Harın həyat tərzi dövlətin talanması hesabına təmin olunur
Ölkənin vəziyyəti hər gün daha da ağırlaşır. Neftin qiymətdən düşməsi ölkəyə daxil olan pulun həcmini azaldıb. Təkcə ötən il ilə müqayisədə bu il 8 milyard az vəsait daxil olacaq. Digər tərəfdən əhalinin sosial vəziyyəti ağırlaşır, banklar vətəndaşı intihar həddinə çatdırır, ixtisarlar sürətlənir, əmək haqları zəruri ehtiyacları ödəmir, dövlətin xarici borcu 10 milyardlarla ölçülür və.s
Amma ölkənin sürətlə uçuruma yaxınlaşmasına baxmayaraq harın həyat tərzi keçirənlər, dövlətin milyardlarının ata malı kimi talan edənlər öz “ənənə”lərinə davam edirlər. Vətəndaş qəpik-quruşun ümidinə buraxılsa da, məmurlar öz keflərindədi.
Bir müddət əvvəl Fransa telekanallarının birində bahalı istirahət məkanları ilə bağlı veriliş hazırlanmışdı. Verilişdə jurnalist kurort şəhərindəki bir villa haqda məlumat verirdi. “Villa Del Mar” adlı bu malikanədə bir gecənin qiymətinin 30 min avro olduğu bildirilirdi. Villa sahibi yalnız onu qeyd etmişdi ki, sonuncu müştərilər Azərbaycandan olub və 12 gün istirahət ediblər. Bəli, Azərbyacandan olan müştərilər 12 günə 360 min avro pul xərcləmişdilər. O zaman da yazmışdıq ki, istirahətə bu qədər vəsaiti sadə vətəndaş, orta dərəcəli sahibkar xərcləyə bilməz.
Bugünlərdə isə “Business Insider Australia” nəşri maraqlı bir yazı dərc edib. Nəşrin yazdığına görə, hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər “başgicəlləndirici sərvətə malik” varlılar Londonun elitar mənzillərini kirayə götürməyə 100 milyon funt-sterlinqə qədər pul xərcləyir.
“EC Harris” şirkətinin məlumatına əsasən hər il avqustun əvvəllərindən sentyabrın əvvəllərinə qədər əsasən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Azərbaycandan olan ultra-zənginlər apartamentlərin qısamüddətli kirayəsi üçün 5 min funt-sterlinqdən 10 min funt-sterlinqə qədər vəsait ödəyir. Söhbət gündəlik kirayə haqqından gedir.
Əminliklə demək olar ki, bu naməlum azərbaycanlı hansısa məmur və ya məmur övladlarıdı. Çünki, bu ölkədə ultra milyanerlər sinfinə onlar daxildi. Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti gecə-gündüz müxalif fəalların istirahət etdikləri məkanlara kamera yerləşdirir, Sərkisyanın kabinetini dinləyir, Con Kerrinin otağındakı planı aşkar edir və s. Indi belə bir xəbər yayılır və bu xəbərlərdən harınlıq iyi gəlir. Yaxşı olar ki, harın məmurlara qarşı barmaq silkələyənlər, korrupsiyaya qarşı mübarizə aparanlar bu faktları da araşdırsın və harın məmurun kimliyi üzə çıxsın.
Axı ölkə başçısı dəfələrlə harın məmurlara qarşı mübarizə aparacağını bildirib və məmurlardan sadə həyat tərzi tələb edib. Üstəlik, hansısa QHT rəhbərinin hansı layihəyə görə nə qədər qrant aldığını, hansı sahibkarın ayda nə qədər qazandığını dəqiqliklə öynərilər. Belə olan halda xaricdə təkcə istitrahət üçün milyonlar xərcləyənlərin kimliyi niyə araşdırılmır. 1500-2000 manat əmək haqqı ilə milyonluq istirahəti necə təmin etmək olar?
Sadə vətəndaşın qəpik-quruşuna göz tikənlər, milyonların mənşəyini araşdırmaqda həvəsli görünmür. Əslində bu kimi faktlar bizim üçün təəccüblü deyil. Çünki, bu illər ərzində milyardlıq oğurluqların, məmurların hədsiz var-dövlətinni şahidi olmuşuq.
Sadəcə olaraq bildirmək istəyirik ki, heç bir müşavirə, heç bir tapşırıq, alovlu sərəncamlar nəticəni dəyişmir. Çünki, dövlətin sərvətini talan etmək hakimiyyətin hobbisidir. 100 minlərlə vətəndaş evsizlikdən əziyyət çəkir. Dövlətin sərvətini mənimsəyənlər isə bir gecəyə 10 min avro kirayə haqqı ödəyirlər.
Samir