Məhəmməd Talıblı: «Ölkənin iqtisadiyyatı hansı durumdadırsa, milli valyutası da iqtisadiyyatın ümumi sifətini ifadə edir»
Iyulun əvvəlinə olan göstəricilərə görə, kreditlərin ümumi həcmindən 11 milyard 519 milyonu manatla, 8 milyard 769,4 milyonu isə xarici valyuta ilə verilib. Faizlə ifadə etsək, verilmiş kreditlərin ümumi həcminin 74 faizini xarici valyuta ilə verilən kreditlər təşkil edir. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov hələ fevral ayındakı devalvasiyadan sonra bəyan etmişdi ki, növbəti devalvasiyanın olub-olmayacağı neftin qiymətindən asılı olacaq. Son günlərdə isə yenə də dünya bazarında neftin qiymətində ciddi ucuzlaşma baş verir. Qiymətlə bağlı gələcəyə bağlı proqnozlar da ürəkaçan deyil. Bu baxımdan, neft gəlirlərinin sürətlə aşağı düşməsi ölkədə növbəti devalvasiyanın daha da şiddətli olacağı ehtimalını gündəmə gətirir.
Məlum olduğu kimi, 21 fevral devalvasiyası nəticəsində manatın 34 faiz ucuzlaşması dollarla kredit götürənləri 1,7 milyard dollar ziyana saldı. Bu isə öz növbəsində problemli kreditlərin sayının artmasına yol açdı. Bu mənada, yenidən devalvasiya olarsa, dollarla kredit götürmüş vətəndaşların və bankların daha çətin vəziyyətəÿ düşəcəyini proqnozlaşdırmaq çətin deyil.
Ölkə iqtisadiyyatı üçün gözlənilən daha kritik durumu şərh edən ekspert Məhəmməd Talıblı deyir ki, neftin qiymətində ucuzlaşmanın davam etməsi Mərkəzi Bankın rezervlərini təhdid edən faktordur. Ekspertin sözlərinə görə, devalvasiya qərarı neftin qiymətilə yanaşı, Mərkəzi Bankın valyuta ehtiyatlarından da asılıdır. Neftin qiyməti daha da ucuzlaşsa, bu halda, Mərkəzi Bankın rezervlərinin daha da azalacağı şübhəsizdir: “Belə olan təqdirdə Mərkəzi Bank rezervlərinin sürətlə əriməməsi üçün müəyyən önləyici tədbirlər görməli olur, manatın dəyərdən düşməsi prosesinin qarşısını almağa çalışır. Mərkəzi Bank əslində, pul-kredit siyasəti həyata keçirən bir qurum olaraq, sadəcə, ölkə iqtisadiyyatındakı ÿümumi ÿvəziyyəti tənzimləyir. Ölkənin iqtisadiyyatı hansı durumdadırsa, milli valyutası da iqtisadiyyatın ümumi sifətini ifadə edir.ÿBu baxımdan Mərkəzi Bankın həyata keçirdiyi önləyici tədbirlər əlahiddə bir siyasət hesab olunmur. Ölkədə iqtisadiyyatın ümumi vəziyyəti yaxşı deyilsə, təkcə pul-kredit siyasəti vəziyyəti yaxşıya doğru dəyişə bilməz”.
Ekspert deyir ki, fevralda verilən devalvasiya qərarı artıq əhalinin yaşayışına kifayət qədər mənfi təsir göstərib: “Belə vəziyyətdə banklar krediti digər valyuta növlərində verməkdə maraqlı olurlar. Vətəndaşlar isə milli valyuta ilə kredit götürməyə çalışır”.
Ikinci devalvasiyadan sonra ümumi kredit portfelində xarici valyutanın çəkisinin 80-90 faizə qədər arta biləcəyini deyən ekspertin sözlərinə görə, bu da öz növbəsində ölkə iqtisadiyyatında milli valyutanın rolunun azalmasıyla nəticələnə bilər: “Eyni zamanda, kredit portfelində milli valyutanın payı əhəmiyyətli dərəcədə azala bilər. Bu da o deməkdir ki, həm vətəndaşların, həm də bankların milli valyutaya etimadı sarsıla bilər. Xarici valyuta əmanət qoyanların sayı artmalı olduğu halda, ölkədə bəzi banklar əmanətləri milli valyutada qəbul edir. Bu isə ümumilikdə vətəndaşların gəlirlərinə təsir göstərə bilər”.