Bu gün Zığ kəndinin sakinləri aksiya keçirib.
Musavat.com xəbər verir ki, kənd sakinlərinin aksiya keçirmələrinin səbəbi 23 ildir şirin suya həsrət qalmalıdır. İllərdir get-gələ salınan kənd sakinlərinin müraciət etmədiyi qrum qalmayıb.
Kənd sakinləri bu il Avropa Oyunlarından bir neçə gün əvvəl aksiya keçirirərək etirazlarını bildirmişdilər. Bundan sonra kəndə su çəkiləcəyinə söz verilmişdi. Belə də olub. Bu ilin iyun ayının əvəlindən kəndə su xətti çəkilib, amma çox az bir hissəsinə. Yeni çəkilən su xətti yarıda dayandırılıb. Sakinlər buna etiraz edərək yenidən kənd mərkəzində toplaşıblar.
Sakinlərlə görüşə gələn "Azərsu" ASC-nin tikinti departamentinin rəsi Səid Salayev, Zığ qəsəbə nümayəndəliyinin də Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə sakinlər arasında gərginlik yaşanıb. Səbəb Səid Salayevin ayrılan vəsaitin bitdiyini və yenidən vəsait ayrılacağı halda işlərin davam etdiriləcəyini deməsi oldu.
Sakinlər illərdir aldadıldıqlarını, verilən vədlərə inanmadıqlarını deyərək etirazlarını bildiriblər.
Səid Salayevin kənd sakinləri ilə danışığı zamanı maraqlı anlar yaşanıb. Etiraz edən sakinlərin qəzəbli olduğunu görən “Azərsu” rəsmisi ilə sakinlər arasında fərqli dialoqlar yaşanıb.
S.Salayev sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib.
Başqa bir dialoqda isə S.Salayev kənd sakininə onunla danışarkən siqareti yerə atmasını tələb edib. Kənd sakininin cavabı isə belə olub: “Niyə atmalıyam? Mənə siqaret almısan ki?”.
Etiraz aksiyası və bu zaman yaşananlarla bağlı geniş reportajı yaxın dəqiqələrdə musvat.com-dan oxuya bilərsiniz.
İlkin Muradov
Musavat.com