Bakıda yaşayış binasında qumarxana varmış... Bakıda yaşayış binasında çayxana adı altında qumarxana fəaliyyət göstərir.
Paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 17-də yaşayan sakinləri yaşadıqları binanın birinci mərtəbəsindəki bütün mənzillərin iaşə obyekti kimi icarəyə verildiyini bildirirlər. Gün boyu çayxana səs-küyündən, loto klubunda səslənən rəqəmlərin ahəngindən yuxularının ərşə çəkildiklərini qeyd edirlər.
Şikayətçilərin ANS TV-yə dediyinə görə, çayxanada mikrofonla gecə saatlarına qədər qumar oynanılır və səs bütün ətrafa yayılır.
Vəziyyətlə tanış olanda deyilənlərin həqiqətəuyğun olduğu ortaya çıxdı. Araşdırma zamanı aydın oldu ki, həqiqətən də həmin yer çayxana adı ilə fəaliyyət göstərsə də əslində orada loto kimi qumar oyunları aparılır. Özü də gecə yarısına qədər. Bu isə bina sakinlərinin ciddi narazılıqlarına səbəb olur.
Ərazi üzrə polis idarəsindən isə bildirdilər ki, qumarxana ilə bağlı onlara müraciət olunub. Lakin məktublara və müraciətlərə 10 gün ərzində baxılıb hüquqi qiymət verilir. Odur ki, yaxın zamanlarda qumarxanaya hansı qiymət veriləcəyi araşdırmalardan sonra bilinəcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 244.1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.