nın oğlu axtarışa verildi; Daha iki iri müəssisə sıradan çıxarılır
“AzMeCo” metanol zavodunu inşa edən və Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamı kimi tanınan Nizami Piriyevin oğlu Nəsib Piriyev Azərbaycan Beynəlxalq Bankı ətrafında davam edən istintaq çərçivəsində axtarışa verilib. Bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildiriblər.
nın oğlu 170 milyon kredit götürüb
Nizami Piriyevin “PNN Group” şirkəti Azərbaycan Beynəlxalq Bankından 500 milyon dollara yaxın kredit götürüb. Bu kredit Bakının Qaradağ rayonunda “AzMeCo” metanol zavodunun tikintisinə sərf edilib. Lakin zavod qısa müddət fəaliyyət göstərdikdən sonra bu ilin əvvəllərində əsas xammal-təbii qaz olmaması üzündən dayanıb. Daha sonra Beynəlxalq Bankdan kredit götürən oliqarxların həbsi kampaniyası çərçivəsində Nizami Piriyev də həbs edilərək DIN Baş Mütəşəkki Cinayətkarlıqla Mübarizə Idarəsinə aparılıb. Məhkəmə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Bu ilin mayında SOCAR Piriyevin zavodunun işə salınmasına və Rusiyadan zavoda qaz alınmasına, onun borclarının qaytarılacağına təminat verəndən, illik faiz borcu olaraq 50 milyon dolları ödəyəndən sonra iş adamı həbsdən buraxılıb. Iyun ayında metanol zavodu işini bərpa edib və 14 milyon dollarlıq metanol istehsal edərək satıb. Habelə SOCAR “Qazprom”la zavodun təbii qazla təminatına dair razılaşma əldə edib.
Bəs Piriyevin oğlunun bu anlaşmadan sonra axtarışa verilməsi anlaşmanın pozulması deməkdirmi?
Vəkil Kamandar Nəsibov virtualaz.org saytına bildirib ki, Nəsib Piriyev metanol zavodu üçün götürülmüş kreditə görə yox, tamam ayrı məsələyə görə beynəlxalq axtarışa verilib.
Vəkilin bildirdiyinə görə, Nəsib Piriyev sahibi olduğu “Azerbaican Consulting Group” (ACG) şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürüb və məhz bu kreditə görə beynəlxalq axtarışa verilib. Həmin şirkətin icraçı direktoru Elxan Yavuz isə 3 aydan çoxdur bu iş üzrə həbsdədir və “Bandotdel”də saxlanılır. Nəsib Piriyevin isə hazırda Londonda olduğu bildirilir.
Kamandar Nəsibov onu da deyib ki, Nizami Piriyev oğlunun Beynəlxalq Bankdan götürdüyü kreditlə heç bir əlaqəsinin olmadığını, onun öz biznes fəaliyyətində tam müstəqil olduğunu bildirir.
“Şəki Ipək” bağlandı; 600 nəfər işsiz qaldı
Bu arada məlumat yayılıb ki, “Şəki Ipək” ASC ipək kombinatında istehsalat tamamilə dayanıb. Müəssisənin bütün işçiləri (600 nəfərə yaxın adam) ödənilməyən məzuniyyətə göndərilib. Bundan öncə işçilərə yalnız may ayının əməkhaqqı verilib. Bu barədə Turan-a müəssisənin işçiləri bildiriblər. Onlar ASC-nin fəaliyyətinin nə zaman bərpa olunacağını bilmirlər.
Kombinat çoxdandır ki, ipək istehsal etmir, yalnız pambıq məhsullar buraxır ki, bu da Rusiya və Türkiyəyə ixrac edilir. Istehsal həcmi azalıb. Kombinat rəhbərliyindən və Iqtisadi Inkişaf Nazirliyindən şərh almaq mümkün olmayıb.
Qeyri-rəsmi məlumatlara görə, “Şəki Ipək” ASC Azərbaycan Beynəlxalq Bankı SC-nin borclularından biridir və ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyevin işi ilə bağlı olub.
Bütün bunlar göstərir ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə yeni həbslər dalğası başlayacaq. Güman ki, az sonra götürdükləri kreditləri qısa zamanda ödəmək barədə öhdəlik götürərək sərbəst buraxılan sahibkarlar da yenidən həbs olunacaq. Çünki məlumatlara görə, onlar deyilən müddətdə götürdükləri krediti ödəmək imkanında deyillər. Nümunə olaraq iş adamı Hacı Ibrahim Nehrəmlini göstərmək olar. O, sərbəst buraxılandan sonra da bir neçə dəfə “Bandotdel”ə aparılıb.
