Ölməmək üçün 457 manat

8-08-2015, 07:44   
Ölməmək üçün 457 manat
Hökumətin öyündüyü orta aylıq əməkhaqqı hansı tələbatı ödəyir?

Ilk yarım ilin nəticələrinə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 505,9 min nəfər olub. Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, onlardan 874,4 min nəfəri dövlət sektorunda, 631,5 min nəfəri isə qeyri-dövlət sahəsində işləyib.

Muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,8%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 457,2 manat olub.

Əslində, hər dəfə orta aylıq əmək haqqının qiyməti açıqlananda hakimiyyət bunu yüksək nəticə kimi qiymətləndirir. Əvvəla orta aylıq əmək haqqının 457 maant olması da real görünmür. Ən azı ona görə ki, bu məbləğ 10 minlərlə müəllim ordusunun, həkim kontingentinin, elmi işçinin və digər sahələrdə çalışanların əmək haqqını ifadə etmir.

Amma tutaq ki, orta aylıq əməkhaqqı həqiqətən də realdır. Bəs, bu rəqəmi uğur hesab etmək olarmı? Sürətli inkişaf edən ölkənin vətəndaşı 457 manatla dolanmalıdır?

Bu ölkədə 10 minlərlə tələbə var. Üstəlik, dövlət universitetlərinin 65-70 faizi ödənişli əsaslarla fəaliyyət göstərir. Təhsil haqları isə 900-4000 manat arasında dəyişir. Deməli, 457 maant maaşa alan ailə başçısı övladının 2500 manatlıq təhsil haqqını ödəmək üçün hər ay 200 manat kənara qoymalıdır. Həmin tələbənin digər zəruri ehtiyaclarını, ailənin ərzaq, geyim, kommunal xərclərini də nəzərə alsaq. Real vəziyyəti təsəvvür etmək çətin olmur.

Və ya 457 manat əməkhaqqı alan vətəndaş 250 manat kirayə haqqı ödəyirsə, yerdə qalan 207 manatla dolanmaq olarmı? Yaxud 457 manat əməkhaqqı alan vətəndaş sağlamlığının qeydinə necə qala bilər? Ən yüngül əməliyyat 500 manata başa gəlir, dərman preparatlarının qiyməti də göz qabağındadır. Deməli, 457 manat əməkhaqqı bir ailənin sağlamlıq ehtiyacını ödəmir. Əgər 457 manat əməkhaqqı alan vətəndaş istirahət haqqında düşünürsə, vəziyyət daha da qəlizləşir. Çünki, Azərbaycanın hansısa bölgəsində 1 həftə ailəvi istirahət etmək orta əmək haqqının 3 qatı mislində xərc deməkdi. Hotellərin, xidmətin qiyməti kəllə-çarxa dirənir.

Vəziyyət o həddə çatıb ki, ölkə vətəndaşı müalicə və istirahət üçün qonşu ölkələrə üz tutur. Çünki, qonşu ölkələrdə müalicə və istirahət daha ucuz başa gəlir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda normal sistem qurulsa, 457 manata yüksək səviyyədə dolanmaq olar. Belə ki, monopoliyalar ləğv edilsə, azad ticarət mühiti yaradılsa, korrupsiyanın kökü kəsilsə, süni qiymət artımı aradan qaldırılsa, təhsil haqları endirilsə, dövlət xəstəxanaları həqiqətən də pulsuz fəaliyyət göstərsə, vətəndaş normal yaşamaq haqqında düşünə bilər. Amma ərzaqdan tutmuş, dərman preparatlarına qədər bütün məhsullar 20 dəfə baha satılırsa, normal yaşamaq üçün 1000 manat da kifayət etmir.

Deməli, YAP hakimiyyətinin vətəndaşa minnət kimi sıradığı 457 manat sadəcə ölməmək üçündür. Bugünlərdə ölkə başçısı da qeyd etmişdi ki, Azərbaycan acından ölməyən ölkələr sırasındadır. Bu hakimiyyətin uğurlu siyasəti yalnız mədəni aldatmağa kifayət edir. Bu ölkədə milyonlarla insan var ki, son 20 ildə 2 saat istirahət etməyib, normal gün keçirməyib, xırda problemlərin həllinə nail olmayıb.

Demək istəyirik ki, bu ölkənin şərtlərinə görə, 457 manat normal həyat üçün yetərli deyil. Əslində 457 manat normal həyatı məhdudlaşdırmaq üçündür.

Görəsən, hakimiyyəti zəbt edənlər 457 manatla neçə gün yaşaya bilir?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar