Rasim Əliyevin dostu Mehman Hüseynov hansı sirlərin üstünü açdı?
Jurnalist Mehman Hüseynov həmkarı və dostu Rasim Əliyevin öldürülməsi ilə bağlı şəxsi facebook səhifəsində maraqlı məlumatlarla dolu yazı paylaşıb. Yazını müəyyən redaktə ilə təqdim edirik:
“Mütləq oxuyun! Öldürülən jurnalist haqda son məlumat... Rasimin son sözləri bunlar olub...
Qətlə yetirilən jurnalist mənim çox yaxın dostumdur, həmkarımdı. 6 il bir yerdə işləmişik. Döyülən kimi xəstəxanadan mənə zəng edib bildirmişdi ki, bütün jurnalistlərə yayım bu xəbəri, elə də elədim.
Gündüz vaxtı onun yanına gedə bilmədim, saat 23:40-da getdim. Uzanmışdı palatada, yanında da uşaqlıq dostu... Rasimdən hadisə ilə bağlı son məlumatları aldım.
Rasim bildirib: "Son statusla bağılı Cavid zəng eləmişdi mənə, danışdıq, vəssalam. Bir neçə dəqiqə sonra isə başqa nömrədən özünü Cavidin əmisi oğlu (bibisi oğlu) kimi təqdim edən şəxs zəng elədi və dedi: "Sən Cavidlə indi danışdın, noldu razılığa gəldiz?”. Bildirdim ki, bəli, söhbət elədik, razılaşdıq. Onda həmin şəxs dedi ki, gəl bir görüşək, çay içək”.
Bayılda görüşürlər, 4-5 nəfər onu təkləyib döyürlər və telefonla pul qabını özləri ilə götürürlər. Rasim xəstəxanaya düşür.
Rasim danışır: "Gün ərzində futbolçu Cavid Hüseynov və “Qəbələ” futbol klubunun meneceri yanıma gəlmişdilər, ziyarətə. Bildirdilər ki, keçmiş olsun, amma onların xəbəri yoxdu kim olub zəng edən. Onda Cavidə dedim: "Bəs o şəxs hardan bildi ki, 1 dəqiqə əvvəl səninlə danışmışam? Deməli, adam sənin tanışındı və bilirdi ki, səninlə danışdım”. Cavid onda bildirdi ki, sən sağal, məsələni həll edərik. Nə lazımdı edərik. Bu zaman içəri polis müstəntiqi girdi, Cavid və menecerləri polisi görüb uzaqlaşdılar”.
Rasimin dostu mənə danışıb: “Meneceri dünən saxladım, söhbət elədim. Bildirdim ki, adam döyülər də, söyülər də, onu qoyuruq kənara, amma kişiliyiniz olsun, Rasimin telefonunu və pul qabını qaytarın. Menecer dedi ki, 1 saatdan sonra mənimlə əlaqə saxla. Gecə vaxtı onunla əlaqə saxladım. Dedi ki, telefon və pul qabı ondadı, gecə saat 1-in yarısı Sirkin yanında görüşək qaytarsın”.
Gecə saat 12-i idi. Mən, Rasim və dostu palatada idik. Birdən dostu dedi ki, Rasim, getməliyəm evə, bəlkə bir azdan gəldim (əslində isə görüşə gedirdi).
Mən də Rasimlə söhbətləşdim. Hətta Rasim o vəziyyətində belə, zaraf elədi, dedi ki, "Qəbələ-Ponatinaykos" oynuna və 1 həftəlik Yunanıstana səfərə bilet versinlər, söhbəti bağlıyaram (gülərək). Gecə saat 1-ə yaxınlaşanda çıxıb getdim. 1 saatdan sonra Rasimin dostu zəng etdi ki, bəs xəstəxanadayam, Rasimi əməliyyata aparıblar, halı çox pisdir. Səhər görüşdük, soruşdum ki, bəs görüşdün menecerlə? Dedi yox, o vaxtdan nə menecerlərinə zəng çatır, nə vitseprezidentlərinə. 1 gün ərzində telefonu söndürüblər. Sonra isə Rasimi itirdik…
Allah rəhmət eləsin!
Kameralar var, hadisəni çəkib, cinayətkarların üzü düşüb. Tutun, araşdırın! O biri cinayyətkarlar isə onu mualicə edən həkimlərdi! Rasimin ölüm səbəbi ölkədəki özbaşnalıq və səhiyyənin pis gündə olmasıdır!”