“Bank Technuqe” ASC gələn həftə müflis elan oluna bilər
Bundan başqa daha bir bankla bağlı qalmaqal gözlənilir. Söhbət “Bank Technique” ASC-dən gedir. Bu bank da Cahangir Hacıyevin nəzarətində olub. Təsadüfi deyil ki, o, Beynəlxalq Bankın rəhbərliyindən uzaqlaşdırılandan sonra “Bank Technique” ASC-yə sədr təyin olunması barədə məlumat yayıldı. Lakin son günlər yayılan məlumatlarda bildirilir ki, “Bank Technique” ASC-də də vəziyyət gərgindir. Naməlum səbəblərdən əmanətçilərin pulu qaytarılmır. Dünən isə bankın gələn həftə rəsmən müflis elan olunacağı barədə məlumat yayılıb. Strateq.az-ın “Bank Technique” ASC-yə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, bankda kredit ödənişlərindən cəlb olunan vəsait depozitlər üzrə ödəmələrə sərf olunur. Daxil olan vəsait depozitlər üzrə müraciət edən şəxslər arasında bərabər bölünərək verirlir. Artıq müştərilərə depozitlər üzrə ödənişlərin hissə-hissə qaytarılacağı bildirilib.
Bankın filallarında ixtisarlar davam etdirilir. Müdriyyət əməkdaşlara yeni iş yeri axtarmağı tövsiyyə edib.
Məlumata görə, bankın taleyinə gələn həftə aydınlıq gətiriləcək. Bank müflis olması ilə bağlı da müraciət edə bilər.
“Bank Technique” ASC-nin satılması ilə bağlı da danışıqlar aparılır. Amma hələ ki, konkret təkliflər ortada yoxdur. Bankda Mərkəzi Bankın daha bir audit yoxlaması təyin edəcəyi də istisna olunmur.
Qeyd edək ki, cari il mart ayının 10-da “Fitch” bankın reytinqlərini “Neqativ” siyahıya salıb. Agentlik bunu manatın devalvasiyasından sonra bankın kapitala olan minimum tələbi yerinə yetirməməsi ilə əlaqələndirmişdi. Bununla bağlı məlumatqa qeyd olunmuşdu ki, bu neqativ qiymətləndirmə bankın devalvasiya nəticəsində 25 milyon manat ziyana düşməsindən sonra ziyanın kompensasiya edilməsi üçün kapital yetərliliyinin olmamasına dəlalət edir.
24 iyulda isə “Fitch” beynəlxalq reytinq agentliyi “Bank Technique” ASC-nin reytinqlərini geri çağırdı. Agentlik bəyan etdi ki, bank reytinq prosesində iştirakda maraqlı deyil. “Reytinqlərin geri çağırılmasına da səbəb budur. Bununla da, ”Fitch"in bankın reytinqlərini dəstəkləmək üçün zəruri informasiyaya çıxış imkanı yoxdur".
Agentliyin açıqlamasında deyilirdi ki, “Bank Technique” ASC-nin “B-” səviyyəsində təsdiqlənən emitentin defoltu reytinqi bankın zəif kapitallaşmasını və aktivlərinin keyfiyyətini xarakterizə edir.
“Moodys” beynəlxalq reytinq agentliyi də “Bank Technique” ASC-nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.
Bütün bunlar “Bank Technique” ASC-nin xarici valyuta azarından borcların restruktisazasiyası üçün tələb olunan maliyyə vəsaiti cəlb etmək imkanlarını məhdudlaşdırıb. Digər tərəfdən neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlət investisiya layihələrinin maliyyələşməsi azalıb. Bankın əsas iri müştəriləri isə məhz dövlət sifarişli layihələrin podratçıları idilər. Bu amil də “Bank Technique” ASC üçün çox böyük zərbə olub.
Yerli vəsaitlərin cəlb olunması da mümküsüz görünür. Azərbaycanda bütün bank sektorunda ciddi problemlər olduğunu nəzərə alınsa investorların banka maraq göstərəcəyi inandırıcı görünmür. Mərkəzi Bank isə bütün siyasəti ilə göstərir ki, rəqabətə davam gətirə bilməyən bankları xilas etmək fikrindən uzaqdır.
Son məlumata görə, Ipoteka Fondunun qərarı ilə, “Bank Technique”in ipoteka krediti müştəriləri ödənişlər üçün “Caspian Development Bank”a yönləndirilib. Bundan əvvəl “Dəmirbank” və “Nikoylbank” da müvəkkil bank kimi seçilmişdi. Ipoteka krediti olan şəxslər, ödənişləri bu banklar vasitəsi də ödəyə bilirlər.
“Marja”nın xəbərinə görə, Fondda bildirilib ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulsa da, “Bank Technique” indiyə qədər bu addımı atmayıb. Bu da son nəticədə ödənişlərin birbaşa AIF-ə daxil olmasına mane olub. Buna görə də, portala qoşulmuş 3 bank vasitəsilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib.