TƏRSİNƏ YOZULMUŞ YOL-NƏQLİYYAT HADİSƏSİNİN İZİ İLƏ…

16-08-2015, 08:55   
TƏRSİNƏ YOZULMUŞ YOL-NƏQLİYYAT HADİSƏSİNİN İZİ İLƏ…
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və sui-istifadə hallarının qarşısının alınması həmişə dövlətimizin rəhbərliynin diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamı buna əyani sübutdur.
Lakin çox təəssüf hissi ilə qeyd etməliyik ki, bir çox hallarda həmin Sərəncamdan və onaqədərki qanunqüvvəli hüquqi-normativ sənədlərdən irəli gələn vəzifələr hüquq-mühafizə orqanları, yol polsi əməkdaşları tərəfindən lazımi qaydada yerinə yetirilmir. Bu müstəvidə yer alan şikayətlər KİV-ə də yol tapır.
Redaksiyamıza Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi, ev-60, mənzil-8 ünvanda yaşayan vət. Səfərov Sabit Cəmşid oğlunun şikayət ərizəsi daxil olmuşdur. Yazır ki, 12.08.2015-ci il tarixdə özünə məxsus “Mersedes E-240” markalı 90- SH-406 dövlət nömrə nişanlı avtomobillə paytaxtın Yusif Səfərov küçəsi ilə hərəkət edərkən, “Mitsubishi Pajero” markalı 90 Gz-723 nömrə nişanlı avtomaşın tərəfindən yandan vurulmuşdur. Onn sözlərinə görə, qəza şəraiti yaradan “Mitsubishi”nin sürücüsü ilk əvvəl günahlı olduğunu boynuna alsa da, hadisə yerinə gəlib baxış keçirən DYP əməkdaşı baş leytenant Müşfiq Əliyev hər ikisinin sənədlərini alıb özü ilə aparmışdır. Səfərov xeyli səy göstərdikdən sonra sənədlərini geri ala bilmişdir. Ərizədən oxuyuruq: “Müşfiq Əliyev sənədlərimlə birgə mənə hadisə barəsində tərtib etdiyi protokolu təqdim etmişdir. Həmin protokolda guya mənim manevr qaydalarını pozmağım, “Mitsubishi”nin hərəkət zolağına çıxaraq, yol-nəqliyyat hadisəsi törətməyim əksini tapmışdır. Bu nəticə ilə razılaşmadığımı protokolda qeyd etmişəm. Çünki Müşfiq Əliyevin gəldiyi qərarla İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsi ilə məsuliyyətə cəlb olunmağımı haqsız hesab edirəm…”
Baş vermiş hadisəyə dürüst ekspert rəyi verilməsini, düşdüyü maddi və mənəvi ziyanın qarşılığının ödənilməsini istəyən vət. Səfərov ərizənin ardından, redaksiyaya zəng vuraraq əlavə məlumat vermişdir ki, polis baş leytenantı M. Əliyev hadisə yerinə ekstravaqant geyimli qızla gəlmiş, üstəlik, onun protokola etirazına cavab olaraq demişdir ki, “get, kimə istəyirsən şikayət et”. Bu da polis içisinin etik davranış kodeksinə ziddir.
Xatıladaq ki, yazını əvvəlində qeyd etdiyimiz Prezident Sərəncamı ilə Daxili İşlər Nazilriyinə tapşırılan vəzifələr sırasına – hadisə yerlərinə baxışın nəticələrinin rəsmiləşdirilməsinin qanunun tələblərinə ciddi əməl edilməklə həyata keçirilməsinin təmini v s. aiddir. Həmin sərəncamla Ədliyyə və Səhiyyə nazirliklərinə müafiq olaraq YHN ekspertizalarının qanunun tələblərinə əməl edilməklə, vaxtında və obyektiv aparılmasına nəzarətin gücləndirilməsi, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbehi tədbirlərinin görülməsi tapşırılmışdır. Yenə həmin sərəncamla prokurorluq orqanlarına tövsiyə edilmişdir ki, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına nəzarətin gücləndirilməsini və aşkar olunan pozuntuların aradan qaldırılmasını, təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsin.
Düşünürük ki, hüquq-mühafizə orqanlarına bu vəzifələrini xatırlatmağımız naqolay durumda olan vətəndaş Sabit Səfərovun maddi və mənəvi zərər almasına səbəb olan YHN-nin təfərrüatlarına yenidən baxılmasına köməklik olacaq.
Nyus.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar