa düşürəm. Onlar daha asan və etibarlı yolu seçir.
Mən süd vəzisində olan əməliyyata ehtiyacı olmayan fibrodinomaların burada əməlliyyat olunduğunu gördüm. Hətta mastopatiyanın bir xəstəlik kimi müalicə olunduğunu ilk dəfə burada eşitdim. Türkiyədə, Almaniyada, Fransada illərlə bu sahədə işləmiş həkim kimi əlbəttə bu mənə çox təəccüblü gəlirdi. Və mən gördüklərimi gizlətmirdim açıq dedim.
Bu da onların etirazına səbəb oldu.

Əməliyyat olunmamalı xəstələr əməliyyat edilir

— Dediklərinizdən belə aydın olur ki, Azərbaycanda onkologiya sahəsində çatışmazlıqlar çoxdur.
— Azərbaycan telekanallarında çıxdığım proqramlarda mastopatiyanın xəstəlik olmadığını, onun üçün insanlara dərman yazmayın, ölkənizdə əməliyyat olunmalı xəstələri yox, əməliyyat olunmaması gərəkən xəstələri əməliyat edirlər deməyim Milli Onkologiya Mərkəzinin rəhbərliyi və həkimləri tərəfindən böyük etirazla qarşılanmışdı.
Burda 17-18 yaşlı gənc qızları əməliyyat edirlər. Bakıda işlədiyim müddətdə 2000 qadını müayinə etdim inandırım sizi onların əksəriyyətinə Milli Onkologiya Mərkəzində gərəksiz olduğu halda əməliyyatın vacib olduğunu demişdilər.
Mən bu 2000 qadının sadəcə 50 nəfərinə əməliyyat olunmağı vacib saymışdım. Bütün bunlar yəni həqiqətlər bu qurumun rəhbərliyini mənə düşmən edib.

Xəstələrim mənə görə imza topladılar

— Başqa xəsəxanalara müraciət etmisiz?
— Əlbəttə. Amma mən artıq Bakıda işləmək üçün xəstəxana tapa bilmirəm. Xəstələr inciməsin. Hara müraciət etsəm Onkologiya Mərkəzinin rəhbərliyi tərəfindən mənə maneələr yaradılır. Hətta zəng edən kəsin rəhbərin özü olduğu bildirilir.

— Rəhbərlik ilə görüşməyə yenidən cəhd etmisiz?
— Mən qeyd etdim. Onlara işimlə bağlı təqdimat etmişdim. Amma bu onları razı salmadı. Onların onkologiya sahəsindəki fəaliyyətləri mənim peşə prinsiplərim ilə üst-üstə düşmür.
Belə olacağı ağlıma gəlməzdi. Mən Azərbaycanda dəstək görəcəyimi düşünürdüm. Ancaq elə olamdı. Xəstələrim imza toplayıb mənim Bakıya gəlməyim üçün dövlət qurumlarına müraciət etdilər. Ancaq onlara xarici ölkə vətəndaşının burada onkologiya üzrə həkim kimi çalışmasının qanuna uyğun olmadığı bildirildi. Belə olan halda mən də bir tədbir görə bilmərəm.

— Xəsələrinizlə internet vasitəsi ilə əlaqə saxlayıram dediniz.
— Elədir. Indi məni Azərbaycanda gözləyən xəstələrin sayı daha çoxdur. Onlar internet vasitəsi ilə mənə yazırlar. Bəziləri imkan edib Istanbula gəlir. Gələ bilməyənlərin sayı çoxdur. Onlara gələ bilməməyimin səbəblərini başa salıram. Bu da onlarda təəssüf hissi doğurur.
Mən çox istərdim ki, Azərbaycanda onkologiya sahəsindəki monopoliya aradan qaldırılsın. Axı bu sahə insanların sağlığına xidmət göstərməlidir. Ancaq buna inamım çox azdır. Mən Milli Onkologiya Mərkəzinin rəhbərinin buna imkan verəcəyinə inanmıram. Buna görə ümüdünü mənə bağlayan xəstələrim əziyyət çəkir.

Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar