Bərdədə məcburi köçkünlər üçün tikilən binalara yerləşdirmə yenə narazılıq yaradıb.
Bu barədə ömrünün 22 ilini Bərdə Rayon Stadionunda yaşayan Kəlbəcər rayonundan məcburi köçkün Nəbi Əhmədov bildirib.
Nəbi Əhmədovun sözlərinə görə, Kəlbəcər rayonundan məcburi köçkün düşdükləri vaxtdan ailəsi ilə birlikdə Bərdə Rayon Stadionunda məskunlaşıblar:
“22 ildir bu ucuq-sökük binada yaşayırıq. Burada dunyaya gələn övladımız artıq səkkizinci sinifdə oxuyur. Otən il Bərdə rayonunda məcburi köçkünlər üçün tikilən binalara köçürülmə olanda sevindik ki, bizə də ev veriləcək. Amma stadionun köçürülməsi zamani Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elman İsmayılov bildirdi ki, artıq yeni binada ikiotaqli ev qalmayıb. Ailədə 3 nəfər olduğumuz üçün bizə 2 otaqlı ev düşürdü. Dedilər ki, yeni binalar hazır olanda ilk öncə bizə ev veriləcək. Biz də ümidlə daha bir il gözlədik. İyulun sonlarında isə yeni binalara köçürülmə başladı. Amma bizi nəzərə alan olmadı. Şikayətimizi bildirmək üçün isə heç kim bizi dinləmir. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elman İsmayılov və bölgüdə iştirak edənləri polis elə qoruyur ki, heç kim onlara yaxınlaşıb sözünü deyə bilmir”.
N.Əhmədovun sözlərinə görə, 1993-cü ildən Bərdə rayon Stadionunda yaşadığı rəsmi qeydiyyata alınıb:
“Artıq neçə illərdir bütün rəsmi sənədlərdə burada yaşadığımız qeyd olunur. Məcburi köçkün kimi işlətdiyimiz işıq sayğacı da stadionun ərazisi kimi qeyd olunub. Amma qəbula gedən köçkünlərə Elman İsmayılov deyib ki, bizim artıq stadionda köçürüləsi ailəmiz qalmayıb. Axı rəsmi sənədlər var, heç olmasa onları yoxlamaq lazımdır. Mən də ürək xəstəsiyəm. Dərmanlarımın pulunu belə almağa imkanım yoxdur. Heç olmasa, bunu, yaşadığımız şəraiti nəzərə alardılar”.
Məcburi köçkün Təranə Abbasova isə deyir ki, problemlə bağlı bu gün Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovu qəbulunda olublar:
“Mənim bacım Vüsalə Abbasova da burada yaşayır. Buna görə də, onlara ev verilməsi ilə bağlı müraciətlərdə iştirak etmişəm. Dünən də İlham müəllimin qəbulunda olduq. İlham müəllim də bildirdi ki, Bərdə rayon İcra Hakimiyyəti stadionda yaşayan məcburi köçkünlərin bu dəfə köçürülməsinə çalışıb. Amma icra hakimiyyətinin sözü keçərli olmayıb. Buna görə də stadionda yaşayan 6 ailənin nə zaman köçürüləcəyi müəmmalıdır. Çünki artıq mənzillərin bölgüsü ilə məşğul olan komissiya işini yekunlaşdıraraq Bərdədən gedib. Ən yaxşı halda yeni evlər tikiləndən sonra onlara ev verilə bilər”.
T.Abbasovanın sözlərinə görə, onlar nə qədər cəhd eləsələr də, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elman İsmayılovun qəbuluna düşə bilməyiblər:
“Dedilər ki, Bərdə şəhər 7 saylı məktəbdə Elman İsmayılov köçkünləri qəbul edəcək. Hamımız ora getdik. Amma polis qəbula düşməyə imkan vermədi. Kimin polisdə, “qacqınkom”un Bərdə şöbəsində adamı var idi onu qəbul edirdilər. Polislər insanları qadın, yaşlı olmasına baxmadan hətta döyürdü. Bir qadını vurub pilləkəndən saldılar. O da alındə olan su qabını sındırıb bədənini doğradı. Amma buna da məhəl qoymadılar”.
Məcburi köçkünlərin sözlərinə görə, problemləri ilə bağlı bu gün ölkə başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Baş Nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova teleqram vurublar. Hazırda teleqramın cavabını gözləyirlər.
Qeyd edək ki, hazırda Bərdə rayon stadionunda 1998-ci ilədək məskünlaşan 6 ailə var.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən də münasibət öyrəndik. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirdi ki, köçürmələr rayon icra hakimiyyətinin təqdim etdiyi siyahılar əsasında aparılıb:
“Rayon icra hakimiyyəti hansı ərazilərdə köçürülməni zəruri hesab edirsə, o ərazidə məskunlaşanların siyahısını Komitəyə təqdim edir. Komissiya da həmin ərazilərdəki yerlərə baxış keçirir, insanların orada yaşayıb-yaşamadığını araşdırır. Bundan sonra köçürmə aparılır. İndi rayon icra hakimiyyəti köçürməni biz aparmırıq deyə, yaxasını kənara çəkə bilməz. O insanlar köçürülməyibsə, demək rayon icra hakimiyyəti oranın köçürülməsini zərüri saymayıb. O ki qaldı onlara yeni evlərin verilməsinə, yəqin ki, növbəti binaların tikilməsi zamanı onlar da mərhələli şəkildə köçürüləcək”.(AzNews.az)