Zakir Həsənov orduda ciddi islahatlara start verdi

20-08-2015, 08:06   
Zakir Həsənov orduda ciddi islahatlara start verdi
Xeyli zabit cəzalandırıldı; Müdafiə Nazirliyi: “Xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib...”
Son günlər Müdafiə Nazirliyi sistemində ciddi kadr dəyişiklikləri həyata keçirilir. Yayılan məlumatlar onu göstərir ki, nazirlikdə tutduğu postdan sui-istifadə edərək qanun pozuntularına yol verən yüksək rütbəli zabitlərin işdən azad edilməsi prosesi davam edir.

Üstəlik, neqativ hallara yol verən şəxslər içərisində hətta həbs edilənlərin də olduğu artıq faktdır. Belə bir ərəfədə aznews.az işdən çıxarılan daha bir qrup yüksək vəzifəli zabitlərin siyahısını əldə edib.

Şok effekti yaradacaq həmin siyahını təqdim edirik:

1. Hərbi hava hücumlarından müdafiə qoşunlarının rəisi, polkovnik-leytenant Tofiq Abbasov;
2. Silahlı Qüvvələrin Avtomobil Xidməti rəisi, polkovnik Kamran Məlikov;
3. Silahlı Qüvvələrin Yanacaq Xidməti rəisi, polkovnik Hüseyn Vəliyev;
4. Silahlı Qüvvələrin Zirehli Tank Xidməti rəisi, polkovnik Elxan Hüseynov;
5. Silahlı Qüvvələrin Ərzaq Xidməti rəisi, polkovnik Malik Qurbanov;
6. Silahlı Qüvvələrin Raket- artileriya silahları rəisi-Maddi-texniki təminat baş idarəsinin rəis müavini, polkovnik Yaqub Əhədov.

Bunlardan başqa, Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsinin 25 nəfərə yaxın zabit heyətinin hamısı vəzifədən azad edilib. Onların əksəriyyətinə cinayət işi açılıb. 5 nəfər isə həbs edilib. İşdən azad edilənlər arasında Milli Qəhrəman, general-mayor Fəxrəddin Cəbrayılov da var (5 nəfər yüksək rütbəli zabitlərin həbsi barədə bir neçə gün əvvəl məlumat yayılmışdı).



Maraqlısı odur ki, yuxarıda adıçəkilən şəxslərin hamısı həmin vəzifələrə Zakir Həsənov nazir təyin ediləndən sonra gətirilib. Qeyd edək ki, bundan öncə nazirlikdən daha bir nəfərin qanun pozuntusuna görə işdən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilmişdi ki, bir neçə gün əvvəl Z.Həsənovun işdən azad edilən müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Qorxmaz Qarayevin xalası oğlu polkovnik-leytenant Qəhrəman Ağayev dünən nazirin əmri ilə Tikinti İşləri üzrə İdarənin rəisi vəzifəsindən azad edilib. Onun vəzifədən çıxarılmasına səbəb yol verdiyi qanun pozuntuları olub.

Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri ilə bağlı fikirlərini pia.az-la bölüşən hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, generalların vəzifədən çıxarılmasına normal yanaşmaq lazımdır: “Öncəliklə bunu qeyd edim ki, generalları Zakir Həsənov təyin etmir. Zakir Həsənovun təqdimatı əsasında ölkə başçıları Baş Komandan kimi onların vəzifəyə təyin olunması ilə bağlı qərar qəbul edirlər. Hazırda mətbuatda generalların təyin olunması, vəzifədən kənarlaşdırılması məsələsi ilə bağlı ajiotaj yayılır. Əslində isə buna çox normal yanaşmaq lazımdır.



Ona görə ki, zabit, gizir, general və ya admiralların vəzifəyə təyin olunması, yerdəyişmələr edilməsi normal haldır. Əgər həmin zabitin əməllərində hansısa cinayət tərkibi və ya nöqsan varsa, bu başqa məsələdir. Çünki vəzifələrindən çıxarılan şəxslərin bir hissəsi barədə məlumat var. Məsələn, Cəmşid Naxçıvanski adına Hərbi Litseyin rəisi, general-mayor Mirzə Almasov öz vəzifəsinə Zakir Həsənovdan da əvvəl təyin olunmuşdu. Fəxrəddin Cəbrayılov isə Zakir Həsənovun vaxtında təyin olunmuşdu. Sadəcə, bəzilərinin yerdəyişməsi həyata keçirilir, bəziləri vəzifəsindən çıxarılır. Lakin burda hansısa faciənin baş verdiyini deməzdim. İnsanlar vəzifə borclarına nizamla yanaşmırlarsa, nöqsan olubsa, bu yuxarı komandalığın səlahiyyətidir ki, onlarla bağlı müvafiq addım atsın. Onların vəzifələrinin öhdəsindən gəlib-gəlməməsi ilə bağlı Müdafiə Nazirliyi öz mövqeyini bildirsə, daha yaxşı olar”.



General-mayor Mirzə Almasov

Müdafiə Nazirliyi isə iki günlük sükutdan sonra məsələyə reaksiya verib. Nazirliyin mətbuat xidmətindən “Yeni Müsavat”ın kadr dəyişiklikləri ilə bağlı sorğusuna cavab olaraq bunları bildirdilər: “Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur. Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçulara bir neçə dəfə xəbərdar edilib. Nazirlik rəhbərliyinin cəbhə boyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək. Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik”.

Cavid TURAN/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar