Gənc qadın uşağını müalicə etdirə bilmədiyi üçün özünü asdı; Siyasilərdən ağrılı reaksiya: “O ananın ruhu qarşısında əzab çəkirəm...”
Avqustun 12-də Bakıda dəhşətli bir intihar hadisəsi barədə xəbər yayıldı. Bəlli oldu ki, Səbail Səbail rayonunun B.Sərdərov küçəsi, ev 5 ünvanında 1986-cı il təvəllüdlü Babayeva Gülnar Alim qızı özünü asaraq intihar edib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, G.Babayeva intihar etməzdən əvvəl ailəsinə məktub yazıb. O, məktubunda qeyd edib ki, ailəsinin maddi çətinlikləri və körpə övladının xəstəliyinə görə həyatına qəsd edir. Gənc ana ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini qeyd edib.
Bu dəhşətli fakt AXCP sədri Əli Kərimlini sarsıdıb. O, özünün facebook səhifəsində bununla bağlı ağrılı qeydlər paylaşıb.
“Özünü asaraq intihar etmiş Səbail rayon sakini, 29 yaşlı ananın faciəsi insanı dəhşətə gətirir. Dünəndən bu acının təsiri altındayam. Gülnar Babayeva intihar etməzdən əvvəl ailəsinə məktub yazıb. O, məktubunda qeyd edib ki, ailəsinin maddi çətinlikləri və körpə övladının xəstəliyinə görə həyatına qəsd edir. Gənc ana ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini qeyd edib.
Dostlar, indi hansı zamandır? Niyə bu varlı ölkənin gənc anası övladını müalicə etdirmək üçün heç bir imkana malik olmasın? Bu ölkənin sərvətləri bütün dünyaya səpələnmirmi? Bu ölkədən oğurlanmış milyardlar Dubaydakı villalardan Panamadakı ofşor şirkətlərə qədər bütün dünya boyu şəxsi hesablara, mülklərə yatırılmayıbmı? Hakimiyyətdə qala bilmələri üçün diktatorlara aşağı faizlə kredit verilməyibmi? Bir qrup adamın ambisiyalarını təmin etməkdən ötrü Gülnarların boğazından kəsilən pullar Parisdən Budapeştə qədər muzeylərə, heykəllərə, parklara xərclənmirmi? Dünya qarşısında pulunun çoxluğu ilə öyünən rejim elə bu yaxınlarda milyardlarla manatı Avropa Oyunları adlı 2 həftəlik şouya xərcləmədimi? Bu qədər ədalətsizlyi, bu qədər insafsızlığı, daşürəkliliyi necə edə bilirlər?
Bəs bizlər bu dəhşətli haqsızlığa necə dözürük?
Mən şəxsən bir azərbaycanlı kimi o ananın ruhu qarşısında utanıram, əzab çəkirəm - ölkəmizin bu günə düşməsinə, ölkəmizi hələ də xilas edə bilmədiyimizə, bu dəhşətli insan faciələrinə millət olaraq biganə qala bildiyimizə görə…”, - deyə Ə.Kərimli qeyd edib.
Hadisəyə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də özünün facebook səhifəsində ürək ağrısı ilə münasibət bildirib. “Of! Bu dəhşətli xəbərlərin ardı-arası kəsilmir. Nə qədər olar?!”, - deyə yazan G.Hacıbəyli ardınca hadisə barədə xəbəri əlavə edərək, üzünü Allaha tutub: “Biz hara gedirik, Allahım!”.