Sabirabadda 3 ölüm

25-08-2015, 05:47   
Sabirabadda 3 ölüm
Toplam 2 manat 70 qəpik

3 gün əvvəl Sabirabadda üç nəfər dəfn edildi. Adi hadisələrdir. Ölüm hamı üçün var. Amma Sabirabaddakı bu üç ölüm hadisəsini sizə müqayisə üçün bir-bir təsvir edəcəyəm. Bunlar qanlı, ürək dağlayan və biri də sıradan, öz əcəli ilə ölən adamın hekayətidir.

Deyək ki, üçüncü şəxs öz əcəli ilə öldü, dəfn etdilər. Allah rəhmət etsin.

İkinci şəxsin hekayəti bir qədər uzundur və onu təfsilatı ilə danışmaq lazımdır.

Vurğun axşam evə qayıtmağa tələsmirdi. Ayaqları evə doğru sürüyürdü, içindəki ağır duyğu isə onu geri dartırdı. Bu gün iş tapa bilməmişdi və əliboş idi. Evdə qarın doyduracaq heç nə qalmamışdı. Hər halda, o ev onun evi idi və oraya getməli idi. .. Gəldi. Həyat yoldaşı tutqun idi. Körpə hıçqırıb ağlayırdı: “Bu gün səhərdən acdır, elə hey, sızıldayır”. Vurğun başını aşağı salladı. Həyat yoldaşı başa düşdü ki, Vurğun nə iş tapa bilib, nə də pul… Yataq otağına girib eşələndi… az sonra əlində bir neçə sarı qəpiklə geri döndü: “Burada 70 qəpikdir. Bunları tapdım. Başqa heş nə yoxdur. Bəlkə, məhəllə dükanından peçenyedən-filandan nəsə almaq olar. Uşağı kiridərdik…”. Vurğun qəpikləri ovcuna sıxıb məhəllə dükanına tərəf getdi. 70 qəpiyə heç nə yox idi. Heç nə yox idi. Nə peçenye, nə uşağı kiridə biləcək başqa bir şey. Uksus vardı. 70 qəpiyə uksusdan başqa heş nə almaq mümkün deyildi. O şüşəni aldı. Dükandan çıxıb çəpərə sıxıldı. Şüşənin ağzını açıb başına çəkdi. Şüşədəki mayeni qurtumlatdıqca, fərəh ala bilmədiyi bu dünyada qoyub getdiyi ac körpənin hıçqırıqları qulağında təkrar-təkrar sızıldamaqda idi. Son eşitdiyi səs də bu idi…körpə hıçqırığı…

Və üçüncü hekayət…

Ənvər şəhər mərkəzinə tərəf gedirdi. Bu gün iş tapmalı idi. Söz vermişdilər ki, gəl bir yerdə gedək. Günün axırında pul verəcəkdilər. Nə olsa, Allah bərəkət versin… Piyada, tələsik addımlarla gedirdi. Sanki iş söz verənlər fikrindən daşınarlarmış kimi… Yolunun üstünə köhnə tanış çıxdı. Salamlaşdı. Ənvərə qoşulub onunla birlikdə addımlamağa başladı. “Mənim pulumu nə vaxt qaytaracaqsan?”. Tamam yadından çıxmışdı. Ənvər bu tanışdan 2 manat almışdı 1 həftə əvvəl. “Bu gün axşam mütləq qaytaracam. İşə gedirəm. Axşam pulum olacaq. İndi yoxumdur”,- əlini ciblərinə doğru şappıldatdı ki, pulun olmadığını sübut etsin. “Nə pul qaldı, nə də kişilik…”. Borc sahibi Ənvərin şappıltısına əlavə etdi. Yol Ənvərin gözündə yumuldu… Təhqir eşidirdi. İkicə manata görə. Təhqir edən haqlıydımı? “Bəlkə də haqlıdır”,- düşündü. İki manat nə olan şeydi ki, onu da qaytara bilmirəm. Amma düşündüyünün əksinə olaraq bozardı. Sözü yeyə bilmədi və ağır cavab qaytardı. Atışdılar. Sözlə. Sonra Ənvərin qulağının dibindən bir yumruq gəldi. Daha sonra Ənvərin yumruğu işlədi. Bir, iki, üç… daha sonra Ənvər köksünün üstündə bir sancı hiss etdi. İlk anda elə bildi ki, bayaqkı təhqirdir, hələ indi ürəyinə işləyir. Sonra qan gördü. Ürəyinin altından axan qan üst-başını al rəngə boyadı. Hər şey 3 dəqiqə çəkdi. Bəlkə daha az. 3 dəqiqəlik qıp-qırmızı bir dünya. Dünya Ənvərin yadaşında bu rəngdə qaldı və və onu tərk etdi… Son dəqiqələrdə 3 övladının sifətini də elə bu rəngdə xatırladı. Onların da üzündən qan axırdı. Əllərini qabağa atdı. Uçub evə getmək və körpələrin üzündəki qanı silmək istədi. Bacarmadı. Yerə sərildi və öldü.

Ortancıl qız balaca qardaşını qucağına almışdı. Böyük oğlan qəmli-qəmli az əvvəl polislərin zərblə çırpdığı darvazaya tərəf baxırdı…Elə darvazaya baxa-baxa da balacalara izah etdi: Atamızı tutdular. Ənvər əmini öldürdüyünə görə”…

Sabirabadda 3 gün əvvəl üç nəfər dəfn edildi. Bu adlar isə gerçək adlardır, biz onları dəyişdirmədik.

İndi adamlar bu səbəblərdən ölməyə başlayıblar…


"Azərbaycan saatı TV"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar