Valyutadəyişmə məntəqələrində durğunluq hökm sürür; ekspertlər ikinci devalvasiya ehtimalını istisna etmirlər
Dünya bazarında neftin kəskin ucuzlaşması və ölkəmizdə baş verən digər iqtisadi proseslər manatın ikinci dəfə devalvasiyaya uğraması ehtimalını gündəmə gətirib. Artıq bir neçə gündür ki, bu məsələ müzakirə olunur.
İkinci kəskin devalvasiyanın olacağı ehtimalı valyutadəyişmə məntəqələrinin də fəaliyyətinin iflic edib. Yayılan məlumatlara görə, paytaxtda bir çox valyutadəyişmə məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.
Bu sahədəki real vəziyyəti öyrənmək üçün paytaxtın “Neftçilər” metrostansiyası yaxınlığındakı valyutadəyişmə məntəqələrinə baş çəkdik. 10-dan çox valyutadəyişmə məntəqəsində olub, durumu dəyərləndirməyə çalışdıq. Məntəqələrin fəaliyyətini dayandırması faktına rast gəlməsək də, əksəriyyəti demək olar ki, boş idi. Müşahidə apardığımız valyutadəyişmə məntəqələrindən yalnız ikisində müştəri ilə rastlaşdıq. Elə valyuta satışı ilə məşğul olanlar da son zamanlar müraciətlərin sayının azaldığını qeyd etdilər.
“Exchange” işçiləri musavat.com-a bildirdilər ki, son iqtisadi proseslər əhalini yenidən gözləmə mövqeyinə keçməyə məcbur edib. İnsanlar əllərində olan vəsaiti dəyişməyə ehtiyat edirlər.
Adının çəkilməsini istənməyən valyutadəyişmə məntəqəsinin işçisi vəziyyətin çətin olduğunu, bu sahədə durğunluq yaşandığını bildirdi: “Gün ərzində az sayda alıcı gəlir. Günümüzü gözləməklə keçiririk. İnsanlar buraya ancaq böyük pulları xırdalamağa gəlirlər. Bizə də 5-10 qəpik qazanc qalır”.
Valyutadəyişmə məntəqələrində müşahidə apardığımız zaman avronun alışına üstünlük verənlərin daha çox olmasının şahidi olduq. Valyuta dəyişən vətəndaşlar bunun səbəbini Avropa ölkələrinə istirahətə getmələri ilə izah etdilər. Əllərindəki vəsaitlərlə bağlı qayğılara gəlincə, bildirdilər ki, indiki məqamda külli miqdarda valyuta alıb-satmaq risklidir. Vətəndaşlar ikinci dəfə manatın devalvasiyaya uğramasını gözlədiklərini də dedilər.
Qeyd edək ki, məntəqələrdə hazırda 1 ABŞ dollarının alışı 1,052 AZN, satışı isə 1,057 AZN-dir. 1 Avronun alışı 1,176 AZN, satışı isə 1,193 AZN təşkil edir. 1 rus rublunun alışı 0, 15 AZN, satışı 0,157 AZN-dir.
Musavat.com-a açıqlamasında valyutadəyişmə məntəqələrindəki durumu izah edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hazırda bazarda avronun alışı ilə bağlı aktivlik var və bu da istirahət mövsümü ilə bağlıdır: “Xaricə səfərlər hələ ki, bitməyib, yay mövsümi ilə əlaqədar Avropa ölkələrinə istirahətə gedənlərin sayı artıb. Səfər edənlərin əksəriyyəti avrozonaya səyahət etdiyindən, valyuta bazarında avroya tələbat hələ ki var və bu, mövsümi xarakter daşıyır. Hər zaman yay mövsümündə avroya olan tələbat artır”.
Ekspert onu da dedi ki, valyutadəyişmə məntəqələrindəki durğunluğun səbəblərindən biri də insanların gözləmə mövqeyinə keçməsidir: “Çünki qarşıda bizi hansı proseslər gözlədiyini təxmin etmək olduqca çətindir. Qonşu ölkələrin milli valyutalarında da devalvasiya gedir. Qazaxıstan valyutası ucuzlaşdı, Rusiyada rubl hər gün 1,5-2 faiz dəyər itirir, türk lirəsi də tarixində ən rekord həddə dəyər itirib. Bütün bu proseslər psixoloji faktor kimi Azərbaycanda da əhaliyə təsir göstərir, əhali gözləmə mövqeyi tutub ki, vəziyyət hansı istiqamətdə dəyişəcək. Çünki, birinci devalvasiyadan sonra ajiotaj yaşanarkən insanlar əllərində olan pul kütləsini dollara dəyişdilər. İndi isə insanların əllərində olan sərbəst pul kütləsi də azalıb, əvvəllər manatla depozitdə saxlanılan vəsaitləri dollara çeviriblər, evlərdəki nağd pul ehtiyatlarının böyük hissəsi də artıq xarici valyuta ilə saxlanır. Ona görə də əllərdə sərbəst manat kütləsi də yoxdur ki, bu əməliyyatlar sürətlənsin.
Mərkəzi Bankın son aylar apardığı siyasət də o idi ki, dövriyyədə manatın həcmini azaltmağa çalışırdılar ki, inflyasiya artmasın və dolların məzənnəsinə ciddi təsir göstərməsin. Bunun da prosesə təsiri var. İnsanlar əllərində olan dolları da manata çevirmək istəmir, gözləyirlər ki, nə zamansa manatın məzənnəsi qalxsa, daha uğurlu məzənnə ilə dəyişsinlər. Valyutadəyişmə məntəqələrindəki passivliyi bu amillərlə izah etmək olar".
Dünən isə günün sonunda valyuta ajiotajına rəsmi reaksiya verildi. Azərbaycan Mərkəzi Bank (AMB) valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərib.
APA-nın məlumata görə, AMB kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. “Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün”, - deyə məlumatda vurğulanıb.
Mərkəzi Bankın bu tələbinə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir.
Məğrur SALMANOV
Fotolar müəllifindir/musavat.com/