“Keçən ilin qışında “Qaçqınkom”dan gəlmişdilər. Binada yaşayan qaçqınları siyahıya alırdılar. Dedilər biz yuxarı çıxmırıq, siz aşağı düşün.
Hamı sənədlərini götürüb binanın həyətinə düşdü. Həyətdə burunlarını tutub oturmuşdular. Bizdən, bizim yaşayışımızdan iyrənirdilər. 15-20 ildir yaşadığımız binada 10 dəqiqə qala bilmədilər. Aralarında biri vardı, əllərini yumaq istədi, “püf” eləyib çıxdı. Bax, biz onların əl yumağa belə layiq görmədiyi evlərdə yaşayırıq…”
…Xətai rayonu, Məhəmməd Hadi küçəsi ilə Sadıqcan küçəsinin kəsişməsində bir bina var. Əvvəllər göz xəstəxanası olmuş binada indi Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Qubadlıdan olan 100-dən çox qaçqın ailəsi məskunlaşıb. Pəncərəsiz, qapısız, hamamsız, tualetsiz, üstəlik qəzalı binada yüzlərlə uşaq böyüyür.
Yuxarıda sitat kimi verdiyimiz sözləri də onlar deyir. Çoxu da adını açıqlamaq istəmir. Arqumentləri də var: “Sərt tənqid edən qaçqınlar ev bölgüsündə incidilir”.
Virtualaz.org saytının əməkdaşları həmin binaya baş çəkib, gözdən uzaq, könüldən iraq düşmüş qaçqın ailələrinin dəhşətli durumu ilə tanış olub.
Birinci mərtəbədə yaşayan hər ailənin 15-20 kvadratmetrlik bir otağı var. Taxta qapısı, pəncərəsi olan bu otaqların sakinləri ikinci, üçüncü mərtəbələrdə və binanın damında yaşayanlardan daha şanslıdır. Baxmayaraq ki, bu mərtəbədə də hamam, tualet yoxdur.
Dəhlizdə təxminən 1 mertlik “otaq” taxta qapı ilə örtülüb. Sakinlərin “hamam” adlandırdığı yarızirzəmidə həm yuyunur, həm də təbii ehtiyaclarını ödəyirlər.
“Hamam”ın kanalizasiya sistemi də işləmir. Su birbaşa zirzəmiyə tökülür. Ona görə üfunət iyi ətrafı bürüyüb. Qaçqınlar zirzəmidən otaqlara dolaşan siçovullara da alışıblar.
Bəs ikinci, üçüncü və sonradan yaradılıb məskunlaşdırılan dördüncü mərtəbədə vəziyyət necədir?
“Daha heç nədən təəccüblənmirəm”- deyə ətrafdakı olaylara laqeyd yanaşanlar bu binadakı şəraiti mütləq görməlidirlər.
İkinci mərtəbədə pəncərəli, taxta qapılı otaqlarda yalnız 11 ailə məskunlaşıb. Digərləri dəhlizdə, künclərdə qapısız-pəncərəsiz “ev” qurublar. Axşamlar pərdə qapıları aralayıb yatır, səhər pərdə qapıları örtüb geyinirlər. Məsələn, pilləkənin qarşısındakı küncdəki pərdədən çəkilmiş “evdə” 5 nəfər gecələyir.
“Evin sakini” (utandığından adının çəkilməsini istəmədi-red.) deyir ki, gecə oğlu və ərinin telefonları oğurlanıb: “Gecə oğlumun və həyat yoldaşımın telefonlarını oğurladılar. 102 xidmətinə xəbər verdik, polislər gəldi, amma tapa bilmədilər. 10 ildir bu vəziyyətdə qalırıq. Nişanlı oğlum var, ali məktəbdə oxuyur. Necə evləndirim? Gəlini hara gətirim? Mən illərdir çarpayıda yatmıram, gecələr paltarlarımı dəyişmirəm. Gəlinim bu vəziyyətdə qala bilərmi?”
İkinci mərtəbədə hamam, tualet də yoxdur. Əvvəllər iynə otağı kimi istifadə edilmiş balaca otaq yarıya bölünüb, olub “hamam”. Səhərlər qadınlar, axşam isə kişilər yuyunur.
Nailə Məmmədova adlı digər sakin deyir ki, axşamlar qadınlar həmin “hamam”ın “qapısını” – pərdəsini bağlayıb otağa çəkilirlər ki, kişilər utanmasınlar.
Üçüncü mərtəbədə də vəziyyət fərqli deyil. Pərdədən düzəldilmiş evlər, qapısız, pəncərəsiz otaqlar…
Kanalizasiya sistemi olmadığından çirkab aşağı mərtəbələrə, oradan da evlərə axır.
Binanın dördüncü mərtəbəsində, yəni damda isə vəziyyət daha dözülməzdir. Bəziləri liftlərin şaxtasını evə çevirib, bəziləri isə taxtadan otaq düzəldib.
Rasim adlı məcburi köçkün deyir ki, quş damına bənzəyən otaqlarda yayda qırın istisindən, qışda isə soyuqdan dözmək olmur. Ən dəhşətlisi isə odur ki, damın ətrafı hasarlanmayıb, xüsusilə uşaqların həyatı təhlükədədir: “Görürsünüz, hər tərəf açıqdır. Uşaqlar azca hərəkət etsələr, dördüncü mərtəbədən yıxılacaqlar. Səhərdən axşama ancaq uşaqları qorumaqla məşğuluq”.
Nailə adlı məcburi köçkün isə 6 nəfərlik ailəsi ilə… liftdə qalır: “Əvvəl aşağıda qalırdıq. Sonra bura köçdük. İki-üç kubik götürüb balaca pəncərə açdım. Liftin dəmirlərinin üstünü xalça ilə örtmüşəm. Yer betondur, ona görə də ikiqat palaz sərmişəm. O balaca otaqda gəlinimlə oğlum qalır. Burda isə mən, subay oğlum və nəvələrim yatırıq. Başqa əlacımız yoxdur. Oğlum bankdan kredit götürüb, maşın alıb. Taksi sürür, həm çörəkpulunu qazanır, həm də kredit ödəyir. Çatdıra bilmirik. Heç kim bizimlə maraqlanmır. Nə “Qaçqınkom”dan gəlib halımızı soruşan var, nə də başqa dövlət idarələrindən. Bizə ev verilməlidir. Amma bu haqda düşünən yoxdur”.
Maraqlıdır ki, taxtadan düzəldilmiş və ya dəhlizlərdə pərdə ilə örtülmüş “otaqlara” belə sayğaclar quraşdırılıb. Damın sakinlərinin hamamı olmasa da taxtadan tualet tikiblər. Hamam əvəzində isə otağa vanna qoyub yuyunurlar.
Ağdamdan köçkün düşmüş Nüşabə Əkbərova isə deyir ki, “Qaçqınkom” və Xətai Rayon İcra Hakimiyyəti onların vəziyyətindən xəbərdardır: “Mənim 67 yaşım var. Həyat yoldaşımın gözləri tutulub, I qrup əlildir. İllərdir hamam üzünə həsrətik. Bizə nə vaxt ev veriləcək, ona ömrümüz çatacaqmı? Mən niyə belə şəraitdə çimməliyəm? “Qaçqınkom”da işləyənlərin, rəhbər vəzifələrdə olanların ailəsi belə yerdə yaşayarmı? 10 ildir bizə ev verilməsini gözləyirik. Hər yad adam gələndə elə bilirik evlə bağlı xəbər gətirib. Bu binada və ətrafda təxminən 170-180 qaçqın ailəsi yaşayır. Dəhlizlərdə, damda sağlam uşaq böyüyərmi? Amma sabah onları əsgər aparmağa gələcəklər”.
…Qapıdan çıxırıq. Arxamızca çıxan xanım xahiş edir: “Qızım, birdən mənim şəkillərimi çəkib verərsiniz. Uşaqların dostları, sinif yoldaşları görər, utanarlar, pərt olarlar. Keçən dəfə qonşu Sevinci televizorda göstərdilər. Uşaqlar qızına lağ ediblər, “hamamınız yoxdu, başına bit düşüb” deyiblər. Uşaq günlərlə dərsə getmədi. Kim nə bilir necə yşayırıq. Verməyin şəklimi…”
Söz verib ayrılırıq… Ayrılırıq ki, redaksiyaya dönüb Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bu 100 ailənin taleyinə dair bir söz alaq, münasibət öyrənək. Komitənin işi isə yalnız bu oldu: sualı dinlədilər və “heç nə deyə bilmərik” deyib telefonu qapatdılar. Görünür, “Qaçqınkom”un məmurları həmin qaçqınların təkcə şəraitindən yox, bu haqda danışmaqdan da iyrənirlər…/virtualaz.org