Yaxud, səfalətin qeydiyyata düşməyən hissəsi
Artıq elə bir mərhələyə qədəm qoymuşuq ki, real vəziyyəti danmaq mümkün deyil. Hər addımda ölkənin düşdüyü ağır sosial-iqtisadi vəziyyət etiraf olunur. Təbii ki, normal düşüncəsi olan istənilən şəxs başa düşür ki, neftin qiymətinin 140 dollardan 50 dollara enməsi Azərbaycan iqtisadiyyatının çöküşü deməkdir. Çünki, uzun illər ərzində qeyri-neft sektoru inkişaf etdirilməyib, azad ticarətə şərait yaradılmayıb və ölkə idxalın hesabına yaşayıb. Bəli, ölkəyə daxil olan 100 milyardlarla vəsait korrupsiya layihələrinə yönəldilib və şəxsi cibləri doldurub. Paralel olaraq ölkə əhalisi sürətli borclanmaya gedib. Iri məmurların nəzarətində olan banklar ölkə əhalisinə ən yüksək faizlərlə kredit verib və beləliklə vətəndaşları bankların əsirinə çeviriblər.
Indi statistik rəqəmlər göstərir ki, ölkə əhalisinin 2.5 milyon nəfəri kreditlərin girovuna çevrilib. Ümumilikdə 23 milyard kredit verilib. Bu kreditlərin 7 milyardı istehlak kreditləridi. Hakimiyyət də başa düşür ki, vətəndaşa verilən əməkhaqqı ilə heç bir ehtiyacı ödəmək mümkün deyil. Ona görə də əmindilər ki, vətəndaş ağır şərtlərlə də olsa kredit götürəcək. Bu gün ölkədə kredit borcunu ödəyə bilmədiyinə görə intihar edənlərin sayı sürətlə artmaqdadır. Problemli kreditlərin həcmi hər ay yüksəlir. Məhkəmə çəkişmələrinin əksər hissəsi banklarla müştərilər arasında gedir.
Ölkənin və dünyanın tanınımış ekspertləri bildirirlər ki, qarşıdakı mərhələdə sosial-iqtisadi vəziyyət pisləşməyə doğru gedəcək və bu da əhalinin daha da müflisləşməsini zəruri edəcək.
Amma ölkə vətəndaşının ağır vəziyyəti təkcə rəsmi sənədlərlə ifadə olunmur. Yəni, borclu əhalinin sayı Mərkəzi Bankın qeydiyyatında olanlarla məhdudlaşmır. Bugün ölkə əhalisinin daha böyük borcu qeydiyyata düşməyən borclardı. Bəs, bu borclara nələr daxildi?
1. Şəxsiyyət vəsiqəsini girov qoyub borc alanlar; 2. Pensiya kartını girov qoyub borc götürənlər; 3. Ünvanlı sosial yardım kartını girov qoyub borc götürənlər; 4. Qarşılıqlı etimad əsasında borc götürənlər; 5. Lombarda qızıl zinyət əşyalarını girov qoyub borc götürənlər; 6. Mağazaların nisyə dəftərlərində küllü miqdarda borcu yığılanlar və.s. Yəqin ki, bu siyahını uzatmaq da olar. Bu gün ölkədə borc götürmək üçün ağlagəlməz üsullardan istifadə edilir.
Göründüyü kimi ölkə əhalisi qeydiyyata düşməyən, statistik rəqəmlərdə ifadə olunmayan borclarla mühasirəyə alınıb. Hansısa mağazaya 50 manat ət pulu, 30 manat kortof pulu, 20 manat pomidor pulu borclu olan nə qədər ailə var? Deməli, ölkədəki vəziyyət əhalini zəruri ehtiyacları ödməkdən də məhrum edib.
Bu vəziyyət həm də insanlar arasında münaqişlərin yaranmasına, ailələrin dağılmasına, cəmiyyətin nizamının pozulmasına xidmət edir. Borcu vaxtında qaytara bilməmək, ailənin zəruri ehtiyaclarını ödəmək iqtidarında olmamaq xoşagəlməz nəticələrə gətirib çıxarır.
Hakimiyyət ölkənin milyardlarını dünyaya səpir, məmurlar milyarderə çevrilir və nəticədə varlı ölkənin dilənçi vətəndaşları meydana çıxır.
Ümumi mənzərə onu göstərir ki, bu gedişatın ağır nəticələri olacaq və ölkə sosial partlayış ərəfəsindədir. Bütün bunlara baxmayaraq hakimiyyət nə kredit faizlərinin azaldılmasına, nə də ciddi böhrandan çıxış layihələri hazırlanmasına ehtiyac görür.
Bir sözlə, hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkə əhalisi rəsmi və qeyri-rəsmi formada borc bataqlığındadır. Insanlar əllərində dəyərli nə varsa, borc götürmək üçün girov qoymaq məcburiyyətindədilər. Əliyev hakimiyyətinin “analoqsuz inkişaf”ı analoqsuz yoxsulluq yaradıb.