Ermənilərin saxladığı azərbaycanlı əsirlər barədə şok faktlar

12-08-2015, 07:42   
Ermənilərin saxladığı azərbaycanlı əsirlər barədə şok faktlar
İşğalçı ölkə gələcəkdə buna görə cavab verəcəyindən narahatdır; Əvəz Həsənov: “Mümkündür ki, beynəlxalq təşkilatlardan gizli saxlanılan əsirlər olsun...”
Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin işi üzrə keçirilən tədbirdə nə Ermənistanda, nə də Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində azərbaycanlı əsirlər və girovların olmadığı bəyan edilib. Azərbaycan tərəfi isə Ermənistan hakimiyyətinin dünyanı aldatmaq istədiyini, lakin özünü ifşa etdiyini bildirir.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bəyan edib ki, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi İrəvan əslində öz yalanlarını ifşa edir. Onun sözlərinə görə, 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündə əsir və itkin düşmüş və girov götürülmüş şəxslərin işi üzrə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə məlumat mübadiləsi və əməkdaşlıq təklif olunub:

“Ermənistanın təcavüz və işğalı nəticəsində 4000-dən artıq vətəndaşı itkin düşmüş hesab olunan Azərbaycan tərəfi humanist məram daşıyan bu təklifə hazırlığını ifadə edib. Şahidlərin ifadələri və əməliyyat-istintaq materialları əsasında Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar, o cümlədən mülki şəxslərin ən qəddar işgəncələrə məruz qoyulduqları, kütləvi şəkildə öldürüldükləri və kütləvi məzarlıqlarda basdırıldıqları faktları sənədləşdirilib. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi Yerevan əslində öz yalanlarını ifşa edir. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov kimi qanunsuz saxlanmaları buna bir əyani sübutdur”.

Hikmət Hacıyev qeyd edib ki, “institusional yaddaş zəifliyi”ndən əziyyət çəkən Ermənistan tərəfinə 90-cı illərin sonu və 2000-ci illərin əvvəlində Ermənistanın özü tərəfindən də əsir və girovluqda olduğu təsdiq olunmuş və sonradan barələrində heç bir məlumat verilməmiş şəxsləri xatırlatmaq kifayətdir: “Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təzyiqi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təsiri nəticəsində girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməli, Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə olan kütləvi məzarlıqlar açılmalı və insan qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır. Nəticədə DNT analiz vasitəsilə itkin düşmüş şəxslərin taleləri müəyyənləşdirilə və 20 ildən artıq öz yaxınları haqqında xəbər gözləyən ailələrə məlumat verilə bilərdi. Ermənistan tərəfinin yürütdüyü qeyri-insani siyasətinin nəticəsidir ki, hər biri fərdi əsasda tədqiq edilməli olan bu faktlar araşdırıla bilinmir və öz beynəlxalq hüquqi məsuliyyətini dərk edən Ermənistan müxtəlif bəhanələrlə prosesə maneə olmağa çalışır”.

Bu əməllərə görə Ermənistanın hüquqi məsuliyyətinə aydınlıq gətirən H.Hacıyev bildirib ki, Ermənistanın hüquqi məsuliyyəti dedikdə burada bu cinayət əməllərini həyata keçirmiş və ya bu barədə əmrlər vermiş Ermənistanın hərbi və mülki vəzifəli şəxslərinin, həmçinin dövlət olaraq Ermənistanın məsuliyyəti vardır: “İkrah doğuran hal odur ki, hələ də bu şəxslər Ermənistanın siyasi, hərbi idarəçiliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tuturlar. Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub. Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, Azərbaycan tərəfi bu əməlləri törətmiş Ermənistanın hərbi və mülki vəzifəli şəxsləri, eləcə də Ermənistanın dövlətinin məsuliyyətinin müəyyən olunması istiqamətində fəaliyyətini davam etdirir”.

Ermənistan hökumətinin Ermənistan və işğal edilmiş Qarabağ bölgəsində azərbaycanlı əsir və girovların olmadığı barədə bəyanatının əsassız olduğunu indiyə qədər dəfələrlə yayılan informasiyalar, şahid ifadələri, xarici jurnalistlərin və turistlərin yazdıqları da sübuta yetirir.

Ermənistan silahlı qüvvələrinin faşist metodları ilə apardıqları mübarizə nəticəsində Azərbaycanın 12 rayonu işğal olunub, 24 min soydaşımız öldürülüb, 4 min nəfər əsir götürülüb. Əsir düşənlərin böyük bir qismini uşaqlar, qocalar və qadınlar təşkil edir. İtkin düşmüş insanların ümumi sayı 4965 nəfərdir. Onların 320-si qadın, 69-u uşaqdır. Erməni əsirliyindən azad olmuş 3125 nəfərin 222-si qadın, 125-i uşaqdır.

Erməni vandalları tərəfindən yaradılmış altı qadın və uşaq əsir düşərgəsi haqqında çox ciddi mənbələrə əsaslanan informasiyalar var: Vardenis uşaq düşəgəsi (250 nəfər), Razdan uşaq düşərgəsi (180 nəfər), Xankəndi uşaq düşərgəsi (180 nəfər ), Getaşen qadın düşərgəsi (320 nəfər), Cermux qadın düşərgəsi (250 nəfər ), Kəlbəcər qadın düşərgəsi (150 nəfər).



Ötən ilin mayında isə Ermənistanın işğal etdiyi Kəlbəcər rayonu ərazisində ermənilərin azərbaycanlı əsirləri saxladıqları və qızıl mədənində, digər ağır işlərdə qul kimi işlətdikləri barədə xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, ermənilər Kəlbəcərdəki qızıl yataqları və mədən işlərində azərbaycanlı əsirləri işlətməklə yanaşı, həm də olmazın işgəncə verirlər. Ermənilərin azərbaycanlı əsirlərlə Kəlbəcərdəki həmin düşərgədə məşhur “Apokalipsis” filmindəki kimi dəhşətli işgəncə metodları ilə davrandıqları xəbərlərdə vurğulanırdı. Özü də bu barədə Azərbaycandan olan hansısa şəxs deyil, Kəlbəcərə turist kimi getmiş əcnəbilər öz ölkələrinə qayıtdıqdan sonra yazmışdılar.

İşğal altındakı torpaqlarımıza səfər etmiş qonşu ölkələrdən birinin vətəndaşları əsir azərbaycanlıların işlədildiyi məkanı aşkarlamışdılar. Daxil olan məlumatlara görə, həmin şəxslər təsadüfən Kəlbəcərdə olublar və Zod kəndi yaxınlığındakı əraziləri gəziblər. Həmin vaxt oradakı mədənlərdə işləyən, çəlimsiz, yarı ac, səfil gündə xeyli sayda adam görüblər. Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işləyənlərin kimliyini soruşduqda isə heyrətə gəliblər. Onlara bələdçilik edən erməni bildirib ki, Zod qızıl yataqları və digər mədənlərdə çalışanlar azərbaycanlı əsirlərdir, əzaba, ağır şərtlər altında işləməyə dözməyib ölən əsirlərin izini isə elə həmin ərazidəcə itirirlər.

Xatırladaq ki, hələ bir müddət əvvəl də Gürcüstana turist kimi gəlmiş bir neçə erməni Ermənistanda və Qarabağda xeyli sayda azərbaycanlı əsirlərin olduğu barədə məlumat vermişdilər. Lakin onlar əsirlərin saxlanıldığı ünvanları konkret olaraq deməkdən çəkinmişdilər.



***
Dağlıq Qarabağ münaqişəsi zonasında İtkin Düşənlərin Axtarışı və Əsirlərin Azad Edilməsi üzrə Beynəlxalq İşçi Qrupun (2008-ci ilədək fəaliyyət göstərib) keçmiş həmsədri Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, mümkündür ki, beynəlxalq təşkilatlardan gizli saxlanılan əsirlər olsun. Bunu heç kim birmənalı inkar edə bilməz. Çünki 4 min nəfər itkin siyahısında olanların müəyyən hissəsinin əsir düşdüyü və hələ də sağ qalanların olduğu ehtimalı var: “Ona görə də Azərbaycan hökuməti axtarış işlərini sistemli aparmalıdır. Axtarışı ya özü eləməlidir, ya beynəlxalq təşkilatlar vasitəsilə.

ATƏT-in Minsk Azərbaycan dövləti işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində gizli şəkildə əsirlərin saxlandığı barədə tez-tez yayılan informasiyaları da əsas götürərək axtarış aparmaq üçün beynəlxalq komissiya yaradılmasını tələb etmək hüququna malikdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında da bu məsələni qaldırmaq lazımdır".

Əvəz Həsənovun sözlərinə görə, məhz Kəlbəcər rayonunda qızıl mədəni ərazisində azərbaycanlı əsirlərin saxlandığı və işlədildiyi barədə Azərbaycan hökumətinin əlində dəqiq informasiyalar, faktlar varsa, təcili hərəkətə keçmək lazımdır. Azərbaycan hökuməti Qırmızı Xaç Komitəsinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin qarşısında məsələ qaldırılmalıdır.
Tələb edilməlidir ki, əsir saxlanıldığı barədə haqqında söhbət gedən ərazilərdə beynəlxalq səviyyədə axtarış keçirilsin: “Onu da deyim ki, bizim beynəlxalq İşçi Qrupun fəaliyyəti zamanı bizə gizlində əsirlərin saxlanıldığı barədə məlumatlar çox verilib. Qəribədir ki, illər öncə bizə çatdırılan məlumatlarda da ən çox Kəlbəcərdəki qızıl mədəninin adı çəkilirdi. Biz həmin əraziyə getmək istəsək də, ermənilər bizi heç vaxt oraya buraxmadılar. Ona görə də araşdırdığımız yerlər sırasında Kəlbəcərdəki qızıl mədəni ərazisi olmayıb. Azərbaycan dövləti Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk Qrupundan tələb etməlidir ki, orada ciddi araşdırma aparılsın”.

Ermənistanda və işğal olunmuş Qarabağ ərazilərində azərbaycanlı əsirlərin saxlandığını bir sıra beynəlxalq təşkilatlar da zaman-zaman qeyd ediblər. Məsələn, Avropa Şurası Parlament Assambleyası hələ 2001-ci ildə Ermənistanda və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar haqqında yaydığı rəsmi sənədində bildirib ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 2001-ci il 10 aprel tarixli məlumatına əsasən, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 4959 nəfər Azərbaycanlı itkin düşmüş, onlardan 1092 nəfəri 1992-2001-ci illər ərzində azad edilmişdir, indi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində 783 nəfər əsir saxlanılır, onlardan 18-i uşaq, 43-ü qadın, 56 nəfəri qocadır. Ancaq Ermənistan tərəfi bu faktı inkar edir.

Parlament Assamableyasının sənədinin 5-ci bəndində isə deyilir ki, Azərbaycan və Ermənistan Avropa Şurasının tamhüquqlu üzvüdür. Belə bir nüfuzlu təşkilatın üzvü olan ölkənin ərazisində hətta adi insan hüquqları qorunmayan bu qədər əsirin olması qəbuledilməzdir.

Altıncı bənddə isə qeyd olunur ki, azad edilmiş əsirlərin dediyinə görə, əsirlikdə olanlar qul kimi işlədilir, daim təhqir olunur və işgəncələrə məruz qalırlar. Onlar normal qidalanmır, lazımi tibbi yardım almırlar. Parlament Assambleyası Nazirlər Komitəsinə müraciət edərək Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində insan hüquqlarına dair Avropa Konvensiyasının həyata keçirilməsini bütün imkanlardan istifadə etməklə təmin etməyə çağırıb.

Ermənistanın bəzi vətəndaşları da azərbaycanlı əsirlərin saxlandığı və onlara işgəncə verildiyini indiyədək bəyan ediblər. Ermənistan vətəndaşı, hakimiyyətin təzyiqlərindən ABŞ-a qaçmış keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunur ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.

M.Martirosyan ifadələrində sözugedən qrup əsirlərə qarşı zorakı davranış, xüsusi ilə də erməni ordusunun nəzarətində olan, Dağlıq Qarabağdakı əsir düşərgələrində saxlanılan azərbaycanlı əsirlərə işgəncələr verilməsinə qarşı çıxışlar etdiyini, hərbi əsir düşərgələrində əzab verilmiş, bədənlərinin hissələri kəsilmiş əsirləri gördüyünü bildirib. Bununla yanaşı, o, azərbaycanlı əsirlərə qarşı vəhşiliklər barəsində fikirlərini əsaslandırmaq üçün bir sıra beynəlxalq təşkilatların məqalələri və press-relizlərini də misal çəkir.

Göründüyü kimi, Ermənistan və işğal olunmuş Dağlıq Qarabağ ərazisində azərbaycanlı əsir və girovların olması, onlara qarşı törədilmiş cinayətlər barədə Azərbaycan tərəfinin bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlara təqdim etdiyi faktlar bir daha Ermənistan vətəndaşının dilindən etiraf olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar